Kremlin Bakıda “anti-Brüssel” əməliyyatı

Cəbhədəki əməliyyatlar və paytaxtdakı həbslərlə bağlı pərdəarxası məqamlar

Bir neçə gündür davam edən intensiv hərbi əməliyyatlar xəbəri hamını həyəcanlandırıb. Hətta o həddə qədər ki,  hökumətin bir qanadında faşizm dalğası alovlanıb. Fürsət biliblər ki, vəziyyəti obyektiv şərh etmək istəyən  siyasətçi və jurnalistləri “vətən xaini” elan etsinlər. Bu sətirlərin müəllifi də belə ittihamlarla üzləşənlərdəndir. Amma bu, bizi qətiyyən narahat etmir. Çünki həqiqəti yalnız bir formada demək olar, onu da biz deyirik. Hadisələrin əsl mahiyyətini aydınlaşdırmaq bizim işimizdir. Çünki döyüşlərdə həyatını itirənlər də bizim qanımızı daşıyan insanlardır. Azərbaycana Ermənistan ərazisindən və işğal altında olan torpaqlarımızdan olan hücumların arxasında kimlər durur? Bu və başqa suallara birlikdə cavab axtaracağıq.

Ermənistan – yalnız möhürü olan dövlət

Ermənistan barədə bir dəfə 2012-ci ilin aprelində jurnalist araşdırması etmişdim. O zaman “Azadlıq” qəzetində “Fəlakətin astanasındakı Ermənistan” başlığı ilə çap edilmişdi. Bu dövlət haqqında düşünəndə “Axırıncı aşırım” filmində Imanla Kərbəlayinin dialoqunu xatırlayıram – söhbət möhür və iştampirdən (ştamp) gedir.

Bəli, Ermənistan möhür və ştampdan ibarət bir dövlətdir. Heç bir ayrıca iqtisadi gücü, müstəqil xarici siyasəti və ikitərəfli əlaqələri olmayan inzibati ərazidir. Azərbaycan Silahlı Qüvvələrilə müqayisədə Ermənistan Silahlı Qüvvələri yox kimidir. Bunu mən canlı müşahidələrimə əsaslanaraq da deyirəm. Bütün parametrlər üzrə geridə olan bir qurumla  mübarizədə bizim itki verməyimiz sizi heç düşündürürmü? Nə cavab tapırsız?

Rusiya: Ermənistanı tam, Azərbaycanı 20 faiz…

Ermənistanda Rusiyanın iki hərbi bazası var. Qorxuya düşmək lazım deyil. O bazalarda nəinki müasir silahlar, heç öz gücünə Gürcüstandan 58-ci Şimali Qafqaz ordu qərargahına gedəcək texnikalar da yoxdur. O texnikanın hamısını  Ermənistana qatarlarla daşıyıblar. Amma bu daşıma Ermənistanın Rusiya tərəfindən tam işğalına yekun vurub. Indi Ermənistanda on minə yaxın rusiyalı hərbi qulluqçu var. Rusiya bu şəxsi heyətdən Ermənistan elitasının idarə olunması, mütəmadi təzyiq altında saxlanılması məqsədilə istifadə edir. Lazım olanda Kremlin maraqlarına uyğun olan qeyri-populyar qərarların qəbuluna nail olur. Rusiya üçün  başlıca məqsəd qətiyyən Ermənistanı qorumaq deyil, şübhəsiz və birmənalı, münaqişəyə birbaşa müdaxilə imkanı əldə etməkdir. Ermənistan əhalisi ağır sosial-iqtisadi vəziyyətə görə ölkəni tərk edir. O zaman sual yaranır ki, işğalı belə davam etdirmək bu ölkənin nəyinə lazımdır?

Əgər Azərbaycan torpaqlarının işğalı Irəvanın boşalması ilə nəticələnirsə, onda bu nə strategiyadır? Daha doğrusu, bu kimin strategiyasıdır? Açar məqam: 2012-ci ilin ortalarında erməni millət vəkilləri “Amerikanın səsi” radiosunda belə bir haray çəkmişdilər ki, Rusiya “Yaxın qonşu” adlı dövlət proqramı çərçivəsində son bir ildə (2010-cu ilin yarısından 2012-ci ilin yarısınadək) 26 min gənc erməni ailəsini ölkəsinə qəbul edib. Bu, Ermənistanı şüurlu boşaltmaq deməkdir. O zaman bizim bayaqkı sualımız dəyişir: bu, kimin strategiyasıdır? Göründüyü kimi, Moskvanın.

Moskva bizi çox istədiyindənmi Ermənistanın boşalmasını təşkil edir? Əlbəttə ki, yox. Belə olsaydı, o, Azərbaycanın qanuni ərazilərinin 20 faizini də işğal etməzdi.

O zaman məqsəd nədir?

Bu, Krımda aydın göründü. Rusiya sadəcə, bu yolla böyümək və özünə yeni poliqonlar, münaqişə ocaqları yaratmaq istəyir.

Avropa Birliyi üçün cəhənnəm yaradılır

Rusiyanın son intensiv hərbi əməliyyatlarda bir neçə xüsusi məqsədi var. Bugünlərdə bir siyasətçi həmkarımız da maraqlı analiz etdi. Dost söhbətində dedi ki, Rusiya və Ukrayna arasındakı qarşıdurma Suriya proseslərini gündəmdən çıxardığı kimi, Rusiyaya ikinci belə bir münaqişə lazımdır ki, Ukrayna ilə öz arasındakı konfliktə olan qlobal diqqət zəifləsin. Azərbaycan və Ermənistan arasındakı münaqişə  aktivləşmək üçün “hazır”dır. Bu həm də ona görə Rusiyaya sərf edir ki, Kremlin bu münaqişəyə yön vermək, lazım olsa, hər iki tərəfə silah satıb pul qazanmaq, ayrı-ayrı vaxtlarda tərəflərdən birinə üstünlük verib döyüşə həvəsləndirmək, ən pis halda isə çağırıb, ağsaqqallıq edib, atəşkəsə nail olmaq imkanları var. Bütün bunların hamısı isə Rusiyanı bölgədə təsiredici sabit faktor kimi saxlamağa xidmət etdiyi gün kimi aydındır.

Avropa Birliyi “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində növbəti hədəf kimi, Azərbaycanı öz iqtisadi siyasi məkanına daha da yaxınlaşdırmağı seçib. Gələn ilin martında  Azərbaycan Avropa Birliyi yolunda çox prinsipial addımlar atmalıdır. Bu addımlara mane olmaq üçün Kremlin tədbirlər planına çox güman ki, iki istiqamət daxildir. Birincisi,  Avropa Birliyinə inteqrasiyanı dəstəkləyən vətəndaş cəmiyyəti və siyasi partiya təmsilçilərini  zərərsizləşdirmək. Ikincisi də cəbhə xəttində yenidən intensivlik yaradaraq, bölgəni inteqrasiya üçün arzuolunmaz  vəziyyətə salmaq. Burada ən başlıca məqsəd, həm də Rusiyanın büdcə gəlirlərinin təxminən 50 faizini təşkil edən qaz bazarına zərbə olacaq Orta Asiya qazını Avropaya çıxaran  dəhlizi risk zonasına çevirməkdir.

Avropa Birliyi buna razı olacaqmı?

Rusiyanın Azərbaycanda anti-Qərb əməliyyatının nə vaxtdan başladığını demək mübahisəli olar. Amma Leyla Yunusun, Rəsul Cəfərovun həbsi ilə kulminasiyaya yaxınlaşdığını deyə bilərik. Bunun ardından cəbhə xəttindəki intensiv əməliyyatlar da bu planın tərkib hissəsidir. Diqqəti bir məqama yönəltmək lazımdır ki,  əgər Azərbaycan hakimiyyəti Rusiyadan ciddi təzyiq gözləyirsə və ya alırsa, o zaman niyə Qərblə münasibətləri yaxşı olan vətəndaş cəmiyyəti üzvlərini, siyasətçiləri hədəfə alır? Deməli, olanlar danışıqlı döyüşdür. Rusiyanın yuxarıda yazdığımız maraqları ilə Azərbaycan hökumətinin “demokratiyanın önünü kəsmək” marağı sinxronluq təşkil edir. Buna görə də cəbhədə baş verən itkilərə biganəliyin fonunda hökumət arxa cəbhədə vətəndaş cəmiyyəti ilə mübarizəsini davam etdirir. Amma Ukrayna presedenti də göstərdi ki, Qərb artıq müharibədən qorxmur. Çünki bu görüntü onlara məqsədə çatmağa mane olur. Ona görə də bu cür əsəbi provakasiyaların ciddi və davamlı nəticələr verəcəyi çox şübhəlidir.

Seymur Həzi