Deputat “Hafka”nın bankından danışdı

Mahir Aslanov: «Bank of Azerbaijan» dağılıb gedir, 700 milyon borcu var»

Bir müddət əvvəl rəhbərliyində dəyişikliklər aparılan “Bank of Azerbaijan”ın  kimə satılacağı məsələsi yenidən gündəmə gəlib. Mətbuatda bu yöndə yer alan məqalələrdə daha çox  bankın hazırkı Idarə Heyətinin sədri Məhəmmədəli Aslanovun atası, deputat Mahir Aslanovun adı hallandırılır.

Məsələ ilə bağlı publika.az-ın suallarını cavablandıran Mahir Aslanov bunları deyib: “Mən bank alanam? Dağılıb gedir ora. 700 milyon  borcu var. Necə alım o bankı? O bankı almaq özünü həbsxanaya salmaq deməkdir. Oğlum orada Idarə Heyətinin sədridir. Başqa yerdə işləyirdi, apardılar ora. Hərə bir şey yazır. Məni tanıyan tanıyır. Yaxşı adamdan yazarlar da. Axmaq adamdan yazmayacaqlar kı?!”

“Bank of Azerbaijan” ötən ilədək “Garant Holdinq”in tərkibində fəaliyyət göstərib. 2013-cü il yanvarın 22-dək nəqliyyat nazirinin oğlu Anar Məmmədov bankın səhmlərinin 81 faizinə sahib olub.

Bankın səhmlərini satışından sonra qurum iş adamı Hafiz Məmmədov və onun qohumlarının əlində cəmləşib. Belə ki, “Hafka” ləqəbli Hafiz Məmmədovun oğlu Kənan bankda 43 faiz, digər oğlu Sənan 43 faiz, qardaşı Mübariz 13 faiz paya sahib olub. 

2014-cü il, mayın 22-də isə bank rəhbərliyi tərəfindən keçirilən toplantının nəticəsi olaraq Hafiz Məmmədov Müşahidə Şurasının sədrliyindən, qohumları isə Müşahidə Şurasının üzvlüyündən uzaqlaşdırılıb.

Mehman Məmməd oğlu Ismayılov “Bank of Azerbaijan”ın Müşahidə Şurasının sədri, Cavid Yusif oğlu Cavadov və Araz Ismayıl oğlu Əliyev isə Müşahidə Şurasının üzvləri seçilib. 

Bankın Idarə Heyətinin yeni rəhbəri deputat Mahir Aslanovun oğlu Məhəmmədəli Aslanov təyin edilib. 

Bankın H.Məmmədovdan alındığı bildirilsə də səhmdarlar və səhmlərin bölgüsündə onların adları uzun müddət qalıb.

Daha sonra isə bank rəsmi internet ünvanını bağlayıb.