Orduya dəstəyimiz birmənalıdır, hakimiyyətə isə suallarımız var

Xalqımızı aldatmağa hesablanmış əttökən yalanlara etiraz edirəm

Hər bir əsgərimizin, zabitimizin şəhid olması şübhəsiz ki, bütün vicdanlı həmvətənlərimiz üçün dəhşətli acıdır. Allah onlara rəhmət eləsin. Nə qədər çalışsaq da, şəhid ailələrinin hüznünü təsəvvür edə bilmərik. Atasız qalmış şəhid övladları üçün, oğul itirmiş ata, ana üçün bu acı bütün həyatları boyu davam edəcək. Onlara təsəlli yalnız torpaqlarımızın işğaldan azad edilməsi ola bilər. Onların kədərini paylaşırıq. İndi onlar bizim hamımızın əziz adamlarıdır.

Ordumuza, əsgər və zabitlərimizə dəstəyimiz tam və birmənalıdır. Bir zamanlar – nizami ordumuz hələ formalaşmadığı vaxtlarda vətən torpaqlarını əksəriyyəti AXC üzvləri olmuş könüllülər qoruyub. Ermənistanla savaşda AXC öz sıralarından minlərlə şəhid verib. Özləri şəxsən səngərlərdə vətən torpağının keşiyində dayanmış insanlar hər bir halda həmin savaş zamanı fərarilik etmişlərdən daha yaxşı dəyər verə bilər əsgər və zabitlərimizə. Əminliklə deyirəm ki, nə zamansa Qarabağı azad etmək üçün böyük savaş başlasa, yenidən minlərlə cəbhəçi könüllü olaraq orduya yazılacaq. Artıq gənclərimizdən hərbi komissarlıqlara müraciət edənlər var. Bu vətən də, onun uğrunda gedən savaş da, şəhidlər də bizimdir. Ona görə də bizim etiraz etmək, suallar vermək haqqımız var.

Yazmışdım ki, necə olur, bizə, ölkə ictimaiyyətinə deyirsiz hücum edən ermənilərdir, amma dünya ictimaiyyətinə bu barədə heç nə demirsiz? Xarici İşlər Nazirliyimiz, dövlət rəhbərliyi niyə susur? Həm bizim balalar şəhid olur, həm də ermənilər bütün dünyaya hay salıblar ki, hücum edən, atəşkəsi pozan Azərbaycan tərəfidir. Nəhayət, əməliyyatlar başlayandan 4 gün sonra Xarici İşlər Nazirliyimiz sükutu pozub, bazar günü gecə saat 3-də də olsa, bəyanat verdi. Və mənim iradımın haqlı olduğunu qəbul etdi. Normaldır. Müxalifət gördüyü çatışmazlıqları deməli, hökumət də hərəkətlərinə düzəliş etməlidir. Mənim indi də etirazlarım və suallarım var. 

Mən hökumət muzdlularının düşmən tərəfi yox, hətta beynəlxalq aləmi də yox, öz xalqımızı aldatmağa hesablanmış əttökən yalanlarına, dezinformasiyalarına etiraz edirəm. Gürcüstan-Rusiya savaşı zamanı çəkilmiş videoları bugünlərdə Qarabağda gedən savaş kimi xalqımıza sırımaq cəhdlərini qınayıram. Erməni saytını sındırıb, ora saxta məlumat yerləşdirib, sonra da həmin saxta informasiya ilə xalqımızın aldadılmasına etiraz edirəm. İki günün ərzində 16 şəhid vermiş ölkənin başçısının tətilini yarımçıq kəsməməsinə, baş verənlər haqda nə öz xalqı, nə də beynəlxalq aləmlə danışmasına etiraz edirəm. 

Mən başa düşürəm ki, savaşda qurban verilər. Mən yaxşı bilirəm ki, torpaq uğrunda ölən varsa, vətəndir. Amma indi cəbhədə nə baş verdiyini inanın ki, xeyli adam başa düşə bilmir. Biz həqiqətənmi elan olunduğu kimi, səngərdə oturduğumuz yerdə hücuma məruz qalmışıq? O halda niyə bu qədər itki vermişik? Müdafiəmizin təşkilində səhlənkarlıq və ya səhvmi olub? Gələcəkdə belə halların olmaması üçün tədbir görülürmü? Bəlkə, hökumət həqiqətən də Qarabağı azad etmək fikrinə düşüb? O halda niyə daha ciddi səfərbərlik aparılmır, xalqa müraciət edilmir, az da olsa torpaq azad olunmur?

Biz Qarabağı azad etmək əməliyyatına başlamışıqsa, niyə avqustun 8-də, Soçidə İlham Əliyev Putinin vasitəçiliyi ilə Sarkisyanla görüşür? Sonda elə olmayacaq ki, Qarabağı azad etmirik, hərə öz müvqeyində qalır, sadəcə Putinə müdrük görkəmdə, sülhpərvər ədası ilə Əliyevi və Sarkisyanı atəşkəsə əməl edilməli, savaşmağın yolverilməz olduğunu “başa salmasına” şərait yaradılır, dünyaya da “Qarabağda hərb də, sülh də onun nəzarətindədir” mesajı verilir?

P.S. Bəzi dostlar təklif edirlər ki, şəhidlərin yas məclislərinə gedək. Görürlər axı Türkiyədə hökumət və müxalifət liderləri necə birlikdə şəhidlərin yas mərasimində iştirak edirlər. Görünür, hələ də Azərbaycan hakimiyyətini tanıya bilməmisiniz. Təəssüf ki, bizim hökumət o qabiliyyətin sahibi deyil. Bizim şəhidlərin yas mərasimlərinə getməməyimiz üçün şəhid ailələrinə təzyiq olunur. Ceyhun Qubatovun 3 mərasimində yoldan qayıtmalı oldum. Ailəyə güclü təzyiq edib, hətta xeyir-şər çadırını belə sökdürdülər ki, mən orada iştirak edə bilməyim. Sonra daha bir şəhid ailəsinə də təzyiq olunduğunu eşitdim və qərara gəldim ki, onsuz da dəhşətli kədər içində olan şəhid ailələrinə təzyiq üçün bəhanə verməyim, onları çətin seçim qarşısında qoymayım.