Şəhid atasından Hacıbala Abutalıbova sərt ittihamlar

Ağdamdan məcburi köçkün, şəhid atası Əli Hüseynov növbəti dəfə ölkə başçısı İlham Əliyevə müraciət edib. Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun göstərişilə Əli Hüseynova məxsus avtodayanacaq sökülüb. Həmin avtodayanacaq bələdiyyə qərarı əsasında şəhid atasına verilib. Əli Hüseynovun sözlərinə görə, avtodayanacaq 15 il imiş ki, fəaliyyət göstərirmiş. “Bələdiyyə qərarının olmasına baxmayaraq Hacıbala Abutalıbovun göstərişilə avtodayanacağı söküblər. İndi heç kim izahat vermir ki, bu məsələnin axırı necə olacaq”, – deyə Əli Hüseynov bildirib.

Şəhid atası bundan əvvəl də ölkə başçısına müraciət edib. O, hətta Hacıbala Abutalıbovun qanunsuzluğu ilə bağlı İlham Əliyevə fotofakt da təqdim edib. Lakin hələ problem həllini tapmayıb.

Əli Hüseynov bu dəfəki müraciətində Hacıbala Abutalıbovun sərt ittiham edib: “Hacıbala Abutalıbov şəhid ailəsi nədir bilmir. Ötən dəfə yazmışdım, bu dəfə yazıram. Çünki onun oğlu Qarabağ uğrunda döyüşməyə yox, Suriyada döyüşməyə hazırdır və orada döyüşənlərə yardım edir. Elə ona görə də məsuliyyətdən yaxa qurtarmaq üçün ölkədən qaçıb. Hər halda mətbuatda bu barədə dəfələrlə yazılıb və Hacıbala Abutalıbov da yazılanların əksini sübut edə bilməyib. 

Hacıbala Abutalıbov qanunsuz obyektləri qoyub, qərarla mənə verilmiş avtodayanacağı yerlə yeksan edir. Bu azmış kimi heç baş verənlərə izahat da vermək istəmir. Bu qanunları tapdalamaq, ölkə başçısını saymamaq deməkdir.

Cənab prezident, mən ötən dəfə Hacıbala Abutalıbovun qanunsuz əməllərilə bağlı sizə fotofakt təqdim etmişdim. Belə faktlar məndə çoxdu. Sizi and verirəm Allaha məni qəbul edin, həmin faktları sizə təqdim edim”.