Əliyevin “Azadlıq”la savaş səbəbləri

Azərbaycan rəhbəri yatmış xalqın ağzına yastıq tıxamaqla onu iz qoymadan öldürmək istəyir

“Azadlıq” qəzeti haqqında “Azadlıq” qəzetində yazmaq çətindir. Amma bundan on dəfə çox da ağırdır. Çünki bunu yazmaq üçün başqa yer yoxdur. “Azadlıq” – söz azadlığı döyüşünün sonuncu qalası ölüm-dirim savaşı verir. Bu, Əlincə qalasının 12 il Əmir Teymurun  mühasirəsinə dözməsi kimi bir hadisədir. Amma o da deyil. Çünki bu mühasirənin ömrü daha çoxdur.
Həm də İlham Əliyev Əmir Teymur deyil. Davranışları daha despotikdir. XXI əsrdə Avropa Olimpiya Oyunlarının keçirilməsi üçün dəridən-qabıqdan çıxan hakimiyyət, bir qəzeti obrazlı desək, diri-diri soyur. Amma söz azadlığı üçün soyulan Nəsimidən fərqli olaraq, bizim qanımız bütün dünyaya sıçrayıb.
İlham Əliyevin “Azadlıq” qəzetilə müharibəsinin milyon səbəbini saymaq olar. Amma bircə səbəb də demək olar. Məsələn, Əliyev düşünə bilər ki, niyə bu qəzet var? Bu sual ona kifayət edər ki, “Azadlıq”ı yox etmək üçün min cür əməliyyat qurdursun. Biz isə sadəcə, bir neçə maqamı xatırlatmaqla, hörmətli oxucuya da vəziyyəti aydınlaşdırmağa çalışacağıq.

Hər kəsin “Azadlıq”ı

Düşünün ki, bir nəfərdən Gədəbəy məhkəməsinin hakimi rüşvət alıb, başqa bir vətəndaşımızı – 78 yaşlı qoca qadını polis rəisi Oğuzda evindən bayıra atıb. Dünənə kimi bu hökumətə qulluq edən bir məmur niyəsə “yuxarılar”ın xoşuna gəlməyib və indi onu həbs edirlər. Bu adamların dərdini kim yaza bilər? Hansı media orqanı bu insanların tapdanmış haqqını dünyaya, ölkəyə çatdırar? “Azadlıq” qəzeti olmasa, bu ölkənin insanı hansı qapıya üz tutar? Və yalnız bu ünvandır ki, insanların problemlərini istisnasız işıqlandırır.
İlham Əliyev isə təkcə siyasi opponentləri ilə mübarizə aparmır. O bu ölkədə yaşayıb, yeyən hər kəsi öz “sərvətlərinin” şəriki sayır. Ona görə də hamını məhv etmək istəyir. “Azadlıq” isə bu məhvin üstünə işıq tutan tək qəzet kimi qalır.

Şərti şərt qəbul etməməkdir

“Azadlıq” ölkədə yeganə çap mediasıdır ki, hökumətin heç bir cinahını xüsusi fərqləndirmir. Heç bir oliqarx bu qəzetin nişangahından hansısa formada yayımaq imkanına malik deyil. Bu imkanı “Azadlıq” heç kimə verməyib. Ölkənin həqiqi demokratiya uğrunda mübarizə aparan bütün kəsimlərinin tribunası ola bilib. Hansısa bir hadisə baş verəndə hər kəsin gözü məhz “Azadlıq”da olur. Çünki həqiqəti bütün mümkün formalarla ifadə etmək missiyası yalnız bu qəzetin  çiyinlərində qalıb.

Dünya mediasının tənqidləri

Başqa bir indiqator isə dünya mediasında çap olunmuş Azərbaycan hökumətinin avtoritar mahiyyətini, korrupsiya əməllərini ifşa edən yazıları dərc etməkdir. Bunu Azərbaycanda bacaran tək çap mediası “Azadlıq” qəzetidir.  Hökukmət “Azadlıq”la həm də ona görə açıq savaş aparır ki, dünyada ifşa olduqlarından Azərbaycan xalqının xəbəri olmasın. Buna görə də internet vasitəsilə on minlərə, bəzən yüz minlərə yayılan “Azadlıq”ı məhv etmək əsas məqsədə çevrilib.
İlham Əliyev bu vəziyyətdən təngnəfəs olub və artıq “Azadlıq”a qarşı isterik mübarizə aparır. O həddə qədər qəzəbli münasibət bəsləyir ki, bir qəzetlə mübarizə çərçivəsində bütün qəzetləri sıradan çıxarmaq istəyir.  İlham Əliyev üçün başqa qəzet də yoxdur zatən. Olan qəzetə isə nifrət edir və onunla haqq-hesabı birdəfəlik çəkmək istəyir.

İz qoymadan boğmaq

“Azadlıq”ı məhv etmək əməliyyatının əsl mahiyyəti, hədəfi başqadır. Bu əslində, yatmış Azərbaycan xalqının ağzına yastıq tıxayıb, onu iz qoymadan məhv etməkdir. Bu boğulmanı hiss edən xalq oyansa, bəlkə özünün də, “Azadlıq”ın da yaşamaq şansı böyüyəcək. Əks halda, ölmüş toplumun, obrazlı desək, cəmdəyində xoşagəlməz canlılar yaranacaq. O canlılar isə sivil sekulyar toplumu deyil, öz üfunətli mühitini  yaradacaq. Baxın, siz o topluma hazırsınızmı? Deyilsinizsə, tərəfinizi bəlli edin.
Bu savaşda bir tərəf İlham  Əliyevdir, o biri tərəf isə “Azadlıq”ın təbliğ elədiyi dəyərlərdir. Özünüzə layiq olanı seçin!

P.S.Növbəti yazıda Əliyevin “Azadlıq”ı məhv etmək  metodlarından bəhs edəcəyik.