Rəsul Cəfərov vicdan məhbusu elan olundu

Beynəlxalq təşkilatlar hüquq müdafiəçisinin həbsilə bağlı bəyanat verdi

Amnesty International hüquq müdafiəçisi Rəsul Cəfərovun həbsi ilə bağlı bəyanat verib.

“İnsan Hüquqları Klubunun təsisçisi və 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi zamanı insan haqları kampaniyasının koordinatoru Rəsul Cəfərov avqustun 2-də həbs edilib.

Eyni gün Bakı məhkəməsi ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin 213-cü (vergi ödəməkdən yayınma), 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürərək onun haqqında həbs qətimkan tədbiri seçib”, – deyə bəyanatda bildirilir.

Amnesty International Rəsul Cəfərovun insan haqları müdafiəçisi olduğuna görə cinayət itithamlarının irəli sürüldüyünü və onun ifadə və toplaşmaq azadlığı hüququndan istifadə etmək istədiyinə görə azadlıqdan məhrum edildiyini bildirib.

Amnesty International Rəsul Cəfərovun fəaliyyəti ilə haqda məlumat verərək Azərbaycan rəsmilərinin 2010-cu ildə onun qeyri-hökumət təşkilatının qeydə alınmasına imkan vermədiyini bildirib.

“O 2014-cü il iyulun 30-da daha bir tanınmış hüquq müdafiəçisi Leyla Yunusun oxşar ittihamlarla həbsinin ardınca həbs edilir. 2014-cü il mayın 26-da Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli və icraçı direktoru Bəşir Süleymanlı eyni ittihamlarla 5 il 6 ay və 3 il 6 ay müddətinə məhkum ediliblər.

Azərbaycanda müstəqil insan haqları və demokratiya tərəfdarı təşkilatları uzun zamandır təqib və məhdudiyyətlərlə qarşılaşır. Qeyri-hökumət təşkilatlarının qeydiyyata alınmaması onların başçılarının məhdud hüquqi çərçivədə fəaliyyət göstərməsindən başqa seçim qoymur, bu isə sonradan rəsmilər tərəfindən cinayət işinin qaldırılması üçün bəhanə kimi istifadə edilməsinə gətirib çıxarır. Rəsul Cəfərov son dörd ay ərzində bu əsaslarda cinayət işinin qaldırıldığı beşinci şəxsdir.

Amnesty International Rəsul Cəfərovu vicdan məhbusu hesab edir. Azərbaycanda vicdan məhbusu hesab edilən vətəndaş cəmiyyətinin başqa 20  fəalı var”, –  deyə bəyanatında bildirilir.

***

“Bu həbs tənqidi səsləri susdurmaq cəhdlərinin artmasıdır”

Tanınmış hüquq müdafiəçisi və hakimiyyətin tənqidçisi Rəsul Cəfərovun həbsi Azərbaycan hakimiyyətinin ölkədəki tənqidi səsləri susdurmaq cəhdlərinin artmasından xəbər verir. Bu barədə Human Rights Watch təşkilatının bəyanatında deyilir (contact.az).

“Azərbaycan hakimiyyəti Cəfərovu dərhal həbsdən azad etməli, bütün siyasi motivli ittihamları onun üzərindən götürməlidir. Onlar həmçinin vətəndaş cəmiyyətinin sıxışdırılmasına son qoymalıdır”, – bəyanatda qeyd olunur.

“Rəsul Cəfərov hakimiyyəti fəal tənqid edənlərdən biridir və siyasi motivli  ittihamlara məruz qalıb”, –  HRW  müavini Reyçel Denber bildirib.

“Hakimiyyət bu həbslə vətəndaş fəallarına işarə edir ki, onlar öz hüquq-müdafiə fəaliyyətlərini dayandırsınlar”, – o vurğulayıb.

Cəfərovun həbsi siyasi və vətəndaş fəallarının hakimiyyət tərəfindən görünməmiş şəkildə sıxışdırılması fonunda baş verib. Son iki ildə 10-dan çox jurnalist, bloger, hüquq nüdafiəçisi və müxalifətçi həbs olunub.

“Bütün bunlar Azərbaycanın mayın 14-dən Avropa Şurası Nazirlər Komitəsinə rəhbərlik etməsi fonunda baş verir. AŞPA üzvləri ayılmalı və Cəfərovun azadlığa buraxılmasını tələb etməlidirlər”, – Denber bildirib.

2014-cü ilin fevralında qanunvericiliyə mürtəce məhdudiyyətlər edildikdən sonra hakimiyyət vətəndaş cəmiyyətinin qərb donorlardan qrant almalarını məhdudlaşdırmaq üçün onlara metodiki və məqsədyönlü hücumlara başlayıb. Hakimiyyət hüquq müdafiəçilərinə qarşı cinayət işlərinin qaldırılması, onların vergidən yayınmaqda və qanunsuz sahibkarlıqda ittiham olunması üçün bu dəyişikliklərdən istifadə edir.