Raketlərin sayı ilə lovğalanmaq hərbçi təfəkkürü deyil

3 günlük hərbi əməliyyatlardan dərs çıxarmayanlar üçün əlavə dərs

Allaha şükür ki, nəhayət müdafiə naziri də döyüşlərin 3 gün ərzində davam etdiyini təsdiqlədi. Amma sual olunur ki, ermənilər qüdrətli, ən müasir hərbi texnika və silahlarla təchiz olunmuş, ən yüksək səviyyədə təlim görmüş, ən yüksək səviyyədə döyüş qabiliyyətinə sahib olan ordu ilə 3 gün ərzində necə savaşa bilirlər? (Axı, son 10 ildə Azərbaycan ordusunu bu cür təqdim edirdilər və təəssüf ki, sadəcə təqdim edirdilər, amma bu ordunu gücləndirmək üçün əllərini ağdan qaraya vurmurdular).

O raketlərin qiymətini bilirsinizmi?

Ola bilsin, nazirin bu cür məsələlərdən məlumatı yoxdur, buna görə də mən ona xatırladaram. Bu gün ordu, yaxud onun mühüm təırkib hissəsi tam döyüş hazırlığı vəziyyətindədir. Hərbçilər nə demək istədiyimi anlayırlar və bilirlər ki, tam döyüş hazırlığı nə deməkdir. Bu, hərbi dildə dəqiqəlik hazırlıq deməkdir. Texnikanın, silahlanmanın və şəxsi heyətin tam komplekti. Bu şəraitdə düşmənin 3 gün hücumları davam etdirməsi necə mümkün ola bilər ki? Mən 20 ildir bu barədə yazıram və deyirəm: sizin atəş sisteminiz hardadır? Hərbi hissələrin tələb olunan döyüş hazırlığı, 3 gün ərzində deyil, ən qısa müddətdə düşməni, onun atəş nöqtələrini, mövqelərini, yedək qüvvələrini məhv etməli olan döyüş hazırlığı harada qaldı? Nə üçün, artıq hərbi əməliyyatlar başlayandan sonra qüvvələrin və texniki imkanların haradansa harayasa atılması, yerdəyişməsi xaosu başlayır? Bütün bu 20 il ərzində bütün zəruri istiqamətlər üzrə bu yerdəyişmələri başa çatdırmaq mümkün deyildimi? Bəs sizin kəşfiyyatınız, bizim və düşmənimizin qüvvələrinin qiymətləndirilməsi bilgiləriniz haradadır? Siz camaatla məzələnirsinizmi, yoxsa harada və nə qədər adamın öləcəyini müəyyənləşdirmək kimi bir haqqa sahibsiniz? Ölənlərin, hətta sizin deyil, başqalarının övladları olduğunu nəzərə alsaq belə! 20 il ərzində sizin hazırladığınız ordu budurmu ki, müdafiədə olduğunuz halda düşmənin 3 gün davam edən hücumlarına əməlli-başlı cavab verməyə də qüdrətiniz çatmayıb? Demək ki, bütün bu illər ərzində camaatın qulağını doldurmaqla mşğul olmusunuz, sadəcə! Amma bütün bu illər ərzində biz hərb elminin incəlikləri ilə yazdıq, söylədik ki, hansı təxirəsalınmaz tədbirlər görülməlidir ki, nahaq itkilər olmasın və ordunun döyüş hazırlığı düşməni nəinki məhv edəcək, hətta çəkindirəcək səviyyədə olsun. Şəxsən mən, yüzlərlə dəfə bu zəruri qeydləri etmişəm. Bu cür hallarda düşməni bir neçə saat ərzində məhv etməyə və onu hətta özünün dövlət sərhədlərinə qədər qovmağa hazır olan mobil hərbi ehtiyatlar haradadır? Siz bu gün də adamları aldatmağa üstünlük verir, özünüzün populist KİV-ləriniz vasitəsilə düşmən tərəfə raket atəşlərinin atıldığı, öldürücü atəşlər, düşmənin külli miqdarda itkiləri haqqında yalanlar uydurmaqdasınız, bu zamana qədər baş vermiş cinayətkarcasına məsuliyyətsizliyin altından çıxmağa çalışırsınız. Mən üzü o tərəfə atılmş mərmilərin miqdarını təsəvvür edirəm. Bu, milyonlarla pul deməkdir. Təbii bir sual meydana çıxır – bu müdhiş atəşlərin, raket yağışlarının nəticəsində düşmənin itkiləri, onun əvvəlki mövqelərindən neçə metr o tərəfə atıldığı barədə, hansı düşmən mövqelərinin bizim ordunun nəzarətinə keçdiyi, hansı yaşayış məntəqlərinin geri alındığı barədə hesabat verə bilərsinizmi? Yoxsa, bu əməliyyatlar üçün sizə komanda vermədilər? Yoxa, siz özünüz bu əməliyyatlara girişmək istəmədiniz? Daha bir məntiqi sual doğur ki, o halda bu qədər mərmini havaya tullamağa nə ehtiyac vardı ki? Sadəcə ona görəmi ki, müdafiə naziri özünün zəhmli komandan obrazını düzəltmək istəyir? Bu qədər hərbi sursatı, raketi sərf etməyə dəyən bir nəticə varmı? Ola bilsin, işin içində olmayanlar özləri üçün kəsdirə bilməsinlər, amma biz yaxşı bilirik ki, sizin sadaladığınız və havaya tulladığınız o artilleriyanın, özəlliklə də reaktiv artilleriyanın yetişmə məsafəsində bizim o qədər zərbə endirəcəyimiz hədəflər yoxdur axı. Qarabağ münaqişə radiusunda bu reaktiv artilleriya qurğuları ilə vura biləcəyiniz obyektlər yoxdur. Bu obyektlər daha qərbdə, Ermənistan ərazisindədir. Siz orada hansısa obyektləri vurub sıradan çıxara bildinizmi ki, bu qədər raket havayı, boş-boşuna uçub getməsin?

Millət üçün faydalı olmaq istəyirsinizsə, qulaq asın

Mən bir daha təkrar edirəm və sizə izah etməyə çalışıram ki, ordu üçün, millət üçün, dövlət üçün nəsə bir faydanız olsun. Sizə deyəcəklərimizi öz sahibinizdən, şefinizdən tələb edin. (Onu indi ölkədə hər şeyin sahibi elan ediblər). Təcili olaraq, orduda islahatlar aparılması üçün icazə tələb edin. Ordunu, ən azı iki dəfə ixtisar edin. Ön cəbhədə olan bütün əsgərləri, son nəfərinə qədər, təlim düşərgələrinə, poliqonlara aparın. Oralarda təlim mərkəzləri qurun- bu təcrübəni NATO-dan, Türkiyə ordusundan əxz edə bilərsiniz. Şəxsi heyətin 70-80 faizini, təcili olaraq, peşəkar ordu ilə əvəz edin. Bütün arxa xidməti – təchizat işlərini alternativ xidmətə həvalə edin. Təminatlı müqavilə əsasında əsasında, təma xətti boyunca yerli sakinləri xidmətə cəlb etməyə çalışın. 1,5-2 aylıq müddətə hərbi toplanış elan edin, bu toplanışlarda hərbi təlim keçdiyiniz adamların hesabına, müharibə ehtimalı üçün strateji ehtiyat yaradın. Hər hansı müharibə ehtimalı üçün ölkə əhalisinin 20 faizinin cəlb ediləcəyi qədər ehtiyat hazırlayın. Bu, çox böyük bir ehtiyyatdır, amma onları tədricən hazırlamaq lazımdır. Bu təmas xətti boyunca aktiv və passiv zonalar vardır. Aktiv zonalar o yerlərdir ki, oralarda atəşkəs daha tez-tez pozulur və biz daha çox itki veririk. Bu zonalarda peşəkarlardan istifadə edin. Bütün hallarda isə, şəxsi heyət bu təmas zonalarında 10-15 gündən artıq qalmamalıdır. Postlarda xidmət edənlərin müntəzəm olaraq dəyişdirilməsinin mexanizmini işləyib hazırlamaq lazımdır. Post xidməti üzrə peşəkarlaşmış qüvvələrin eyni nöqtələrdə deyil, bütün təmas zonası boyu yerdəyişməsini təmin etmək lazımdır. İnsanlar bütün təmas xətti boyu əməliyyatlara hazır olmaq üçün bu zonalarda obyektlərlə, relyeflə, mövqelərlə tanış olmalıdır. B u olduqca vacibdir. Bu məqsədlər üçün milisin, daxili qoşunların, sərhəd xidmətinin də istifadə edilməsi vacibdir. Bu, bütün ölkənin hərbə hazır olması, silahdan necə istifadə edilməsini bilməsi üçün, müharibə ovqatı ilə nəfəs ala bilməsi üçün zəruridir. Ordu- şəxsi heyətin 100 faizi, ştat texnikası və silah sursatla birlikdə poliqonlarda təlim keçməli, hərb işinin əlifbasını öyrənməli, müharibəyə hazırlaşmalıdır. Sizi əmin edirəm ki, bu cür ordu ilə siz hər şeyı nail olarsınız. Düşməni hətta dişləri lə didməyə hazır olan bir ordu əldə edərsiniz! Hərbi hazırlıq keçmədən, 24 saatını postda boş-bekar keçirən əsgər əsgər deyil, sadəcə canlı meyitdir, hədəfdir və bunu son hadisələr də təsdiq edir.

Bu nəsihət deyil, sadəcə, belə olmalıdır

Sadaladıqlarımn havadan götürülmüş öyüd-nəsihət deyil. Öz təcürbəmdə sınaqdan keçirdiyim və hərb işinin məntiqinə tamamilə uyğun olan təlim prosesidir. Xüsusi diqqət və proqram üzrə hazırlanan ehtiyat qüvvələrin hansı möcüzələr yaratdığını öz təcürbəmdə görmüşəm. Bu, əslində, möcüzə də deyil. Təlim görmüş ordu ilə təlim görməmiş ordunun fərqi bunu möcüzə kimi qavradır. Orduya təlim keçin və onu nəzərdə tutulan müqəddəs məqsəd naminə hazırlayın. Vəssəlam Sizdən bundan artıq heç nə tələb olunmur. Boş-boşuna havaya uçurulan raketlərin sayı ilə qürrələnmək isə müharibə işinə dəxli olmayan mənasız lovğalıqdır.

İsa Sadıqov (istefada olsa da, hər halda, polkovnik)