Səadət Cahangir
Bu gün bayram. Həm də insanlıq, mərhəmət, xeyirxahlıq və sevgi adına edilən əməllərin bayramı. Özündən zəifə qol gücü göstərməyən, yoxsulu xor görməyən, nəfsinin qulu olmayan, yaxşılığı minnət deyil, adi bir borc sayan insanlığın bayramıdır bu gün…
Günümüzün acı gerçəklərinə baxınca, “insanlıq çoxdan öldü” deyəcəksiniz bəlkə… Amma heç bir nadanlıq və qəddarlıq insanı yaxşılıq etməkdən çəkindirmək üçün səbəb sayıla bilməz. Dünyada ən gözəl şey ehtiyacı olan birini sevindirməkdirsə, niyə vaz keçirsiniz ki, bu gözəl duyğudan? Gözəl bir söz, kiçik bir təbəssüm belə qarşınızdakının ovqatını dəyişə bilirsə…
Dünən bir məclisdə belə söhbətlərin qonağı olduq. Yaxşı əməlin insanı insan edən borc olduğu haqqında gözəl şeylər danışdı bir köhnə dostumuz. Amma uzun sürmədi, söhbətin axarı yenə dönüb-dolanıb gəldi ölkənin borc içində batan insanlarının üzərinə. Şübhəsiz, böyük dərddir sərvətləri milyardlar gətirən ölkənin həyatın dibinə düşən vətəndaşı olmaq! Doqquz milyon əhalisi olan ölkənin 2 milyon 138 min insanının banka borcu var. Hələ 3 milyonun çoxdan uzaq xaricdə mühacirət həyatı yaşadığını nəzərə alsaq, yerdə qalır 6 milyon.
Təbii, banka borclu insanlar dünyanın hər yerində var. Lakin müqayisə ilə götürəndə Azərbaycan ən acınacaqlı durumda olanlar sırasındadır, bəlkə də. Bura ən unikal ölkələrdəndir ki, insanlar dişini düzəltdirmək, müalicə olunmaq, ərzaq almaq, övladını məktəbə göndərmək üçün bankdan “mikro-kredit” götürmək məcburiyyətində qalır. “Ölüm-dirim” sualı qarşısında yaranan bu məcburiyyət də çox zaman həmin insanların faciəsi ilə nöqtələnir. Kredit borcları üzündən özünü yandıran və dünyasını dəyişən Zaur Həsənovun acı dramı hələ yaddaşlardan silinməyib?
Nə yazıq ki, o böyüklükdə faciədən sonra bu torpaqlar uğrunda canını fəda edən insanlarımızın durumunda dəyişən köklü bir şey yox. Keçən həftə Bakıda yenə bir Qarabağ qazisi, Nuriyev Coşqun özünü yandırdı. Onun uzun illərdir işsizlik və ehtiyaclar üzündən həyatına qəsd etdiyi deyilir. Yaxın günlərdə əməkdaşlarımız küçədə gecələyən Elçin adlı başqa bir Qarabağ qazisinin acı hekayəti haqqında da yazmışdılar.
Başqa bir Qarabağ qazisi, xalq hərəkatının fəallarından biri olmuş Rüxsarə Cumayevanın “ölüm-dirim” mübarizəsi haqqında da mətbuat aylardır yazır. Yəni bir övlad anası olan bu veteran xanımın müalicəsini birdəfəlik öhdəsinə götürüb həll etməkdə o qədər acizdir hökumət?
Vətən borcu elə insanlıq borcudur, əslində. Lakin vətən, torpaq, millət üçün fədakarlıq edən insanların hansı məhrumiyyətlərlə yaşadığı da məlum bu məmləkətdə. Onların haqqını yeyən, zəhmətini yerə vuran, onları özünə borclu sayan zehniyyətə sahib adamlar oturub heyf ki, bu
hökumətin başında. İnsanlığın öldüyü dünya uzaq deyil axı, hərəmizin bir az payı var orada.
Bu gün bayram. Həm də islam dünyasının ən gözəl bayramı. Belə bayramlarda səssiz bir yerə çəkilib könlündən keçən ən gözəl duaları səsləndirmək istərsən özün üçün. Təəssüf ki, içimizi qaraldan acı gerçəkləri gözardı etmək imkansız bir şey. Yaşadığımız məmləkət daxil, bütün dünya qan içində çalxanınca, yalnız özün üçün bir şey diləmək belə içindən var gəlmir. Keşkə, bütün bayramlar insanlığın bayramı olsa!


