Ağacdan sallanan “Qəribə meyvə”lər…

Sevinc Vaqifqızı

Niderlandlı gənc Regis Crolla Facebook-da sonuncu paylaşımında “Öz köklərimə qayıdıram. Çox tezliklə görüşərik, Bali” yazıb və Malyaziya təyyarəsi ilə Baliyə uçduğunu qeyd edib. Və bu statusun altında “Regis, sən yaxşısan?”, “Regis, ümid edirəm ki, hər şey qaydasındadır” və “Xahiş edirəm mənə de ki, yaxşısan” suallarına heç bir cavab gəlmir. Regis Crolla Ukraynanın Donetsk vilayətində raketlə vurulan Malayziya təyyarəsinin həlak olan sərnişinlərindən yalnız biridir. Onun dostları, yaxınlarının narahatlığı orada həlak olan 298 nəfərin ailəsində də davam edir. Hər kəs soraqlayır, mümkünsüz olsa da öz yaxınını sağ tapacağına ümid edir. Son səfərini yaşayan insanların cəsədləri axtarılır. Və bu cəsədlərin bəziləri 10 min metr hündürlükdən Snejnoye qəsəbəsində evlərin damını deşərək içəri düşür. Snejnoye küçələrində işıq dirəklərindən və ağaclardan insan cəsədlərinin parçaları sallanır. Ağaclar artıq “Qəribə meyvə”lər verir. 

Bu “Qəribə meyvə”lərə bir də 1930-cu ildə Amerikanın Indiana ştatında rast gəlinib. Həmin dövrdə ştatda irqçiliyin ayaq tutduğu vaxt iki qaradərilini yalnız rənglərinə görə bir qrup ağdərili oğlanlar izləyir. “Qara dərililəri istəmirik. Rədd olun bu torpaqlardan!” deyirlər. Iki nəfər qaradərili qorxudan qaçmağa başlayır, amma onları qovanlar cəld tərpənirlər. Onlar iki qaradərilini ölümcül döyür və sonra onların cansız bədənlərini ağacın budaqlarından asırlar. Bölgədəki digər qaradərililər üçün də görk olsun deyə… Iki cansız bədən yarpaq kimi ağacın budaqlarında əsir. Hadisə yerinə gələn müxbirlər buradan çoxlu fotolar çəkib qəzetdə yazılar dərc etdirirlər. Polis özünü hadisəni araşdırırmış kimi göstərir, amma bir müddət sonra baş verənlər unudulur. Illər sonra amerikalı şair Abel Meeropol bir kitabı vərəqləyərkən hadisədən sonra çəkilmiş bir ağ-qara şəkli tapır. Ağacdan sallanan insanlara baxır və gözlərini o şəkildən ayıra bilmir. Düşünür, təsirlənir və həmin gün bir şeir yazır, “Güneydə ağaclar qəribə bir meyvə verir, yarpaqlarında qan, köklərində qan, Güneyin küləklərində yellənir qara bədənlər… Qəribə meyvələr kimi”.

Nyu Yorkda caz klublarında çıxış edən məşhur Billie Holiday bir gün bu şeirlə qarşılaşır. Irqçiliyə qarşı olan müğənni bu mahnını ifa edir. Amma çıxış etdiyi klublarda rəhbərlər onun bu mahnını oxumasını istəmirlər. Onlar Billie Holidayın insanları əyləndirməsini, irqçiliyə qarşı olan mahnını oxuyub, siyasi mesajlar verməməsini istəyirlər. Müğənni klubdan çıxır və öz imkanları ilə studiyada “Qəribə meyvə” (Strange Fruit) mahnısını oxuyur. 

1930-cu ildə gənclər sadəcə rənginə görə öldürülürdüsə, indi  kiminsə əhvalı korlananda, ürəyi sıxılanda, ya da əyləncə olsun deyə bu dünyada insanlar qətlə yetirilir. Ölümün adı yoxdur daha. Səbəbsiz ölümlər çoxalır. Məsələn, Israildə ölüm tamaşa kimi qavranılır. Sakinlər yüksəkliyə çıxıb, stullarda yerini tutaraq, popkorn yeyə-yeyə Qəzzaya yağdırılan raketlərə tamaşa edir və bunun nəticəsində kimin öləcəyi ilə bağlı uzun-uzadı fikrə dalıb evlərinə qayıdırlar. Insanların vicdanlarının budaqlarından “Qəribə meyvə”lər sallanır.

Malyaziya təyyarəsində həlak olan 80 uşağın çığırtısı, 10 min metr yüksəklikdən yerə düşməsi, yanması, göynəməsi, o acısı bu dünyanın insanlarını yandırmır. Bir susqunluq, bir laqeydlik, bir insansızlıq… Bu 80 uşaq güclü dövlətlərin bir-birinə boy göstərməsi üçün alət olur və bir neçə gün sonra unudulur. Onlar bir günlük humanistlik cildinə düşüb, qəhərlənib, hətta bir damla göz yaşı da axıda bilərlər, amma nə fayda? Təyyarəni vuran raketləri və onların on kiloqramlarla ölçülən döyüş başlığını o dövlətlər istehsal edir. Raket hazırlayıb onun nəticəsini gözləmirmiş kimi davranmaq ən azı siyasi riyakarlıqdır.  

Təyyarədə qətl edilən insanların cəsədləri sadə vətəndaşların evlərinin damından içəri düşür. Havada, ağacda, küləkdə, işıq dirəklərindən, pilləkənlərdən insan cəsədlərinin parçaları sallanır. Dünya ölüm qoxuyur artıq. 

Bundan sonra uşaqlara nağıl danışmaq mümkünsüz olacaq.  Nağılın sonunda “göydən üç alma düşdü” deyə onları inandıra bilməzsən. Çünki onlar göydən “Qəribə meyvə” – insan cəsədi düşdüyünə şahidlik edirlər.