Çində uyğurlara qarşı yeni qadağa

Çinin zorakılıqlara səhnə olan Sincan regionunun şəhərlərindən birində uzun saqqallı insanların ictimai nəqliyyat vasitələrdən istifadəsinə qadağa qoyulub. Bu, əhalisinin əksəriyyətini müsəlman uyğurlar təşkil edən region sakinlərinin qəzəbinə səbəb olub.

Yeni qadağaya görə hicab və çadra kimi ənənəvi müsəlman baş örtüklü qadınların da avtobuslara minməsinə icazə verilməyəcək. Yeni qaydalar Karamay şəhərində tətbiq edilməyə başlayıb.

Dövlətin nəzarətində olan Karamay Daily bildirib ki, qaydalara yoxlama komandası nəzarət edəcək. Əgər sərnişinlər bu qadağaya əməl etməsə, onlar polisə təhvil veriləcək. Qəzet yazır ki, bu qadağa avqustun 20-də başa çatacaq idman yarışı zamanı təhlükəsizliyi təmin etmək üçün tətbiq edilir.

Etnik uyğurlar onlara qarşı nəzərdə tutulan belə qanunları dini və mədəni ayrıseçkilik hesab edir. Dünya Uyğur Konqresi və Uyğur Amerika Assosiyasiya daxil olmaqla mühacirətdə olan uyğur qruplar dərhal bu addımı pisləyərək bildirib ki, yeni qanun yalnız gərginliyin artması ilə nəticələnəcək. (amerikaninsesi.org)