İtkini də biz veririk, atəşkəsin pozulmasının təqsirini də bizim üstümüzə atırlar. Müdrük diplomatiyamız isə dövlət başçısı ilə birlikdə tətilə çıxıb
Daha 5 əsgərimiz şəhid oldu. Allah rəhmət eləsin. Ailələrinə səbr versin. Ölkə isə sürətlə savaşa və beynəlxalq təcridə sürüklənir.
Dünən yazmışdım ki, niyə atəşkəsi pozan tərəfə – Ermənistana qarşı beynəlxalq səviyyədə ictimai təzyiq, onun bu hərəkətinin pislənilməsi təşkil olunmur? “Regionun lider dövləti” niyə susur? Susmaqda davam etdilər.
Bu gün isə Ermənistanın Müdafiə Nazirliyi, Amerika Erməniləri Milli Komitəsi bəyanatla çıxış edərək Azərbaycan tərəfini hücum etməkdə, atəşkəsi pozmaqda ittiham edib. Beləliklə, itkini də biz veririk, atəşkəsin pozulmasının təqsirini də bizim üstümüzə atırlar. Müdrük diplomatiyamız isə dövlət başçısı ilə birlikdə tətilə çıxıb.
Bəlkə beynəlxalq ictimaiyyətə üz tutmağa heç üzləri yoxdur. Kimə müraciət etsinlər? ABŞ, ATƏT, Avropa Birliyi, Avropa Şurası ilə qarşıdurma şəraitindədirlər. Çünki o qrumların hamısı Azərbaycan hökumətinin öz xalqına divan tutmasına mane olmaq istəyirlər (hələlik buna nail ola bilməsələr də). Azərbaycan hökuməti üçün isə əsas müxalifətlə, demokratiya tərəfdarları ilə mübarizədir. Bu gün də tanınmış hüquq müdafiəçisi Rəsul Cəfərovu həbs etdilər. AXCP-nin gənc üzvü Ruslan Nəsirlini də polislər saxlayıb.
Müxalifəti, vətəndaş cəmiyyətini daha rahat əzə bilmək üçün ölkəni beynəlxalq təcrid vəziyyətinə salmağa da hazırdırlar. Qərb ilə qarşıdurmada vəziyyəti günü-gündən pisləşən, açıq-aşkar zəif və haqsız tərəf olan, öz problemlərini belə həll edə bilməyən Rusiyanın ssenarilərində rol almağın başqa hansı izahı var?
P.S. Bu fotonun sosial şəbəkələrdə bu qədər geniş yayılmağının da səbəbi onun reallığı tam əks etdirməsidir. Şərhsiz…