Dəyərli oxucular, siz indiyədək bir narkotik istifadəçisinin həbs dövründə prezidentə məktub və ya əfv ərizəsi yazdığını görübsünüzmü? Yazıbsa belə, həmin ərizənin mətbuatda dərc edildiyinə rast gəlməyibsiniz. Bunu əminliklə deyə bilərəm.
Bəs niyə narkotik ittihamı ilə tutulan NIDA-çılar və müxalif partiya üzvləri, ictimai fəallar prezidentə müraciət edəndə onların ərizələri mətbuatda da yayılır, hətta Əflatun Amaşova göndərilir? Üstəlik, bu işdə ədliyyə orqanları (hökumət) fəallıq edir. Görəsən başqa müraciətlər niyə belə ictimai diqqətə gətirilmir?
Və ən qəribə məqam! Görəsən niyə bu əfv ərizələrində narkotikdən istifadə etməyə görə yox, əvvəlki siyasi mövqeyə görə peşmanlıq bildirilir? Axı rəsmi ittihamlarda bu adamların siyasi motivlə tutulduğu yox, narkotik və ya başqa cinayətə görə həbs edildiyi açıqlanır. Elə hökumət də siyasi məhbuslarla bağlı bütün iddiaları rədd edir və deyir ki, onlar cinayət əməllərinə görə tutulub. Bəs cinayət edən niyə öz peşmanlıq ərizəsində cinayətə görə peşmanlıq etmir, amma siyasi mövqe sərgiləyir?
Son dövrlərin ən “parlaq” əfv ərizəsini götürək. Məsələn, Bəxtiyar Quliyev ərizəsində peşmanlığını belə yazmışdı: “…Ancaq mən yanlış fikirli insanların təxribatlarına uyaraq öz gəncliyimə və ailəmin nüfuzuna zərər gətirməklə özümü sağlam gənclikdən təxris (təcrid – red.) eləmişəm. Mən artıq bunu anlayanda hələ də gec olmadığını və bundan sonrakı davranışlarımda sağlam ruhla ulu öndər mərhum Heydər Əliyevin bizə miras qoyub əmanət etdiyi doğma Azərbaycanımıza layiqli vətəndaş olmağıma hər zaman mücadilə etmək, əzmli olmağıma və mənim kimi səhv edən, yanlış addım atan gəncləri öz acı təcrübəmə dayanaraq onları düzgün maarifləndirməyə şərait yaratmağınızı sizdən xahiş edirəm!”.
Diqqətlə oxuyun, Bəxtiyar deyir ki, “yanlış fikirli insanların” təxribatına uyub. Yanlış fikir hara, narkotik ittihamı ilə tutulmaq hara?
Bəxtiyarın ərizəsini oxumaqda davam edək: “Əvvəlcədən sizə söz verirəm ki, mənə göstərdiyiniz etimadı doğrultmağa hər zaman mücadilə edəcək, respublikamızın çiçəklənməsi, xalqımızın rifah halının yaxşılaşdırılması istiqamətində apardığınız siyasəti dəstəkləyəcək və görmək istədiyiniz gəncliyin ön sıralarında olacağıma tam səmimiyyətimlə əmək sərf edəcəyəm. Mən bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, yanlış insanların təxribatlarına uyaraq etdiyim cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçirirəm”.
Bəli, Bəxtiyar peşmanlığını bildirir və söz verir ki, Ilham Əliyevin siyasətini dəstəkləyəcək, amma demir ki, narkotik istifadə etməyəcək. Elə burada hər şey aydın olur. Deməli, həmin ərizə də sübut edir ki, Bəxtiyar narkotik istifadəçisi deyil və Ilham Əliyevin siyasətini dəstəkləmədiyinə görə tutulub. Ona görə də peşmanlığı və verdiyi vəd cinayətlə bağlı yox, Ilham Əliyevin siyasətini dəstəkləməklə bağlıdır.
Odur ki, bu ərizələr gənclərin, ictimai fəalların, bloqçu və siyasətçilərin siyasi motivlərlə həbsinin növbəti və təkzibolunmaz sübutudur. Gənclərə zorla ərizə yazdırmaq bu həbslərdəki siyasi izi itirmir, əksinə, böyüdür.
Bu səbəbdən də Milli Şura sədri Cəmil Həsənli son müsahiblərinin birində haqlı olaraq sual edir: “Təsəvvür edin ki, Elsevər Mürsəllinin cibinə narkotik qoyub, ona 5 il iş veriblər. Indi ona yazdırırlar ki, o, heç bir siyasi işlərə qoşulmayacaq, prezidentin siyasi kursunu müdafiə edəcək, NIDA və Cəbhə ilə əlaqəsini kəsəcək və sair. Çox gözəl, bəs onda narkotik harada qaldı? Bəxtiyar NIDA-ya qarşı irəli sürülün narkotik və ”Molotov kokteyli” ittihamının hər ikisində ittiham olunub və buna görə 7 il cəza alıb. Indi isə ona yazdırırlar ki, bir də prezidentin siyasətinə qarşı çıxmayacaq, onu dəstəkləyəcək, NIDA ilə əlaqəsini kəsəcək, Ilham Əliyevin siyasi kursu əleyhinə olmağının peşmançılığını çəkəcək və s. Bəs onda bu kokteyl məsələsi harada qaldı?”
Harada qaldığı məlumdur. Siyasətin və Gürcüstana Azərbaycandan keçən 3 ton heroinin arxasında.