Heydər Əliyev Mərkəzi yanğın xəbərini təkzib edir

Heydər Əliyev Mərkəzində yanğın olması ilə bağlı yayılan məlumat həqiqətə uyğun deyil.

Heydər Əliyev Mərkəzinin ictimatiyyətlə əlaqələr departamentinin rəhbəri Gülşən Əliyevanın ANS PRESS-ə verdiyi məlumata görə, bayram günləri ilə əlaqədar qeyri-iş günü olduğu nəzərə alınaraq Heydər Əliyev Mərkəzində təlimlər keçirilib. Qrafikə uyğun olaraq iyulun 27 və 28-də fövqəladə hallar və təhlükəsizlik qüvvələrinin təlimi təyin edilib.

Buna uyğun olaraq da Mərkəzdə təlimlər keçirilib.

***

Heydər Əliyev Mərkəzində baş verən yanğının səbəbi məlum olub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, mərkəzin zirzəmisində taxta qırıntıları tüstülənib:

“Bu barədə bizə məlumat daxil olan kimi, yanğınsöndürənlər hadisə yerinə cəlb edildi. Məlum oldu ki, bu yanğın yox, sadəcə binanın zirzəmisində taxta-şalban qırıntılarının tüstülənməsidir. Hazırda tüstülənmənin qarşısı alınıb. Əməkdaşlarımız Heydər Əliyev Mərkəzində növbə çəkirlər”.

***

Heydər Əliyev Mərkəzi yanır. ANS PRESS-in məlumatına görə, mərkəzin binasında çıxan yanğının söndürülməsinə 10-a yaxın yanğınsöndürmə maşını cəlb olunub. 

Fövqəladə Hallar Nazirliyinin 112 xidmətindən ANS PRESS-ə verilən açıqlamada bildirildi ki, yanğını hələlik söndürmək mümkün olmayıb: “Hazırda orada iş gedir”.