Fidel Kastronun qızı 20 ildən sonra Kubaya döndü

Kuba inqilabının lideri, 1959-2008-ci illərdə ölkənin ali rəhbəri Fidel Kastonun qızı Alina Fernandes Revuelta 20 il əvvəl tərk etdiyi vətəninə geri dönüb. Rusiya mətbuatının yazdığına görə,  58 yaşlı Fernandes son illərdə yaşadığı ABŞ-ın Mayami şəhərindən “azadlıq adası”nın paytaxı Havanaya gəlib. Kastronun qızı ötən həftə insult keçirərək xəstəxanaya yerləşdirilən 88 yaşlı anası Natalya Revuelta Kleusu ziyarət edib. 

Xarici mətbuat qeyd edir ki, Fernandes Revueltanın Kubaya dönüşü kommunist rejimini qəbul etməyən milyonlarla kubalı mühacirlərin geri dönməsi üçün siqnal kimi qəbul olunur. Raul Kastronun demokratik islahatları fonunda ölkəni tərk etmiş kubalılar tədricən vətənlərinə geri dönməyə başlayıblar. 

Qeyd edək ki, Alina Fernandes Revuelta 1993-cü ildə saxta ispan vətəndaşı pasportu ilə Kubanı tərk etmişdi. Gəncliyində modellik edən komendantenin qızı atasının siyasətini daim tənqid edirdi. O, Kubaya səfəri zamanı atası ilə görüşməyib və mətbuata açıqlamsında “bizim bir-birimizə deməyə sözümüz yoxdur” – deyə bunun səbəbini açıqlayıb. Alina Fernandes Fidel Kastronun yeganə övladı deyil. İlk həyat yoldaşı Kuba liderinə Fidelito Kastro Dias-Balart adlı oğlan övladı bəxş edib. Sevgilis Daliya Soto isə ona Aleksa, Aleksandra, Alexandro, Antonio və Anxelito adlı 5 övlad doğub. Bundan başqa onun Kubada Amparo adı ilə tanınan qadından  Xorxe Anxel adlı oğlu var.