Heydər Əliyevin kadrı olan Boris Gevorkovun xain, hiyləgər əməlləri
Repressiya illərində olmazın əzablar çəkmiş Nuriyevlər ailəsi
Nuriyev Şərəfxan Turabxan oğlu (1969-cu il)
Fikrət Şərəfxan oğlu Nuriyev, 1950-ci ildə Cəbrayıl rayonunun Mahmudlu kəndində anadan olub. Hazırda pensiyaçıdır. Yazı ötən əsrin 20-30-cu illərində Qarabağdan Sibirin şaxtalı həbs düşərgələrinə və Qazaxıstanın qızmar çöllərinə sürgün edilmiş repressiya qurbanlarına həsr olunur.
Qarabağsız Azərbaycan yoxdur. Çünki Qarabağ və Azərbaycan bir canda bədən və ruh kimidir, biri olmadan digərinin məna və əhəmiyyəti, dəyər və qiyməti bilinməz.
Qarabağın indiki işğalına gətirən səbəblər
Qarabağ torpaqları son illərdəki kimi tariximizin heç bir mərhələsində heç vaxt bu qədər acınacaqlı və fəlakətli təcavüzün və işğalın şahidi olmamışdır.
Artıq 21-22 ildir ki, Xankəndi, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdərə, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan kimi Qarabağın və ətraf rayonların əsas əraziləri işğal altındadır. 1994-cü ildən bəri davam edən, sözdə atəşkəs rejimi və müxtəlif səviyyəli danışıqlar hələ də işğalçılara öz yerlərini tanıda bilməmişdir. Şübhəsiz, bu işğalın bir sıra səbəbləri vardır. Dünyada boş-boşuna, səbəbsiz yerə heç nə baş vermir. Ən xırdasından tutmuş qlobal hadisələrə kimi cəmiyyətdə meydana gələnlər müxtəlif səbəblərdən baş verir. Nəticələr isə özünü bəzən ani olaraq, bəzən isə uzun aylardan, illərdən hətta əsrlərdən sonra göstərir.
Qarabağ probleminin arxasında 70 il boyunca Azərbaycanda ağalıq etmiş bolşevik Rusiyasının siyasəti durur. Çünki bolşeviklər 1920-ci il aprel ayının 28-də Azərbaycanda hakimiyyəti zəbt etdikləri ilk gündən son günə kimi Çar Rusiyasından fərqli olaraq kütlənin başını saxta “proletar beynəlmiləlçiliyi”, “xalqlar dostluğu” və kommunizm xülyası ilə qataraq Qarabağda ermənilərə muxtariyyət verməklə, sonra da 20-30-cu illərdə yerli say-seçmə azərbaycanlıları kütləvi olaraq həbslərə atmaqla, sürgünlərə göndərməklə və güllələməklə indiki acınacaqlı fəlakətimizin bünövrəsini qoymuşlar.
1937-ci ildə keçmiş Cəbrayıl-Cavanşir qəzasında baş verənlər
Məhz nankor və hiyləgər siyasətlə Qarabağın Cəbrayıl rayonu (keçmiş Cəbrayıl-Cavanşir qəzası) Mahmudlu kənd sakinləri Nuriyev Turabxan Gülməmməd oğlu (babam), həyat yoldaşı – Qiymat Həsənalı qızı (nənəm), övladları: 15 yaşlı Gülməmməd (əmim), 13 yaşlı Qubad (əmim) və 12 yaşlı Şərəfxan (atam) NKVD-nin 10 may 1937-ci il tarixli qərarı ilə “xüsusi məskunlaşdırma” adı altında Qazaxıstanın qızmar çöllərinə sürgün edilmişlər. Təxminən 52 ildən sonra keçmiş Azərbaycan SSR Daxili Işlər Nazirliyi Istintaq Komissiyası tərəfindən təqdim edilən 29 iyun 1989-cu il tarixli 16/29-859 saylı arayışa əsasən həmin qərarın ləğv edildiyi bəyan edilmişdir.
Onlara qarşı repressiyada həmin zamanlar fəaliyyət göstərmiş “Mübariz Allahsızlar Ittifaqı” adlanan qurumun da rolu olub, “Allahsızlar kitabçası” paylayan bolşevik rejiminin yetirmələrinin qazandıqları “uğurların” ən dəhşətli nümunəsini mən hələ 5 yaşımda olarkən şahidi oldum.
5 yaşlı uşağın gördükləri
O dəhşətli hadisə indi artıq 21 ildir erməni işğalı altında olan o zamankı Cəbrayıl rayonunun Mahmudlu kəndində baş verib. 1955-ci ilin iyun ayı idi. Mən nənəmin yanında qalırdım. Bir axşam inəyimiz naxırdan qayıtmadığı üçün buzovu mələyə-mələyə qalmışdı. Elə bu zaman kəndimizin çobanı xəbər verdi ki, bəs briqadir Usub yoldaş (o zaman insanlara müraciət forması, belə idi) inəyimizin ayaqlarını baltalayıb. Nənəmlə mən hadisə yerinə çatanda artıq inəyimizin murdar olacağından ehtiyat edən kənd adamları heyvanın başını kəsib, dərisini soyurdular. Kolxozun briqadiri də bir qədər kənardan bu hadisəni seyr edirdi. Nənəm bunun səbəbini briqadirdən soruşanda o qalib tərzdə, heç bir peşmançılıq hissi keçirmədən: “Yaxşı eləmişəm, xalq düşməninin inəyi kolxozun pambıq sahəsinə girə bilməz!”,- deyə cavab verdi…
Turabxan babam, rayonda məqam və söz sahibi olan bir ziyalı kimi o qanlı-qadalı illərdə günahsız insanların uşaqlarını ağlar qoymamaq üçün öz vəzifəsindən imtina etdi, amma bu ona baha başa gəldi, əvvəlcə 7 il uzaq Sibirin şaxtalı həbs düşərgələrində məşəqqətli məhbus həyatı yaşadı, sonra da ailəsilə birlikdə Qazaxıstanın qızmar çöllərinə sürgün edildi. Mal-qarası və dədə-baba torpaqları zəbt edildi, yerində kolxoz quruldu. Həşim kişi istisna olmaqla Nurməmməd tayfasından olan bütün qohumlarım familiyalarını dəyişib Məmmədov oldular. Allah Həşim kişidən razı olsun, xəbərsiz-ətərsiz Sibirin həbs düşərgəsində məhbus olan zamanlar elə hey sürgün olunmamış nankor qohumlarımı tənbeh edərək deyirmiş: “A balam, kişi də familiyasını dəyişər, bəs familiya sahibi qayıdanda nə cavab verəcəksiniz?”. Və ardından da heç kimdən və heç nədən qorxmadan uca səslə deyərmiş: “Nuriyevlər familiyasını tək daşıyıram”.
Bolşevik rejimi Həşim kişiyə bu mərdi-mərdanə hərəkəti bağışlamadı, sonralar onu da ailəsi ilə birlikdə Qazaxıstana sürgün etdilər.
Babam vəfat edəndə mənim cəmi 4 yaşım var idi. Amma əlimdən tutub gəzməyə çıxdığımızda qəfildən düz çöküb bir əlini yerə dayayaraq o biri əlilə də bərk-bərk məndən yapışıb yerə yıxılıb özündən getdiyi anı heç vaxt unutmayacağam. Bu zaman kiçik bir nəvənin babasına edə biləcəyi yeganə köməyi göstərdim: “Nənə, babam yıxıldı!” deyə fəryad etdim. Babamı yerə yıxan nə xəstəlik, nə də qocalıq deyildi, Sibirin şaxtalı həbs düşərgəsi, Qazaxıstanın qızmar çölləri öz yerində, bir də bəzi soydaşlarının nankor əməlləri idi. Babam qəribə tərzdə rəhmətə getdi. 1954-cü ilin ilaxır çərşənbəsi axşamı idi. Babam əvvəlcə paklanıb qüsul aldı və özü üçün “Fatihə”, “Yasin” oxudu. Sonra da həyat yoldaşına və 14 yaşlı qızına dedi: “Mən dünyamı dəyişirəm, bayram axşamı olduğundan haray-həşir salmayın, səhərə qədər heç kimə xəbər verməyin” vəsiyyətini edib canını tapşırdı. Qiymat nənəm kişinin bu son tapşırığını da yerinə yetirdi. Bütün çətinliklərə rəğmən tək-tük ən yaxın qohumlardan savayı kənd əhlinin səhərə kimi həmin ölüm hadisəsindən xəbər tutmasına imkan vermədi. Əslində, qadının ərinə itaət etməsi o dövr ailə həyatının “olmasa-olmaz” şərtlərindən biri olduğu üçün bu davranış sadəcə yüksək dini-mənəvi dəyərlər əsasında təlim-tərbiyə görmüş kişi qızı-qadının həyat yoldaşı ilə münasibətinin nümunəsi kimi qəbul edilməlidir. Yəqin ki, Qarabağın son hərbiçi xanı Əhmədxanın qızı rəhmətlik Nisə qocam da məhz bu amili nəzərə alaraq onu babama ömür-gün yoldaşı seçibmiş.
Qaçaq Nəbinin Həcəri nənəmgildə qonaq olubmuş
Nənəmin atası Həsənalı kişi haqqında bir o qədər də məlumatım yoxdur. Onun özünün bir zamanlar danışdığı hadisəni belə xatırlayıram: “Arandan dağa köçmüşdük. Onda mən balaca bir uşaq idim. Bir axşam bizə iki kişi və bir qadın qonaq gəldi. Atam onlara diqqət göstərib yaxşı qonaqlıq verdi. Sonra öz atlılarını da onlara qoşub harasa yola saldı. Bir müddət keçəndən sonra anam dedi ki, o qadın qonaq Qaçaq Nəbinin arvadı Həcər xanım, kişilər isə Nəbinin yaxın dostları imişlər. Atam onların Irana keçmələrinə kömək edib”.
Bu hadisə nənəmin atasının el-oba içində sayılıb-seçilən, qonaqlı-qaralı bir insan olduğundan xəbər verirdi. Çünki Nəbi kimi bir el qəhrəmanının arvadı çətin günündə köməklik üçün yalnız etibarlı dost və kişi qapısına müraciət edə bilərdi.
Nənəmin həyatı heç də həmişə firavan keçməyib. Onun çətin günləri “xalq düşməninin” həyat yoldaşı olduğu vaxtlara təsadüf edir ki, həmin vaxtlar o, bəzi nankor qohumların xəyanətləri ilə də qarşılaşmalı olub.
ardı var


