Zəkəriyyə Bağışov: “Oğlum intihar etməyib, onu öldürəndən sonra gətirib asıblar”
Yardımlı sakini Zəkəriyyə Bağışovun oğlu Xalid Bağırov bu il iyulun 7-də Gədəbəyin Zəhmət kəndində yaşadığı evin həyətindəki tikilidə ölü tapılıb. Hadisədən sonra faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb, istintaq davam edir. Amma mərhumun yaxınları Xalid Bağırovun özünə qəsd etdiyinə inanmır. Elə Zəkəriyyə Bağışovun “Azadlıq”a göndərdiyi şikayət məktubunda da bundan bəhs olunur. Ata əminliklə deyir ki, oğlunu qətlə yetiriblər. Sadəcə, işin üstünü ört-basdır eləmək məqsədilə intihar görüntüsü yaradıblar. Qeyd edək ki, Xalid Bağışovun meyiti asılmış vəziyyətdə aşkarlanıb.
Zəkəriyyə Bağışov şübhələrini belə əsaslandırır: “Oğlumun asıldığı tikili təxminən 1 metr 50 santimetr hündürlüyündə olar, Xalidin isə boyu 1 metr 70 santimetr olub. O, özünü orada asa bilməzdi. Oğlum intihara meylli adam da olmayıb. Onu öldürüb, sonra da həmin yerdən asıblar. Xalidin meyiti üzərində olan xəsarət, qançır, yara, zədə və zərbə izləri onun döyülərək öldürüldüyünə əsaslı sübutdur. İlk baxışda ekspertizaya da aydın olmalıdır ki, bu, açıq-aşkar qətl hadisəsidir. Meyitin üzərində çoxsaylı zorakılıq əlamətləri, xəsarət və yarıqların olmasını onu yuyan və dəfn edən şəxslər də təsdiqləyə bilər. Oğlumun üzərində intihara xas heç bir əlamət aşkar olunmayıb. Bütün əlamətlər göstərir ki, Xalidi qəsdən öldürüblər. Oğlumun və həyat yoldaşının mobil telefonları iyulun 9-da hadisə yerində olan Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən götürülüb. Telefonlar yalnız 22 iyulda müstəntiq Emin Abbasova təhvil verilib.
İşin istintaqını aparan müstəntiq Emin Abbasov hadisəni intihar kimi qiymətləndirib. Bununla da cinayət hadisəsi ört-basdır olunur. Buna bənzər hadisə bir müddət əvvəl də Zəhmət kəndində baş vermişdi. O zaman da qətl hadisəsi intihar kimi təqdim edilərək, işə xitam verilmişdi. Mən narahatam ki, oğlumun qətlini də ört-basdır etmək üçün ona intihar adıyla xitam verərlər”.
Zəkəriyyə Bağışov oğlunun ölümü ilə bağlı işin obyektiv araşdırılması, onun ölümündə əli olanların cinayət məsuliyyətindən kənarda qalmaması üçün hüquq-mühafizə oqanlarının rəhbərlərinə də müraciət edib. Ata işin Gədəbəy rayon prokurorluğundan alınıb başqa bir qurumda araşdırılmasını istəyir: “Oğlumun qatillərinin tezliklə tutularaq ədalət məhkəməsi qarşısına çıxarılmasını xahiş edirəm”.
Zəkəriyyə Bağışov oğlunun ölümündə Xalidin aşbaz-kassir işlədiyi kafenin rəhbəri və onun qardaşlarının əli olduğunu iddia edir. Onun sözlərinə görə, oğlu insan alverilə bağlı müəyyən məsələlərə etiraz etdiyi üçün kafe rəhbərliyilə onun arasında narazılıq yaranıb. Hətta ölümündən iki gün əvvəl kafedə oğlunu möhkəm döyüblərmiş.
Zəkəriyyə Bağışovun məktubda yazdıqlarına prokurorluğun da münasibətini öyrəndik. Baş Prokurorluğun mətbuat xidməti rəhbəri Eldar Sultanov bildirdi ki, Gədəbəy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə başlanmış cinayət işi üzrə istintaq aparılır və ekspertiza təyin edilib: “Hazırda qeyd edilən cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir. Xalid Bağışovun Mehman Əliyev və qardaşları tərəfindən qəsdən öldürülməsilə bağlı hazırkı vaxtadək istintaqa hər hansı müraciət edilməyib. Bu barədə ilk dəfədir ki, mətbuat vasitəsilə məlumat verilir. Zəkəriyyə Bağışov oğlunun Mehman Əliyev və digərləri tərəfindən öldürüldüyünü iddia edirsə, bu barədə dərhal rayon prokurorluğuna məlumat verməlidir”.
Sosial şöbə