Azərbaycansayağı çevrilmə

Adam yazıya hardan, necə başlayacağını da bilmir. Elə bərbad, ürəkbulandıran günlər yaşayırıq ki, indi bir köşə yazısının ilk cümləsini qaralamaq bəlkə bir romana başlamaqdan daha çətin, məşəqqətlidir. Yeri gəlmişkən, Markes müsahibələrinin birində demişdi ki, onda yazmaq həvəsini Kafkanın “Çevrilmə” əsərinin ilk cümləsi yaradıb. Həmin cümlə belədir: “Qreqor Zamza bir səhər qorxulu yuxulardan oyandığında özünü çarpayısında böyük bir böcəyə çevrilmiş gördü”.

Əgər indi – azərbaycanlıların kompyüter başında oturub sosial şəbəkələrdə, geydirmə saytlarda hər gecə işğaldan bir-iki rayon, beş-altı kənd azad etdiyi, Nirvanaya çatıb, vəcdə gəlib hətta Irəvana bayraq sancdığı, Isa bulağında kabab çəkdiyi, Cıdır düzündə yallı getdiyi, rejimin isə əslində gerçək müharibəni ölkə daxilində, öz vətəndaşlarına – fərqli, tənqidçi fikirləşən insanlara qarşı apardığı, hər gün siyasi məhbuslar siyahısının bir az da şişdiyi, Ilham Əliyevin adına vicdan dustaqlarına əfv ərizələrinin artıq iki-iki, üç-üç yazdırıldığı bu boğucu, ürəkbulandıran günlər olmasa Kafkanın o ilk cümləsinin Markesi yazıçılığa necə həvəsləndirə bildiyi adama anlamsız, gülməli görünərdi.

Amma məsələ burasındadır ki, günlərdir biz hər səhər yuxudan oyandıqda ətrafımızda, real və virtual həyatda kimlərinsə əcaib-qəraib çevrilmələrini müşahidə edirik. Düzdür, bu, əslində son 20 illik tariximiz üçün xarakterikdir, ancaq etiraf edim: mən heç vaxt bu son günlərdə olduğu qədər sarsılmadım, ağrımadım, üzülmədim. AzTV ruhunun, AzTV əxlaqının, AzTV təfəkkürünün hətta təfəkkür, düşüncə baxımından ən yaxınımızda olduğunu sandığımız insanların da beyninə, qəlbinə, düşüncəsinə belə dərindən hakim olması dəhşətli bir mənzərə yaradıb. Heç kim öyrənmək, bilmək, araşdırmaq istəmir. Heç kim “dərin üzmək” istəmir. Heç kim başını yormaq istəmir. Heç kim sualların arxasınca getməyə niyyətli, həvəsli deyil, hamı hazır cavabların dalınca qaçır. Hamı qulaqdandolma söhbətlərlə, AzTV-dən eşitdikləri ilə kifayətlənməyə hazırdır, böyük çoxluq öyrənmədən, araşdırmadan Leyla Yunusun vətəni satdığına, Zakir Həsənovun isə işğaldakı rayonları bir-bir geri qaytardığına qeyd-şərtsiz inanır. Bir sözlə, hamının içindəki gizli AzTV ruhu, AzTV təfəkkürü dışa vurub sanki. Bir çox situasiyalarda isə ağlı başında hesab etdiyimiz adamların bir çoxunun beynindən belə, AzTV fışqırırdı, yazdıqlarından və danışdıqlarından AzTV tökülür. Hə, artıq AzTV sadəcə, Sistemin sıradan bir təbliğat ruporu deyil, o artıq çoxluğun beyninə, qəlbinə, düşüncə və davranışına hopmuş mövcudluq normatividir. 

Kim bilir, bəlkə Qreqor Zamza bu son günlərdəki səhərlərin birində yuxudan oyandıqda özünün böyük bir böcəyə deyil, AzTV-yə çevrildiyini görərdi. 

Necə ki, artıq belə bir çevrilməni son bir neçə gün içində əksəriyyətdə asanlıqla görmək, müşahidə etmək mümkündür. Ətrafınıza baxın: facebook-da, küçədə, avtobusda, çayxanada, toyxanada, bir sözlə, hər yerdə, hər addımda nə qədər yeriyən, hırıldayan, gəyirən, şıllaq atan AzTV görəcəksiniz. Onlar nə olub-bitmədiyini, sadəcə yuxarıdan, kənardan basılan düymə, edilən diqtə ilə istənilən anda istənilən adamı vətən xaini də edə bilərlər, xalq qəhrəmanı da. Onlara düşünmək, araşdırmaq, öyrənmək yaddır, onlara şübhəçilik, tənqidçilik yaddır, onlara yaltaqlanmadan, yalansız, dedi-qodusuz, qeybətsiz yaşamaq, hadisələrə isə ayıq gözlə baxmaq, soyuq başla yanaşmaq yaddır. 

Hə, son günlərin mənzərəsi adamı dəhşətə gətirir, bir az ağrıdır, bir az qorxudur, bir az… bir az da, ümidsizləşdirir. Niyə də olmasın? Görmək çətindirmi ki, bizdən nə yaradıblar bu 21 ildə? Daha doğrusu, bizi nəyə çeviriblər? 

…Yazını hardan, necə başlayacağımı bilməyə-bilməyə onun sonuna yaxınlaşdım. Qoy bu yazının son sözləri elə dahi Viktor Hüqonun ölüm ayağında ikən dediyi son sözlər olsun:

“Qara bir işıq görürəm…”