Bəzi adamlar hesab gününü nağıl süjeti hesab edir. Bəlkə, haqsızlıqlar boğaza dirənəndə, zülm ayaq alıb yeriyəndə inamı qoruyub saxlamaq çətindir. Amma əmin olun ki, bütün ədalətsizliklərin və pisliklərin əvəzi dönüb-dolanıb sonda insanın özünə qayıdır. Özü də, nə artıq, nə əskik, elə olduğu qədər.
“Yukos” şirkətinin sahibi Mixail Xadarkovskinin qondarma ittihamlarla həbs olunduğunu hamımız yaxşı xatırlayırıq. Bu məşhur iş adamının ən böyük günahı hər halda, Vladimir Putinin onu özünə rəqib görməsi idi. Onun 10 il həbsxanada yatızdırılmasının səbəbi də bu sayıla bilər. Buna görə onu sadəcə həbs etməklə kifayətlənmədilər, şirkətin bütün əmlakını da dövlətin xeyrinə müsadirə etdilər. Amma sonu?
Bugünlərdə Haaqa Arbitraj Məhkəməsi “Yukos” işinə görə Rusiyaya böyük məbləğdə – 50 milyard dollar həcmində cərimə kəsdi. Bəli, indi illərdir öz rəqiblərinə qarşı amansız üsullarla mübarizə aparan Putinin hesab günü, haqsız yerə 10 il həbsdə saxlanan Xadarkovski üçün isə, gec olsa belə, ədalətin zəfər günüdür.
Elə bu ərəfədə Avropa Məhkəməsi ölkənin ən nüfuzlu müxalifət liderlərindən biri olan Boris Nemtsovun işi ilə bağlı da qərar çıxarıb. Indi hökumət ona da 26 min avro və əlavə 2500 ödəməlidir. Faciənin ən böyüyü isə Avropa Birliyinin Rusiyaya qarşı razılaşdırdığı yeni sanksiyalar paketidir. Bu sanksiyalar ümumi hesablamaya görə, Rusiyaya iki ildə 100 milyard avroya başa gələ bilər.
Bax belə. Dünənə qədər Putini məğlubedilməz sərkərdə, böyük vətənpərvər kimi görənlər indi ölkənin düşəcəyi girdabın vahiməsini yaşayırlar. Heç şübhəsiz, bu hesab günü dünyada bənzər sistemlərin mövcud olduğu bütün siyasi rejimlərə aiddir. Axır-əvvəl ortaya gələn bir kitab, sorğu-sual məqamı yetişən bir haqq mühakiməsi var. Məgər bu gün yaşadığımız məmləkətdə baş verənlər də elə hər detalı ilə Rusiya ssenarisini xatırlatmırmı? Illərdən bəri davam edən və son on gün ərzində hücum yürüşünə çevrilən həbslər nə deyir sizə? Bizim hökumətin açıq və müxalif fikir söyləyən, hökumətə qarşı qəti tənqidi mövqe sərgiləyən bütün şəxslərin səsini kəsmək israrı onlardan nəylə fərqlənir ki? Yan-yörədə, qonum-qonşuda cərəyan edənlərdən görk almaq istəyən yox. Rejimin qərarları getdikcə sərtləşir. Artıq vətəndaş cəmiyyətinin inkişafı üçün son ümid işığı olaraq qalan QHT-lərin də yoluna şlaqbaum asıldı. Səbail rayon Məhkəməsinin qərarı ilə 12 qeyri-hökumət təşkilatının əmlakı üzərinə həbs qoyulması artıq durumun tam təhlükəli vəziyyət aldığından xəbər verir. Həm də bu qadağa illərdir cəmiyyətdə faydalı işlər görən təşkilatların – Intiqam Əliyevin “Hüquq Maarifçiliyi Cəmiyyəti”nin, Ənnağı Hacıbəylinin “Azərbaycan Hüquqçular Assosiasiyası”nın, Rəşid Hacılının “Media Hüququ Institutu”nun fəaliyyətinə tətbiq edilib.
Indi bizim düşdüyümüz durum gerçəkdən də ağır, dözülməz və məşəqqətlidir. Amma nə olur-olsun, həyatda çıxılmazlıq deyilən bir şey yoxdur. Insanlıq tarixi min illərdir bu əzablı yollardan keçib getməkdə, insan oğlunun azadlıq istəyindən doğan mücadilə salnamələri ilə zənginləşməkdədir. Cəsur, qorxaq, mərd, cəsarətsiz… yer üzündə azadlığı hər kəs istəyir. Lakin o, yalnız uğrunda mübarizə aparan insanlar üçün dəyərdir. Hər zülmün, ədalətsizliyin və mənəmliyin bir sonu, bir hesab günü olduğuna inanaraq, azadlıq mübarizəsi aparanlar hökmən alacaqlar onu!