“Gözlərimin qarşısında günü-gündən əriyən, artıq yerimə qabiliyyətini də itirən oğlumun bu halına necə dözüm?”
Hərbi hissənin mayoru pulsuzluqdan Türkiyədəki müalicəni yarımçıq dayandırıb
Azərbaycan Ordusunun mayoru Rəşid Məmmədov ağır xəstəlikdən əziyyət çəksə də, müalicə olunmağa pul tapmır. Tovuzdakı N saylı hərbi hissənin mayoru olan Rəşid Məmmədovun acınacaqlı durumu ilə əlaqədar anası Səriyyə xanım media vasitəsilə müraciət edərək, müvafiq qurumlardan kömək istəyir:
“Sizə həyatının 20 ilini Azərbaycan Silahlı Qüvvələrinə xidmətdə keçirən və xidmətinin 80 faizini cəbhə bölgəsində olan oğlum Rəşid Nəbi oğlu Məmmədovun düçar olduğu ağır xəstəliyinə kömək məqsədilə müraciət etmək qərarına gəldim. Bir ana olaraq, səsimin eşidilməsinə, ölkə prezidentinə, bu işə aidiyyəti olan qurumlara çatdırılmasına kömək etməyinizi xahiş edirəm. Məlumat üçün deyim ki, oğlum, 1974-cü il təvəllüdlü Rəşid Məmmədov 1995-1999-cu illərdə Bakı Ali Hərbi Dənizçilik Akademiyasında təhsil alıb. 1994-cü ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edir. Tovuz rayonunun N saylı hərbi hissənin mayorudur. 2013-cü ilin sentyabr ayında səhhətində yaranmış problemlə əlaqədar Bakıda Hərbi Hospitalda müayinə keçib və ona myeloma (xərçəng) diaqnozu qoyulub. Hospitalda müayinə kursu keçdikdən sonra dövlət xətti ilə Türkiyənin Gülhanə Hərbi Xəstəxanasına göndərilib. Həmin xəstəxanada 2 aya yaxın müalicə olunsa da, kurs başa çatmamış maliyyə vəsaitinin bitdiyi əsas gətirilərək geri çağırılıb. Baxmayaraq ki, kurs tam başa çatdırılmalı və təxminən 1 ay fasilədən sonra ilik köçürmə mərhələsi olmalı idi. Bunların heç biri olmadı, çünki dövlət tərəfindən maliyyə vəsaiti ödənilmədi. Üstəlik, hərbçi olduğu və ölkədən gedib-gəlməsi xüsusi icazə ilə olduğu üçün müalicəni öz hesabımıza da başa çatdıra bilmədik. Bəs biz neyləyək? Mən yox, siz deyin! Ağrıların şiddətindən bir dəqiqə belə gözünü yuma bilməyən, gözlərimin qarşısında günü-gündən əriyən, artıq yerimə qabiliyyətini də itirən oğlumun bu halına necə dözüm?
Hörmətli jurnalistlər, ümid edirəm ki, bu məsələyə həssaslıq göstərəcək, himayəsində 7 yaşlı balası olan oğlum Rəşidin sağalması üçün, bir ana olaraq fəryadıma, ah-naləmə müsbət cavab verilməsi üçün köməyinizi əsirgəməyəcəksiniz”.



