Stratfor Araşdırmalar Mərkəzi Rusiyanın atacağı addımlara diqqət etməyi məsləhət görür
Cəbhə xəttindəki gərginliyin fonunda beynəlxalq təşkilatlardan gələn rəylər maraq doğurur. ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə yaxınlığı ilə tanınan Stratfor Araşdırmalar Mərkəzi yazır ki, Dağlıq Qarabağda və Azərbaycan Ermənistan sərhəddində son döyüşlər və vəziyyətin qızışmasının səbəbləri aydın deyil. Ancaq aydın olan odur ki, Dağlıq Qarabağ məsələsində ən vacib oyunçu Rusiyadır. Yalnız Rusiya Dağlıq Qarabağda vəziyyəti dəyişə bilər.
Təşkilatın təhlillərinə görə, Soçidə Azərbaycan və Ermənistan prezidentlərinin Rusiyanın dövlət başçısı ilə görüşündən sonra hazırkı vəziyyəti anlamaq üçün bu görüşlə bağlı müəyyən məqamları xüsusilə izləmək gərəkdir.
1.Son gərginlik Ermənistanın, Rusiyanın və ya Azərbaycanın bilərəkdən yeritdiyi siyasətdir, yoxsa Dağlıq Qarabağda son illərdə adiləşən atəşkəs pozunularının davamıdır ?
2.Bu yaxınlarda Rusiyaya çağırış olacaqmı ki, Dağlıq Qarabağ probleminin həllinə sülhü mühafizə qüvvələri və ya başqa şəkildə yaxından cəlb olunsun?
3.Müdafiə, enerji və iqtisadiyyatla bağlı Rusiya ilə Ermənistan və ya Rusiya ilə Azərbaycan arasında paralel danışıqlar.
4. Qafqazdakı başqa böyük oyunçuların – Türkiyənin, İranın, ABŞ-ın, Avropa Birliyinin reaksiyaları və mövqelərindəki dəyişikliklər.
Maraqlıdır ki, əslində təşkilatın toxunduğu bir çox məqam artıq özünü bürüzə verib və baş verənlərin arxasında məhz Rusiyanın dayandığını söyləmək olar. Atəşkəsin pozulmasının arxasında məhz Rusiyanın dayandığı şübhə doğurmur. Çünki atəşkəsi pozmaqla Rusiya Soçidə tərəflərə təzyiq etmək imkanı əldə etməyə çalışır. Rusiya müharibənin başlaya biləcəyi ilə bağlı Azərbaycanı hədələməklə Cənubi Qafqazdakı planlarını gerçəkləşdirməyə çalışır. Ona görə birinci məqamı təhlil etsək əminliklə söyləmək olar ki, atəşkəsin pozulması da heç də əvvəlki proseslərin davamı sayıla bilməz. Azərbaycanın Qarabağ münaqişəsində qarşı durduğu tərəf heç də Ermənistan deyil. Azərbaycan məhz Rusiya ilə üz-üzədir.
Regionun digər ölkələrinin fəaliyyətinə gəlincə isə baş verənlərə Türkiyənin reaksiyası olmalıdır. Ekspertlərin fikrincə, Türkiyə Azərbaycana qarşı baş verə biləcəklərdə susqun mövqe sərgiləməməlidir. Bu Türkiyə iqtidarı üçün ciddi problemlərə səbəb ola bilər. Türkiyə Azərbaycanın Rusiya ilə qarşıdurmasında rəsmi Bakını müdafiə etməlidir.
Xəyal