Ukrayna müharibəsi Kremlin süqutu ola bilərmi?
Şərqi Ukraynadakı qiyamçı yolkəsənlər günəbaxan tarlalarının üzərində, 30 min fut yüksəklikdə uçan Malaziya Hava Yollarına məxsus MH17 reysini qeydə alanda, onlar nəyi partlapmağa hazırlaşdıqlarını anlamırdılar. Anlamırdılar ki, onlar yüzlərlə hollandiyalı turistə od vurmağa hazırlaşırlar.
10 illər ərzində Kreml amerikalıların Qərbdə vahid blok yaratmaq səylərini avropalılar arasında “parçala, hökm sür” diplomatiyası ilə önləyə bilirdi. Buna görə də qiyamçıların partlatdığı yalnız təyyarə deyildi. Onlar Rusiyanın Brüsseldəki sanksiyalar əleyhinə uduş situasiyasını partlatdılar.
Avropalılar başqaları ilə oyun oynadıqlarını düşünməyi sevirlər. Amma həqiqət budur ki, Rusiya öz maraqlarını bir çox illər ərzində Avropa Birliyinin içindən keçən kəndirlə möhkəmcə sarımışdı. Brüssel uşaqları AB ilə qürrələnməyi xoşlayırlar. Onlar Rusiyanın onları necə barmağına doladığını, onların başını enerji, silah alveri və oliqarxlarla qatdığını etiraf etməyə utanırlar. Avropanın ağır toplarının heç biri Ukrayna müqabilində təklif edilən yağlı rüşvətlərdən imtina etməyə hazır deyildi. Məhz buna görə də sanksiyalar bu qədər yubanırdı. Rusiya Avropanın üçüncü böyük ticarət partnyorudur. Avropada rusların böyük kapital qoyuluşları var və Rusiya öz xarici ticarətinin 40 faizini Avropa ilə edir, öz qazının dörddə birini Avropaya satır, üstəlik Avropa banklarından ildə təxminən 310 milyard dollar kredit götürür. Kremlin taktikası çox sadə idi. Bu pullardan “parçala və hökm sür” siyasəti üçün faydalanmaq. Elə buna görədir ki, rus diplomatları, artıq “KQB” agentləri kimi xatırlanmırdılar. Onlar heç zaman ideologiya haqqında danışmır, hər zaman pul söhbəti edirdilər. Putinin ən yaxşı diplomatları ən yaxşı biznesmenlər kimi davranırlar. Almaniya üçün neft kəməri lazımdırmı? Lap yaxşı, biz bunu edərik, amma Berlin insan haqları söhbətlərinə bir qədər anlaşıqlı yanaşsın. Fransaya və ya İtaliyaya xüsusi hərbi və ya energetika sazişləri lazımdırmı? Lap nağıllarda olduğu kimi! Bunu təşkil edərik, amma xahiş edirik, özümüzü necə aparacağımız haqqında leksiyaları qurtarın. İstər Bolqariya olsun, istər Avstriya, istərsə də Rumıniya. Avstriyanın xoşuna gələrmi ki, boru kəməri onun ərazisndən keçsin? Lap yaxşı. Amma nəzərə alın ki, Brüsseldə də bizim sizin dəstəyinizə ehtiyacımız var. Londonun bizim sevimli oliqarxlarımızın seçimi olmasını istəyirsinizmi? Əla! O zaman ofşor maliyyə xidmətini onların üzünə açın.
Rus diplomatları, Avrozonanın xüsusilə daha zəif dövlətləri olan İtaliya, Portuqaliya, İspaniya kimi yerlərində gizli müttəfiqlər tapa bilirlər. Bu ölkələrin hökumətlərinə sadəcə, daha çox turist axını və enerji qiymətlərində daha çox endirim gərəkdir. Bunun əvəzinə onlar Rusiyaya Avropa Birliyi daxilində istənilən qulluğu göstərməyə hazırdırlar. Yalnız bunlar deyil. Rusiya diplomatları Cənub-Şərqi Avropa yaxası boyu təklif edilən “Cənub axın” boru kəmərinin marşrutu üzrə bazarlıq edərək, Avstriyadan, Yunanıstandan, Macarıstandan, İtaliyadan və Sloveniyadan Brüsseldəki oyunlar üçün dostlar almağa baş vururlar. Bu hiyləgər oyunlar Rusiya ilə qaz anlaşmaları üçün bloklar yaradılmasını dalana soxdu və Avropa ölkələri blok halında deyil, təkbətək anlaşmağa başladılar. Amma bu hoqqalar Afina və Nikosiyada misli görünməmiş uğurlar qazandı. Avropa Şurasının düşünən beyni olan Xarici Əlaqələr Komissiyası, hətta Yunanıstanı və Kipri Rusiyanın “Troya atları” adlandırmağa başladı. Afina və Nikosiya Kremlin hərbi müttəfiqinə çevrildi, paytaxt Afina ildə Rusiyadan gələn, orta hesabla, 150 milyard dolların yuyulduğu bir şəhər oldu. Və şübhəsiz, əvəzində yunan və kipr heyətləri Brüsseldə Qara Dəniz və Güney Qafqazla bağlı rus maraqlarının ifadəçisinə şevrilərək, çox zaman hətta veto hüququndan istifadə etməyə başladılar. Məsələn, Cənubi Osetiyanın, Abxaziyanın və Moldovanın mübahisəli elan edilən sərhədlərinə müşahidəçilərin göndərilməsi məsələsində olduğu kimi. Elə buna görədir ki, MH17 vurulana qədər sanksiyalarla bağlı heç nə əldə etmək mümkün olmurdu. Kremldən olan şirnikləndiricilər 3 böyük oyunçunu ayıra bilmişdilər: İngiltərə rus bankları ilə biznesini itirmək, Fransa hərbi kontraktlardan qazanacağı milyardlardan imtina etmək, Almaniya isə daxili ehtiyacının 40 faziə qədərini təşkil edən rus qazından məhrum olmaq istəmirdi. Beləliklə, böyük oğlanların dalınca balaca uşaqların, Cənubi Avropanın daha zəif dövlətlərinin (İtaliyanın liderliyi ilə) maraqları sürünürdü. Bu uşaqlar da böyük dövlətlərin Rusiya ilə intriqalarından qazanmaq istəyirdilər.
Vaşinqton Brüsselin hərəkətsizliyindən məyus olmaqda idi. Avropa siyasətçiləri Ukraynanın məruz qaldığı humanitar və geosiyasi fəlakətdən kifayət qədər mütəəssir olmamışdılar və böyük pulları itirmək istəmirdilər. Onlar Putinin məruz qoyula biləcəyi potensial sanksiyalara baxır və düşünürdülər ki, rus pullarını itirmək üçün kifayət qədər səs toplaya bilərlərmi? MH17 hər şeyi dəyişdi. Qiyamçıların bircə səhvi Putini narahat qonşudan Avropa ictimai rəyinin mühakimə etdiyi monstr durumuna atdı. Uklrayna böhranı Putin qorxusunun yeni ikonografiyasını yaratdı. Avropa siyasətçilərini qəzetlərin “Putin mənim oğlumu öldürdü” başlıqlı yazıları oyatdı. Birdən birə MH17-də yandırılanların vətəni olan Britaniya, Almaniya, Niderland üçün Putin pul şəklində təəsvvür edilmədi. Avropa siyasətçiləri öz ölkələrində öz avtoritetlərini və səslərini itirmək təhlükəsi ilə üzbəüz qaldılar. Birdən birə bütün hesablar dəyişdi. Devid Kameron üçün də, Angela Merkel üçün də Rusiyaya qarşı sanksiyalar sərfəli bir şeyə çevrildi. Qiyamçılar ABŞ diplomatlarının bacarmadığını etdilər. Bir çox aylar ərzində ABŞ diplomatları 28 Avropa ölkəsini Rusiyaya qarşı daha sərt mövqeyə inandırmaqla məşğul idilər. Hətta İngiltərə ilə də işlər ağır gedirdi və deyəsən, siyasətçilərin titrək dodaqlarını rublla satın almaq asanlaşmışdı. Amma bitdi. İndi Rusiyanın Avropa diplomatiyası MH17-nin qalıqları altında yerləşir. Bu həftə qəbul edilən sanksiyalar paketi Putinin mövqelərini möhkəmləndirən kleptokratiyaya daha bir zərbə vurdu. Rusiya iqtisadiyyatı artıq resessiyanın bir addımlığındadır. Rusiyanın dövlət banklarının Avropa maliyyə bazarlarına çıxışını məhdudlaşdıran bu addım yalnız Kremlin xəzinəsinə deyil, eyni zamanda, şirkətləri bu banklarla bağlı olan rusiyalı oliqarxların büdcəsinə ağır xəsarət yetirəcək.
Ben Yudah, politico.com