Amerikalı ekspert:”Demokratiya ən yaxşı Gürcüstanda, Ermənistanda orta, Azərbaycanda ən zəifdir”
Amerikalı analitiklər region üçün Rusiya təhlükəsindən danışıblar
ABŞ analitikləri Cənubi Qafqazda vəziyyəti diqqətlə izləyirlər və belə fikrə gəlirlər ki, Azərbaycan, Gürcüstan və Ermənistan regional inkişafa və dinc təşəbbüslərə yönəlmədirlər. Bu, vacibdir, əks halda region yenidən Rusiyanın neoimperialist təhdidlərinə məruz qalacaq.
Bu fikir Vaşinqtonda Vilson Mərkəzində keçirilən dəyirmi masada səslənib.
Kennan İnstitutunun ekspertləri Stiven Cons və Ronald Sani öz çıxışlarında qeyd ediblər ki, Rusiya bu regionda hegemonluğa can atır və öz ambisiyalarını Qərbin dünya hegemenluğuna can atması ilə izah edir.
“Cənubi Qafqaz ölkələrinin gələcəyi bir çox halda onların birgə işləmək qabiliyyətindən asılı olacaq. Bəlkə də indi yox, amma uzaq perspektivdə bu, mümkündür”, – deyə R.Sani hesab edir.
Dəyirmi masada müzakirələr regionun üç ölkəsi arasında qarşılıqlı münasibətlər, dövlət quruculuğı məsələləri, demokratiyanın vəziyyəti və iqtisadi vəziyyətin yaxşılaşdırlması ilə bağlı olub.
“Region üçün ən mühüm, ciddi məsələlərdən biri dövlət aparatının cəmiyyətə təzyiqidir. Hər üç ölkədə hökumətlər öz vətəndaşlarının fəaliyyətini və təhlükəsizliyini təmin edə bilməyiblər. Bunu hətta Gürcüstanda da edə bilmədilər. Bu, o deməkdir ki, hər üç ölkədə vəziyyət çox kövrəkdir. Orada hökumət var, amma demokratiya yoxdur. Ən yaxşı vəziyyət Gürcüstandadır, Ermənistanda ortadır, Azərbaycanda demokratiya ən zəifdir”, – deyə S.Cons bildirib.
Ekspertin fikrincə, “hökumətin üstün olduğu və ictimaiyyətdən yüksəkdə durduğu” Ermənistanda belə nüfuzlu və nisbətən cəsarətli vətəndaş cəmiyyəti var. Lakin Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin həbsi fonunda demokratiyanın saxlanmasına ümidlər çox azdır (contact.az).