Leyla Yunusun qızının adından yalan məlumat yayılıb

Dinara Yunus məsələyə aydınlıq gətirdi; Arif Yunus təxribata sərt reaksiya verdi

Qızı Dinara Yunusun adından yayılan təxribat xarakterli məlumatla bağlı Arif Yunus bəyanat verib. A.Yunusun Facebook səhifəsində yerləşdirdiyi bəyanatda deyilir: 

“Bu gün  – avqustun 2-də mən, demək olar ki, bütün günü heç kimlə əlaqə yarada bilməmişəm – həyat yoldaşıma dərman və pəhriz yeməkləri aparmışdım, daha sonra polis şöbəsində oldum. Yalnız axşam xəbərləri oxudum və bizim xüsusi xidmət orqanlarının ailəmizə qarşı dəhşətli təxribatından xəbər tutdum. Onlar «V kontakte» sosial şəbəkəsində hazırda Hollandiyada yaşayan qızım Dinara Yunusovanın adına səhifə açıblar və onun adından iftira xarakterli materiallar yayıblar. Bu məlumatların ona heç bir aidiyyatı yoxdur, hətta bundan xəbəri də olmayıb.

Rəsmən bəyan edirəm ki, bu qondarma səhifədə yayılan məlumatların hamısı Azərbaycan xüsusi xidmət orqanlarının məhsulu və onların təxribatı, nə mənə, nə də qızıma aidiyyatı olmayan şüurlu dezinformasiyadır. Bu primitiv təxribatı kəskin qınayırıq”.

***

Sülh və Demokratiya İnstitutunun direktoru, hazırda həbsdə olan Leyla Yunusun və Arif Yunusun qızı Dinara Yunus barədə hakimiyyətə yaxın mənbələrdə və sosial şəbəkədə yalan məlumat yayılıb. Belə ki, Dinara Yunusun sosial şəbəkə vasitəsilə hakimiyyətin ünvanına sərt ifadələr səsləndirildiyi deyilir. Güya  D.Yunus “Anamı həbs elədiz, atamı xəstəliyə düçar elədiz, indi isə cəbhədə əsgərləriniz ölsün, əclaflar. Nifrət edirəm hamınıza. Daha böyük bəlalar sizi gözləyir” kimi ifadələr işlədib. Lakin D.Yunusun ailəsi və yaxınları bu məlumatı təkzib edir. Yaxınlarının sözlərinə görə, hazırda Amsterdamda təhsil alan yüksək tərbiyə və mədəniyyət sahibi Dinara Yunus belə ifadələr işlədə bilməzdi. Onun adından saxta profilllər yaradılıb və bu tip məlumatlar yayılıb. Belə məlumatlar yayılması  Leyla Yunusun ailəsinə qarşı təxribat məqsədi daşıyır.  

Dinara Yunus öz Facebook səhifəsində onun adından yazılanlara münasibət bildirib. O bildirib ki, digər sosial şəbəkələrdə, o cümlədən “v Kontakte” onun profili yoxdur və o yalnız Facebook-dan istifdə edir: “Əgər kimsə mənim adımdan hər hansı informasiya yayırsa, bu əsl təxribat və dezinformasiyadır. Mən və valideynlərim həmişə Azərbaycanı sevmişik və onun ərazi bütövlüyünə dəyər vermişik. Eyni zamanda bildirim ki, heç vaxt heç kimə müsahibə verməmişəm. Lazim bildiyim hər şeyi burda yazıram”

azadlıq.info