Əməkdaşımız düşmənin 120 metrliyindən yazır FOTO
Qazaxdan 25 kilometr aralıda yerləşən, düşmənlə sərhəd olan Quşçu Ayrım kəndində son 10 gündə atışma intensivləşib. İnsanlar qorxu içərisində yaşayırlar.
“Qorxu içərisində yaşayırıq”
Quşçu Ayrıma getmək üçün Məzəm kəndindən yol artıq bağlanıb. Post qurulub, gediş-gəlişə mane olurlar. Əsgərlər Fərəhli kəndinin yoluyla sözügedən ünvana getməyə icazə verirlər. Bunun əksini edənlər yarı yoldan geri qaytarılır.
Fərəhli yolu enişli-yoxuşlu və bir o qədər də qorxuludu. Çünki düşmən istənilən an səni gülləyə qonaq edə bilər. Necə ki, gün ərzində bir neçə dəfə atəşkəs pozulur.
Kənd sakini Sevil İsmayılova uşaqların, qocaların kənddən çıxarılmasının tərəfdarıdı: “Mal-qaramızı ermənilər snayperlə öldürürlər. Hər gün atəş səsləri gəlir. Nə görürlərsə o dəqiqə nişan alırlar. Qorxu içərisində yaşayırıq”.
Təxminən 180-200 ailənin yaşadığı bu kənddə vəziyyət olduqca ağırdı. Tibb məntəqəsi olan Quşçu Ayrımda xəstəxana yoxdur. Bu da sakinlərin haqlı narazılıqlarına səbəb olur. Deyirlər ki, kimsə düşmən gülləsinə tuş gəlsə, onu rayonun mərkəzinə çatdırılana qədər dünyasını dəyişəcək.
Şəhid atası olan Aslan Pirvəliyevin sözlərinə görə, indi ermənidə olan yüksəkliklər öncə bizdə idi: “Dəfələrlə icra hakimiyyətində olmuşam. Demişəm ki, qoşunu qabağa aparın. Cavabları bu olub ki, bizə əmr verilməyib. Bütün əkin sahələri ermənilərin əlində qaldı. İndi də bunun əziyyətini çəkirik. Hər gün ölüm xəbərlərini eşidirik. Blmirik bunun sonu nəylə bitəcək. Ya bizə silah versinlər gedək döyüşək, ya da yardım etsinlər. Qoşun gəlməlidi. Yoxsa bütün günümüz bu cür olacaq”.
“Qocaları, uşaqları çıxartsaq özümüz bir şey düşünərik”
Quşçu Ayrım kəndinin sakinləri hökumətdən kömək gözləyir: “Hər nə yolla olursa-olsun bizə yardım edilməlidir. Sosil problemlər bir yandan, düşmənin üglləsi də o tərəfdən ömrümüzü irin edib. Heç kim kəndi tərk etmək istəmir. Ancaq nə vaxta qədər bu davam edəcək? Qocaları, uşaqları çıxartsaq özümüz bir şey düşünərik”.
İsmət Cəfərovun deyir ki, ailə tərkibi dörd nəfərdən ibarətdi: “Mənə sosial yardım verilmir. Bir il ala bildim. Sonra dedilər ki, kartının müddəti bitib, arayış lazımdı. Dediklərini də elədim, yenə xeyri olmadı. Üç-dörd aydan sonra yoxlama gəldi. Dedilər ki, sənə sosial yardım düşmür. Səbəb kimi də iki inəyimin olmasını göstərdilər. İnək saxlayım bəs nəylə dolanım? İş yoxdur axı? Deyirlər ki, get rayonun mərkəzində günə 10 manata işlə. Buna razıyam, ancaq yolpulumu versinlər. Kənddən şəhərə getmək üçün taksi 20 manat pul istəyir. Bu günə 40 manat edir. Günə 30 manat ziyana işləyim? Belə şey olar? Bizimlə maraqlanmırlar”,
Şahmurad Qaracayevin ailəsinin tərkibi 6 nəfərdən ibarətdi. Ona da sosial müdafiə vermirlər: “Müdirin yanına getmişəm qəbul etməyib, icra nümayəndəsi deyir ki, sənə düşmür, icra hakimiyyətinə də qoymurlar. Hazırda yaşadığım mənzil 1992-ci ildə yandırlan evdi, sonra prezidentin sərəncamıyla tikilib”.
1997-ci ildə həyat yoldaşını itirən, 3 körpə övladıyla uçuq-sökük daxmada yaşayan Nailə Mehdiyeva da sosial yardımdan da narazılıq edir. Ona rayonda məşğulluq idarəsində iş təklifi olunub. Ancaq bu qane etmir. Çünki gündəlik yol haqqı verilən maaşdan qat-qat çoxdu: “Bu güllənin qabağında işə gedib-gələcəm. Rayona getmək ölümə qol çəkmək kimi bir şeydi. Toyuq-cücə saxlamaqla ailəmi dolandırıram”.
***
Quşçu Ayrımda olduğumuz müddət ərzində bir neçə dəfə ermənilər güllələri kəndə səpələdi. Kimi evinə qaçdı, kimi də düşmənin onu görə bilməyəcəyi istiqamətə götürüldü. Bir neçə maşın içi dolu ev əşyalarıyla rayonun mərkəzinə doğru getdi.
İnsanlar çox acınacaqlı vəziyyətdə yaşayırlar. Heç kim onlara yardım etmir. Həm sosial problemlər məngənəsi, həm də düşmənin gülləsi insanları yaşamağa qoymur.
Güllələr dolu kimi yağır…
Ramin DEKO
Bakı-Qazax-Quşçu Ayrım