“Prezidentin təyyarəsi”(“Air Force One”) filminə baxmayan az adam olar. Film Amerika prezidentinin “Air Force One” adlı təyyarəsində baş verən terror hadisəsindən bəhs edir. Hadisənin içində Rusiya ilə bağlı bir sıra məsələlər var. Ssenarinin əsasında rus “Spetsnaz”ı ilə amerikan “Delta force” əsgərlərindən ibarət xüsusi bir qrupun Qazaxıstanda “terror rejimi” olaraq qəbul edilən general Radeki həbs etməsi dayanır. Bu əməliyyatdan 3 həftə sonra Amerika prezidenti və ailəsi yüksək rütbəli hökumət üzvləri ilə birlikdə ölkənin ən təhlükəsiz “Air Force One” təyyarəsində Moskvadan evinə dönməyə hazırlaşır. Bu zaman general Radekin yetirmələri olan 6 nəfər rus mətbuat nümayəndəsi kimi təyyarəyə minir və onu ələ keçirir. Bilirsiniz, filmin sonunda əsas heyət və prezident ailəsi ilə birlikdə xilas olur. Amma son illər şahid olduğumuz təyyarə qəzalarından görürük ki, bənzər hadisələr heç də hər zaman filmlərdəki kimi gözəl sonluqla bitmir…
Iki gün öncə Donetsk üzərində baş verən dəhşətli aviaqəzada 298 nəfər həyatını itirdi. Təsadüfə bax ki, “Malayziya Hava Yolları”na məxsus “Boinq-777″ sərnişin təyyarəsi Rusiya sərhədinin 60 kilometrliyində vurulub. Hadisə baş verdiyi an təyyarənin Rusiya sərhədlərinə girməsinə bir neçə dəqiqə qalıbmış. Təsadüfmü? Kim inanar buna? Belə bir ”təsadüf” də 4 il əvvəl baş vermişdi, unutmayın. Polşa prezidenti Lex Kaçinskinin təyyarəsi düz Rusiyanın Smolensk şəhərində yerə enərkən qəzaya uğramışdı. Qəza nəticəsində Kaçinski və xanımı da daxil olmaqla, 132 nəfər həlak olmuşdu. Lex Kaçinski Smolenskə 1940-cı ildəÿKatın meşəsində Sovet hərbçilərinin qətlə yetirdiyi minlərlə polyakın xatirəsinəÿucaldılmış kompleksə baş çəkməyə gedirdi. Əslində, o qəzanın təsadüfi baş verəcəyi mində bir ehtimal idi və o zaman hər kəs işdə kimin barmağı olduğunu da yaxşı bilirdi. Amma nə oldu? O 132 nəfərin qanı “ağac” və “duman” kimi absurd “terrorçular”ın üzərinə atılaraq batıb getdi. Həm də Kaçinskinin sıradan biri olmadığı, 80-ci illərdə Polşanın “Solidarnost” hərəkatının rəhbəri Lex Valensanın müşaviri işlədiyi zamanlardan Rusiya siyasətinin, xüsusən, Putinin qatı əleyhdarlarından biri olduğu bilinə-bilinə.
Donetsk üzərində baş verən qəzada ölən o 298 nəfər insanın buralarda cərəyan edən siyasi münaqişələrlə heç bir bağlılığı yoxdu. Faciə o dərəcədə dəhşətlidir ki, onun günahsız terror qurbanlarının yaxınlarına verdiyi üzüntünü ifadə edəcək söz belə tapmırsan. Hadisəyə sadəcə bu baxış bucağından yanaşın – o təyyarədə bizim birimiz də ola bilərdik.
Və onlar illərdir bu sərhədlər daxilində yürüdülən siyasi şovinizmin növbəti günahsız qurbanlarıdır. Artıq Ukrayna kəşfiyyatı təyyarənin rus silahlı separatçılarının vurduğunu bəyan edib. Separatçılar da, təbii olaraq, qəzanı qarşı tərəfin üzərinə atır. Ukrayna prezidenti Petro Poroşenko isə baş verən hadisəni terror aktı adlandırıb.
Məlumdur ki, tarixdə bir sıra böyük müharibələrə məhz belə təhrikedici hadisələr səbəb olub. Putin Rusiyasının şovinizmi isə bu müstəvidə sərhəd tanımır. Istədiyi ərazini işğal etməyi məqbul sayan zehniyyətlə, istədiyi təyyarəni vurmaq zehniyyəti arasındakı məsafə nə qədər uzaq ola bilər ki?
P.S.: Məncə, “Air Force One” filminin ən təsirli yeri sonluğudur. Xatırlayarsınız, sonda prezident baş terrorçunu “rədd ol mənim təyyarəmdən” deyərək təpiklə vurub yerə salır. Bəzi göydən gedənlər belədir, heç cür başqa dildən anlamaz. Onları məhz vurub yerə salmaq lazımdır.