“Sözünü” satanlara!

Afaq ŞIXLI

İndi nə dəbdədir bilirsinizmi? Gecə yatıb sabah özünü məşhur görmək sevdası! Amma çalışmaqla, gözəl əsərlər ortaya qoymaqla yox. Ya ictimai yerlərdə çılpaq etiraz aksiyası düzəldib kadrlara düşməklə, ya dinlərini dəyişdiklərinə görə seçilməklə, ya seksi olduğundan daha murdar şəkildə cılız əsərlərinin mayasına qatmaqla… ya da hansısa dəyərli insana qarşı təhqirlər yazmaqla! Elələri də var ki, mütləq ədəbiyyatda qalacağam deyə, özündən dəfələrlə yaşlı bir insanın həyatına girir, ağlını alır və öz bərbad yazılarını məşhur jurnal və qəzetlərə ötürürlər.
Amma, bir başqa cür də olurmuş… Bunu, şahidi olduğum misal üzərində izah etməyə çalışacam.
…Özünü təqdim etdikdə “şair” deyib əl uzadan biri, mənə öz kitabını vermişdi. Düzü kİtabı oxuduqda çox məyus oldum. Sərbəst şeirlərin bərbadlığı bir yana.., hecada da yazmaq cəhdində bulunan bu xanımın nəinki ədəbiyyat nəzəriyyəsindən xəbəri yoxdu, hətta daxili intuitiv yazı qabiliyyətindən də məhrum idi. Dördlüklərin hər misrasında hecaların sayı müxtəlif, şeirin tərkibində isə bir bənd qoşma, bir bənd çarpaz heca, biri isə anlaşılmayan üsluba mənsub idi. Durğu işarələrinin mövcudsuzluğu isə ( başqa ad verə bilmədim) ayrı bir dərd idi. Sayca üçüncü kitabı olduğundan, öncəki ikisinin keyfiyyətinin necə olduğunu düşünmək belə istəmirdim.
Hiss edirdim ki, nəsə demək istəyib. Bəlkə ürəyi də doludur, bəlkə çoşğun həyat eşqi var içində… bəlkə… amma, ay əzizlərim, şairlik bam-başqa bir şeydir!
Ən ağrılısı da odur ki,  səkkiz ilə yaxındır Azərbaycan Yazarlar Birliyinin üzvüdür..
İnsanın içindən misralar gələ bilər, bu təbiidir. Buna müxtəlif səbəblər ola bilər: tənhalıq, nakam sevgi və s…  Lakin, bu o demək deyil ki, bunu edən hər kəs özünə mütləq və mütləq Şair deməlidir və mütləq AYB üzvü olmalıdır. “Mən şeir yazıram” demək başqa bir məsələdir, “mən şairəm” demək və yazarlar birliyini murdarlamaq ayrı bir məsələ!

Belələrinin ən gözəl təsəlliləri və dillərinin əzbəri Aşıq Ələskərdir. “ Nə olsun, onun da savadı olmayıb. Amma…” – deyə qürur hissi keçirirlər. Lakin anlamırlar ki, ali təhsil almaqdan daha da öncə, orta məktəbdə yaxşı oxumaq lazımdır. Əgər oxusaydılar, Aşıq Ələsgərin şeirlərilə də tanış olardılar, ədəbiyyat nəzəriyyəsini də bilərdilər. Bilərdilər ki, Ələsgərin şeirlərilə öz biyabırçılıqlarının adını yanaşı cəkmək – ən azından küfrdür, onun ruhuna hörmətsizlikdir!

Bir ədəbi toplantı zamanı şeirlərindən yana narazılıq eşidən bu xanım belə dedi: “Nə çətin işdir? O qədər kasıb şairlər var ki! Birinə min manat verərəm, özümə qutu kimi bir kitab yazdıraram. Onda görüm nəyi tənqid edəcəksiniz?! Mən istəyirdim ürəyimdən gəldiyi kimi yazım. İndi ki, belə oldu baxarsınız! Gün gələcək hamınız unudulacaqsınız, təkcə məni oxuyacaqlar!”

Cümlələri olduğu kimi yazıram və yaza-yaza bir daha kədərlənirəm. Yazarların və alimlərin önündə bu sözləri deməyə cəsarət etmək və özünü də hər cəhətdən haqlı bilmək! Amma deyim ki, biz onun sözlərinə inandıq. Edə bilərdi və deyəsən, edəcəkdi də. Çünki indiki dünya o qədər mənəvi kasad dünyadır ki, istedadı olanlar istedadsızlardan asılılıq məcburiyyətində qala bilərlər. Bu sözlərdən sonradaha həyatdan hər şey gözləyirik və,  bir gün hər hecası və hər qafiyəsi yerində olan şeirlər təqdim etsə, demək hansı “kasıb” şairinsə ürək sözləri hərraca qoyulub artıq… 

İllərlə dahi yazarlarımızın qan-tər bahasına qoruyub saxladıqları AYB kimlərə miras qalacaq? Adı Səməd Vurğunların, İsmayıl Şıxlıların, Bəxtiyar Vahabzadələrin, Fikrət Qocaların adı ilə bağlı olan Yazarlar Birliyində gələcəkdə kimlərin olacağı heç kimi narahat etmirmi?

Düzü, yazarlar birliyindəki üzvlərin ələkdən keçiriləcəyi haqda xəbər çıxanda yaman ürəklənmişdik, təsadüfi üzvlərin – ölü sözlərlə dolu kitab müəlliflərinin, şairciklərin ələnəcəklərini, vaxtı ilə Azərbaycanın üz ağlığı, yaradıcı insanlarımızın beşiyi olan ayb-nin təmizlənəcəyini gözləyirdik… Amma anlamıram ki, onları üzvlükdən kənar etmək onların oraya qəbul olunması zamanı səhvə yol verildiyini qəbul etməkmi olacaq? 

Fikir vermişinizsə istedadsızlar bir-birlərindən bərk yapışırlar…  Çünki bu yolla şikəst yazılarını ayaqda tutmağa çalışırlar.  Və çox qəribədir ki, özünə hörmət edən kəslər belələrinə qarşı çıxmağa da qorxur. Necə deyərlər, “qorx qorxmazdan…”. Özü də müxtəlif səbəblər gətirirlər: “Öz millətimizin övladıdır”, “Çox mehribandır, adam tənqid etməyə utanır”,  “Hörmətli bir adam tapşırıb, xətrindən keçə bilmirik” və s…
Əfsuslar, dostlarımn! Siz millətinizin övladlarını düz danışanda vurmayın, bacarıqlısının ayağını çəkməyin, düzə böhtan atmayın – yetər! Kaş, millət övladının tərəfkeşliyində hər zaman haqlı iş üçün durasınız…

Bu günlərdə Kəramət Böyükçölün gözəl bir məqaləsini oxudum. Çox bəyəndim və düşündüm ki, bir nəfər, beş nəfər…, yüz nəfər və hamı beləcə, gördüyünü görməzliyə salmasa, abırsızlar da bəlkə etdiklərindən utanıb çəkindi!
Dünyada yaltaqlıqdan, məcburiyyətdən və qorxudan da çox nifrət etdiyim heç nə yoxdur! Kütləyə qoşulmağı da sevmirəm. “Kütlə” sözü – “küt” sözü ilə assosiasiya olunur məndə. Fərdi düşünməyi, fərdi qərar verməyi sevirəm və bu zamanadək elə yaşamışam.
Bu məqalədən sonra, ola bilsin ki, xanımın pullu muzdurları mənə “hücumlar” da edəcək, ürəyində “gərək hamımız kimi o da susaydı” deyənlər də olacaq, bəlkə də daha nələr… Sussam, 1937-ci illərdə kütlədən biri olmaq istəməyən, susmadığı üçün repressiya qurbanı olan babalarımım ruhu inciyərdi məndən! Mən də düz sözün qurbanı olacağamsa – qoy olsun!
Axı qələm bizə nədən ötrü verilib? Haqqı yazmağa və haqqı qorumağa!
Sözünüzü sözü olmayanlara satmayın, istedadlı və savadlı dostlarım! Öz qiymətli fikirlərinizi satmayın! Onlar sizin qəlbinizin məhsulu, sizin ürəyinizin sözləridir! İnanın, heç bir maddiyyat bunu qarşılamaz. Ədəbiyyatımızı kəlamsızlardan qoruyun! Sabah onlar sizin sözlərinizin köməyilə ayaq tutanda, bu alaq otlarının arasında hamımız itib batacağıq!

22.07.14.
Moskva