qenimetzahid-yeni

Leyla Yunus onların hamısından böyükdür

Milli Təhlükəsizlik Nazirliyinin və Baş Prokurorluğun bəyanatında nələri yazmayıblar?

İlham Əliyevin məxfi bir etirafı

2-3 il bundan əvvəl Qərb diplomatlarından biri Azərbaycanda ictimai-siyasi fəallara qarşı repressiyaları müzakirə etmək üçün İlham Əliyevlə görüşür. Söhbətin süjeti təqribən bundan ibarət olur ki, əgər Azərbaycanda demokratiya quruculuğu prosesinin getdiyi rəsmən iddia olunursa, o halda sosial-siyasi fəallığa dözümlü yanaşmaq və bunu yeni dövrün, demokratik quruculuq prosesinin məntiqi kimi qəbul etmək lazımdır. İlham Əliyevin verdiyi cavab diplomatı şoka salır: «Onların əlinə imkan düşəndə mənə dözümlü yanaşmayacaqlar».

Prezident başqa ölkənin diplomatına sanki özünün mənsub olduğu cəmiyyətin və xalqın təmsilçisi kimi yox, işğalçı bir ordunun komandanı kimi cavab verir: «Onların əlinə imkan düşəndə mənə dözümlü yanaşmayacaqlar». İlham Əliyevin müxalifətə və ümumiyyətlə, fərqli fikrə, onun diqtəsi ilə düşünmək istəməyənlərə qarşı münasbətinin kökündə bu məntiq dayanır. Mən Leyla Yunusun da, bu zamana qədər həbs olunan və bundan sonra həbs olunacaq bütün Azərbaycan vətəndaşlarının da həbsinə bu faktın yaratdığı təəssüratla yanaşıram.

İlham Əliyev elə hesab edir ki…

İlham Əliyev hesab edir ki, Azərbaycanda hər kəs ondan qisas almaq üçün öz zamanını gözləyir. Buna görə də həmin zamanın gəlib çıxmaması üçün əlindən gələni edir. Başqa məsələdir ki, İlham Əliyevin bu cür düşünməkdən aldığı ağır təəəssüratlar məni narahat eləmir. Çünki diktatorların da bir xofu olur və həmin xof diktatorları get-gedə daha qəddar, daha əndazəsiz edir. Bu, diktatorların problemidir. Amma bütövlükdə cəmiyyətin problemi sayılan bu cür yanaşmanın doğurduğu aşkar effektləri şərh etməzdən öncə, hər halda İlham Əliyevin nə üçün bu cür düşündüyünü aydınlaşdırmaq lazımdır. Təbii, onun özü üçün aydınlaşdırdığı bir şeylər var.

Nə üçün diktatordurlar?

Əliyevlərin Azərbaycanın başına nələr gətirdiyini bilməyən yoxdur. Ən ucqar küncdə yaşayan, ölkənin həyatı ilə bağlı bütün informasiyaları qulaqardı edən istənilən obıvateldən tutmuş, hadisələrin episentrində əyləşmiş məlumatlı şəxslərə qədər hər kəs bir həqiqətin fərqindədir ki, Əliyevlər Azərbaycana xoşbəxtlik gətirməyiblər. Nə 1969-dan, nə də 1993-dən sonra. Yaşlıların da, gənclərin də xatırlayacağı, şahidi olduğu, ağrısını yaşadığı sonsuz sayda faktlar, olaylar ortalıqdadır. Bu sülalə indi, bizim günlərdə də ölkəni istismar etməkdə, ailənin sərvətlərini artırmaqda davam edir. Əlavə etmək lazımdırmı ki, hər hansı ailənin, o cümlədən prezident ailəsinin öz sərvətlərini qanunsuz şəkildə və israrlı və misli görülməmiş miqyaslarda artırmaq iştahası milyonlarla insanın hüquqlarının pozulması ilə müşayiət olunur. Başqa cür mümkün olmur. Məhz bu şəraitdə cəmiyyət, tamam məhv olmayıbsa, simasını tamamən itirməyibsə, tamamilə və bütünlüklə kölələrdən və yaltaqlardan ibarət deyilsə, müqavimət potensialını üzə çıxarmalı olur. İstənilən diktator müqavimət potensialı olan cəmiyyətə nifrət edir, çünki müqavimət diktaturanı istisna edir, onu tanımır, onun totalitar mahiyyətinin təntənəsinə yol vermir. İstənilən diktator cəmiyyətin müqavimət imkanlarını məhv etdikcə, həm bunu nəyə görə etdiyini, həm də hansı nəticələr əldə etmək üçün etdiyini dəqiq bilir. Konkret olaraq, İlham Əliyev üçün diktatura öz hakimiyyətini möhkəmləndirmək vasitəsi deyil. Hakimiyyətin möhkəmləndirilməsi onun üçün hədəf deyil, vasitədir. Bu vasitə daha çox var-dövlət əldə etmək hədəfinə xidmət etməlidir. Yaxın tarixin, deyək ki, 20-ci əsrin klassik diktatorları üçün hakimiyyətin möhkəmləndirilməsinin belə anlayışı yox idi. Bu anlayış qədim diktatorlar üçün xarakterik idi. Orta əsrlərdə, daha qədim dövrlərdə diktatorlar (padşahlar, krallar və s.) çalışırdılar ki, ölkənin ən varlı adamı olsunlar. Bu onların əyan-əşrəfdən asılılığını azaldırdı. Buna görə də, bütün ölkə padşahın mülkü elan edilirdi və o, istədiyi adama, ailəyə istədiyi qədər mülk və sərvət sahibi olmağa icazə verirdi. Bu, orta əsrlərin və daha qədim dövrlərin gerçəkliyi idi. O zamanlar respublika idarəçiliyi haqqında düşüncələr yox idi, utopik təsəvvürlər yalnız ədəbiyyat mövzuları olurdu və bu mövzuların da leytmotivini yaxşı padşah obrazı tuturdu.

Diktaturaya dözən xalqlar…

Amma həmin dövrlər çoxdan arxada qalıb və ayrılıqda götürülmüş hər hansı bir ölkənin deyil, bütün dünyanın idarəçiliyi, geosiyasi düzən, insan haqları, demokratiya, konstitusiya, parlament və s. kimi ciddi siyasi anlayışlar meydana çıxıb. Bu anlayışlara uymayan ölkələr sabit ölkələr kimi tanınmır və dünyanın idarəçiliyi sistemində arxa plana atılan, sonrakı növdən sayılan bu cür ölkələrin və xalqların mənafeləri aparıcı dünya gücləri tərəfindən qulaqardına vurulur. Dünya heç bir xalqı heç bir diktatorun əmlakı hesab etmir, buna görə də diktatorlara dözən xalqlara yuxarıdan aşağı baxış haqlı sayılır. İlham Əliyev Azərbaycan xalqını təkcə maddi və siyasi hüquqlarından məhrum etmir, eyni zamanda, onu planetin sonrakı növ xalqları sırasına daxil edir. Bunu etdiyini bilir. Diktatura ilə barışmayanların mübarizəsinin motivi hakimiyyətə gəlmək olmur, daha çox, altruist düşüncələrlə motivasiya olunur. Onlar mənsub olduqları cəmiyyətin daha yüksək dəyərlərə, daha yüksək rifaha, daha yüksək haqqa layiq olduğunu israr edirlər. Diktatorlar isə xalqların belə bir haqqının olduğunu qəbul etmirlər. Diktatorlar belə hesab edirlər ki, xalqlar dikaktorun mövcudluğu üçün vardırlar. Həm də, orta əsr diktatorlarından fərqli olaraq, indiki diktatorlar bu duyğularını riyakarcasına gizlədirlər və saxta vətənpərvərlik şüarları ilə ört-basdır edirlər. Bu, bir giriş deyil, təfərrüatın özüdür. Bunları ona görə yazıram ki, Baş Prokurorluğun və Milli Təhlükəsizlik Nazirliyinin Leyla Yunusun həbsi haqqında yaydığı birgə bəyanatda bu təfərrüatlar yazılmayıb.

Leyla Yunus İlham Əliyevə yad olan prosesin lideridir

Leyla Yunus həbs edilən ilk hüquq müdafiəçisi, ictimai fəal deyil. Ölkə həbsxanaları siyasi dustaqla doludur və İlham Əliyev hesab edir ki, orada hələ boş yerlər var. Bu boş yerləri Leyla xanımdan sonra da doldurmağa davam edəcəklər. Ümumiyyətlə, totalitar rejim birrəngli cəmiyyət faktına qədər həbsxanaları genişləndirə bilər. Şimali Koreyada olduğu kimi. Olduqca bədbin ifadədir, amma proqnoz deyil artıq. Bizim ölkəmizdə hakimiyyəti öz caynaqlarına keçirmiş diktaturanın iştahası Şimali Koreya diktatorunun iştahasından əskik deyil. Onun nüvə silahı var, bunun da nefti. Nüvə silahı da çəkindirici faktor sayılır, neft də. Amma Şimali Koreyadan fərqli olaraq, Azərbaycan cəmiyyəti nüvə silahının da, neftin də çəkindirici faktor olması fikrini özünə yaxın buraxmayacaq bir potensiala sahibdir. Alternativ düşüncə potensialına. Leyla Yunus alternativ düşüncənin olduqca ağır çəkili dəyərlərindən biridir. Öz sektorunda sınmayan, demokratiya ideallarını diktatura bazarlığına çıxarmayan, əyilməyən sonuncu döyüşçülərdəndir. Amma açığı, leyla Yunusun həbsi ilə hətta bu sektorda da, insan haqlarının müdafiəsi sektorunda da prosesin başa çatdığı fikrini yaxın buraxacaq qədər bədbin deyiləm. Birincisi, Leyla xanımın həbsxanadakı mövcudluğunun və dirənişinin özü də Azərbaycanda insan haqları uğrunda mübarizənin yeni mərhələsini müəyyən edəcək. İkincisi, cəmiyyətin potensialı hələ də böyükdür. Məsələn, 4-5 il əvvəl Azərbaycanın ictimai fəaliyyət sektorunda Rəsul Cəfərovu çox az adam tanıya bilərdi. Cəmi 4-5 il ərzində Rəsul Cəfərov olduqca ciddi uğurlar qazanaraq hüquq müdafiəçiliyinin yeni perspektivlərini müəyyən etdi. Estafeti gənc nəslin qəbul etdiyini sübut etdi. Bu qədər repressiv tədbirlərin, həbslərin, təqiblərin fonunda gəncliyin yeni nümayəndələrinin ortaya çıxacağını yalnız İlham Əliyev və onun dəstəsi proqnozlaşdırmaya bilər. Onlar belə hesab edirlər ki, daha çox həbs və ya daha çox repressiya Azərbaycan xalqını sındırmaq üçün doğru yoldur. Bu, onların Azərbaycan xalqını tanımaması demək deyil. Onlar ictimai dirənişin məntiqini anlamırlar, sadəcə. Bunu sübut edəcək balaca bir faktı xatırlatmağa dəyərmi? Məsələn 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində Heydər Əliyev siyasi təqiblər altında idi. O zaman İlham Əliyev bu təqiblərə qarşı çıxanların sırasında vardımı? Əlbəttə, yox idi və o, ümumiyyətlə ortalıqda yox idi. O, ictimai müqavimət fenomenini tanımayan, onu dərk etməyən adamdır. Buna görə də, həbslərə cəmiyyətin müqavimətini qıracaq ən tutarlı vasitə kimi baxır. Leyla Yunusun bu bapbalaca boyu ilə böyük bir repressiya maşınına qarşı savaşı onun üçün dərk olunmayan motivasiyadır. Axı, diktator özünün iradəsi üzərində güc tanımadığı üçün diktatordur. Hətta ictimai güc, milli iradə kimi nəsnələr də onun üçün anlaşılmaz və yaxına buraxılmayacaq şeylərdir. Narahat adam varsa, tut, bas içəri, qoy səsi kəsilsin və başqalarına da görk olsun… Diktatorların məntiqi budur.

Hüquq müdafiəçisi və diktator qarşıdurması

Amma Leyla Yunusun məntiqi başqadır. Bu cür insanlar millətin iradəsi üzərində hakimlik iddiası olanları qəbul etmirlər. Leyla Yunus üçün Azərbaycan xalqının ləyaqətli həyatı ən böyük arzu, onun iradəsi isə həlledici gücdür. Diktatorlar milləti kölə, özlərini isə hakimi-mütləq sayarlar. Leyla Yunusu düşmənə işləməkdə ittiham edirlər. Diktator isə milli qəhrəmandır. Dəyərləndirmələrin bu qədər kəllə- mayaqllaq olması səbəbindəndir ki, İlham Əliyev prezidentdir, Leyla Yunus isə dustaq. İlham Əliyev qərbli diplomata «Onlar mənə güzəşt etməyəcəklər» fikrini bu məntiqlə bildirib.

Xırda adamlar

Dostlardan biri mənə bir əhvalatı xatırlatdı. Səfirliklərdin birinin keçirdiyi tədbir zamanı Heydər Əliyev müxalifətçilərin dayandığı tərəfə gəldi. Orada Etibar Məmmədovla Leyla Yunus birgə dayanıb söhbət edirdilər. Heydər Əliyev onlarla görüşərkən zarafatla Etibar Məmmədova dedi: «Sən Leyladan da balaca imişsən ki» (H. Əliyev E.Məmmədovun boyunu nəzərdə tutub onu zarafatla sancmışdı). Leyla Yunusun haqq və hüquq uğrunda prinsipal mübarizəsi qarşısında xırdalanıb, onu şərləyərək həbs etməkdən başqa çıxış yolu görməyənlər bütün mənalarda Leyla Yunusdan balaca adamlardır. Onların hamısı… balaca adamlardır.