“Amerikaya xoş gəldin” və “Amerikaya ölüm”

Amerika qeydləri…

İkinci yazı

Insanlar niyə oradan geri dönmək istəmirlər, nədir bu torpaqlardakı hikmət?

“Superdövlət”, “fövqəldövlət” deyilən ABŞ-ın superliyi, fövqəlliyi nədə əks olunub?

ABŞ barədə birinci yazımızı bu suallarla bitirmişdik. Çox zaman viza alarkən vətəndaşlar elə bu suallara oxşarlarına cavab verəndə özlərini dolaşdırırlar. Məsələn, adamların çoxuna elə gəlir ki, konsulun “ABŞ-a nə əcəb gedirsiniz?” sualına “ahh, bilirsinizmi, bu, mənim ən böyük arzularımdandı” deyəndə qarşısındakı riqqətə gəlir. Ancaq tərsidir, o zaman sənin qarşında daha ağır sual dayanır: “Cənab siz, milyonlarla insanın uşaqlıqdan arzusuna çevrilən, milyonlarla insanın heyranlıq simvolu olan yeri gördükdən sonra geri qayıtmağa özünüzdə cəsarət tapacağınıza əminsinizmi?”

Sizə deyim ki, o qədər də asan deyil. ABŞ imkanlar və fürsətlər ölkəsi sayılır. Bu ölkədə insanın özünü təsdiq etməsi üçün ən geniş imkanlar yaradılıb. Demokratiya və azadlıq öz bəhrəsini burada hər gün və daha çox verməkdədir. 

ABŞ-a səfərim ərəfəsində iranlı bir dostum demişdi: “Hər ”Mərg Mərg bər Amrika!” deyən adam da Amerikanı görmək istər”.

“Mərg Mərg bər Amrika!” (Amerikaya ölüm) 1979-cü il Iran Islam Inqilabı zamanı ortaya çıxan və hələ də dillərdə olan şüarlardandı. Dostumun zarafatı həqiqət payından məhrum deyil.

Bunlar ümumi sözlər və qiymətləndirmələrdi. Ona görə də bir fikri yazandan sonra çalışıb konkret misallarla ABŞ-da həyat tərzinin hansı zirvələrdə olduğunu göstərməyə çalışacağam. O fikri isə mənə iranlı bir dostum demişdi.

“Welcome to America”

Əvvəlcə gəlin, bir məsələdə razılaşaq. Bu və bundan sonra oxuyacağınız məqalə elmi əsər, dərin araşdırma məhsulu deyil, olsa-olsa, dərin müşahidədir. Üstəlik, ABŞ-ın adına fikir vermək lazımdı. 50 dövlətin (ştat) birliyindən yaranan ABŞ barədə ümumi fikirlər yazmaq, danışmaq bir az xətalıdır. Ona görə ki, ştata görə qanun-qaydalar fərqlənə bilər. Amma fundamental məsələlər əksərən eynidir.

Yarımbaşlığa çıxardığımız fikir bizim oxucuların hamısına tanışdı: “Amerikaya xoş gəlmisən!” Ancaq bu söz bəzən fərqli anlamda da işlənir. Məsələn, siz Amerikada nəsə təzə və fərqli bir şey görüb, bunu ölkənizlə tutuşdurursunuzsa (aa, bizdə heç belə deyil və ya filan cürdür), o zaman qarşınızdakı amerikalı həmişəkindən də çox təbəssümlə sizə “Welcome to America” deyə bilər. Yəni, sənə mədəni formada xatırladırlar ki, qardaşım, sən artıq Biləcəridən o tərəfdə, həm “yeni dünya”dasan.

Onlar danışmağı sevirlər…

Təbəssüm və istiqanlılıq amerikalılar üçün xarakterik əlamətlərdəndi. Bizim beynimizdə formalaşan “Qərb insanı soyuqqanlıdır” ehkamı ABŞ-da darmadağın olur. Sizə bir hekayət danışmalıyam.

Bostonda əslən türk olan amerikalı dostum Isa Belgesayla səhərlər qaçırdıq. Isanın qabağına keçən hər kəsə salam verməsini əvvəl belə başa düşdüm ki, deyəsən, dostum bu ellərdə çox populyardı. Sonra başa düşdüm ki, yox canım, burada qayda belədir. Adamlar eynən bizim kəndlərdəki kimi, qarşılaşanda salamlaşır. Həm də çox odlu-alovlu, yəni, “salaməleyküm” formasında yox, təxminən belə “nə var, nə yox, işlər necə gedir, bu gün özünü necə hiss edirsən” və s.

Amerikalılar danışmağı xoşlayırlar, hətta bir az ədəbsiz çıxmasaydı, demək olar ki, onlar çənədən sazdılar. Bir kəlmə sual verməyin kifayətdir ki, səninlə Arandan Turana qədər ən müxtəlif mövzularda söhbətə başlasınlar. Bu cəhətlərinə görə ingilis dili öyrənmək istəyənlər üçün ABŞ insanları ilə ünsiyyət münbit şəraitdir.

Gülüş…

Təbəssüm barədə bir daha ətraflı danışmalıyıq. ABŞ insanlarının daimi təbəssümü biz qaraqabaq şərqlilər üçün başadüşülməzdi. Adam bəzən düşünür ki, onlar saxtakarlıq edir. Sonra fikirləşirsən, axı sən kimsən, nəçisən ki, sənə görə superdövlətin vətəndaşı xasiyyətini dəyişsin, sənə saxta təbəssüm satsın?

Iki suala cavab verməyə çalışın.

Bir: Axırıncı dəfə nəyə ürəkdən təəccüblənib sevinmisiniz?

Iki: Hansısa rəsmi sənəd üçün foto çəkdirərkən üzünüzə verdiyiniz mimika yadınızdadımı?

Bu suallar ətrafında 1 dəqiqə düşünün, sonra qaldığınız yerdən davam edək. Cavablarını unutmayın, onlara sonda yenə qayıdacağıq.

ABŞ-da turistlər üçün müvəqqəti şəxsiyyət vəsiqəsi sayılan ID alırdım. Foto çəkdirəndə məmur mənə necə dayanmağı öyrətdi və axırda xahiş elədi: “Bəy, bir az gülümsəyin”.

Eyni hadisə “sürücülük vəsiqəsi” alarkən də baş verdi. Vəsiqə üçün şəkil çəkən məmur gülüş tələb elədi. Hamıdan bu tələb olunmur, ona görə ki, amerikalılar onsuz da həmişə gülümsəyir, gülümsəməyi həyatlarının vacib atributu sayır. Belə təklif, ancaq bizim kimi qaramatlara edilir.

Bu halla qarşılaşanda gözümün önündən film kimi yuxarıda qoyduğum suallarla bağlı cavab variantları keçdi.

Yəqin, razılaşarsınız, bizdə ən yüngültəbiət adamın da pasport, hərbi bilet və bu kimi sənəd fotolarına baxanda adamın zəhri qaralır. Zabitəli, zəhrimar dolu bir baxış, yüz faizlik rəsmiyyət!

Ancaq bu yerdə haqq üçün bir şeyi də qeyd etməliyəm. O gün bizim ASAN xidmətdə işçilərdən biri sevincək məlumat verdi: “Müəllim, bizdə də daha foto çəkdirəndə gülməyə icazə verilir”.

Gülməyə icazə verilib, buna da şükür…

Gülüşün bizdə rəsmən qadağan olunması ilə yanaşı, ağır həyatın özü də insanlarımızı çox yorub, duyğuları korşalıb, sıradan çıxıb. Gülüşümüzü saxtalaşdırıblar, əlçatmaz ediblər. Kədərimizi bol və yersiz eləyiblər.

Gülüş, təbəssüm nədi?

Müdriklərdən biri demişdi: “Yer üzündə insanlıq təbəssümün ilk görünüşü ilə bərabər başlanıb. Insanlardan əvvəl bu qara torpaq üzərində təbəssümdən əsər belə yox idi. Gülüş ancaq insana məxsusdur. Təbəssüm ruhun sağlamlığı qədər səadətin də müjdəçisidir”. 

Gülümsəyən insan uşaq saflığını qorumuş biridir.

Kədər sizdən gen gəzsin!

Ardı var…