Şahin Sultanov hərbi prokurorla müdafiə naziri barədə ilginc ittihamlar səsləndirdi
Hərbi Prokurorluq isə onun komandan olduğu müddət ərzində vəzifə saxtakarlığına yol verməklə külli miqdarda dövlət əmlakını mənimsədiyini bəyan etdi
Hərbi Dəniz Qüvvələrinin (HDQ) keçmiş komandanı, vitse-admiral Şahin Sultanov barəsindəki 3 aylıq həbs müddəti uzadılıb. Bu gün Bakı Hərbi Məhkəməsi Şahin Sultanovun daha 3 ay həbsdə qalması barədə qərar verib. Vitse-admiral isə isə ona qarşı sürülən ittihamları qəbul etmir. O, həbsilə bağlı bəzi təfərrüatları “Azadlıq”a ünvanladığı məktubunda açıqlayıb.
Bu dövlətə qarşı təxribatdır
Şahin Sultanovun saxlanıldığı Bakı İstintaq Təcridxanasından redaksiyamıza yolladığı məktubu təqdim edirik: “Hər bir islahat qanuna əsaslanmalıdır. HDQ-də yeni Müdafiə Naziri tərəfindən aparılan islahat təəssüf ki, qanun pozuntusundan başlandı. Bu islahat HDQ-nın dağılmasına və kadr potensialının məhv olunmasına gətirib çıxartdı. Bu gün Azərbaycan üçün çox vacib olan Dəniz Təhlükəsizliyi və dənizdəAzərbaycanın iqtisadi maraqlarımızın qorunmasına əsas qüvvə HDQ-dır. Xəzər Dənizinin statusu müəyyən olunmayıb, Xəzəryanı ölkələr donanmaları silahlanır. Bizim ölkəmizində maraqları dənizdə önəmlidir. XX-ci əsrin müqaviləsi “BTC”, XXI-ci əsrin müqaviləsi “Şahdəniz”, Avropanın qaz və neft təminatı, enerji təhlükəsizliyi, bunlar hamısıdənizdən başlayır və onların təhlükəsizliyini təmin edən əsas qurum HDQ-dır. Bu 11.09.2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin imzaladığı “Azərbaycan Respublikası Təhlükəsizlik Strategiyasında” qeyd olunub və mən bu sənədin müəllifi kimi demək istəyirəm ki, bu strategiyanın həyata keçirilməsi təhlükə altındadır. Ona görə ki, HDQ 20 ildə toplanantəcrübəli kadr potensialı qovulub və qeyri-peşəkar insanlar vəzifələrə gətirilib və bu çox acınacaqlı haldır. Dövlətə qarşı təxribatdır. Bunlar bir insanın Respublika Hərbi Prokuroru Xanlar Vəliyevin şəxsi ambisiyaları səbəbinə olub.
Xanlar Vəliyevlə münasibətim gərgin olub
Mənim uzun illərdir ki, Xanlar Vəliyevlə gərgin münasibətimiz olub. HDQ hərbiçilərə qarşı Hərbi Prokurorluğun əməkdaşları tərəfindən qanunsuz hərəkətlər, istehzalar və şantaj törədilən zaman, onları qorumaq məcburiyyətində qalırdım və bu X.Vəliyevi qəzəbə gətirirdi. Dəfələrlə aramızda olan münaqişələri aradan götürmək üçün mən məcbur olurdum araşdırmalar aparım və sənədləri Müdafiə Naziri Hüquq İdarəsinə göndərim və sabiq Müdafiə Naziri araşdırmasından sonra haqq-ədalət yerini tapırdı. Bunların sübutları, şahidləri kifayət qədər var və bunları müstəqil komissiyaya təqdim etməyə hazıram.
Xanlar Vəliyev Müdafiə Naziri dəyişəndən sonra fürsətdən istifadə edərək mənə qarşı qisas əməliyyatına başladı, qərəzli yoxlama apararaq işimdən uzaqlaşdırmağa və quraşdırdığı şər-böhtan üstündə həbs etməyə nail oldu.
Respublika Hərbi Prokuroru hər il bir neçə dəfə HDQ-ni yoxlayırdı və yoxlamanın nəticəsinə görə HDQ-də olan vəziyyəti müsbət qiymətləndirirdi. Buna sübut ötən illərin aktlarıdır. Həmin aktların arxivdədir.
Daha sonra ildə bir neçə dəfə yoxlama Müdafiə Nazirliyi İnspeksiya İdarəsi tərəfindəndə keçirilirdi və qanun pozuntusu olmadığından məlumat verilirdi.
Hərbi Prokurorluq hər il HDQ üzrə kollegiya toplantılarında hesabatlar verirdi və HDQ-da olan vəziyyətə müsbət qiymət verirdi.Necə olur ki ötən illərin HDQ üzrə prokuror yoxlamaların nəticələri müsbət göstərilib, lakin Müdafiə Naziri dəyişən kimi, bir anda keçirilən prokuror yoxlamasının nəticəsində HDQ-da güya illərlə qanun pozuntuların olduğunu bildirilir. Sual yaranır: onda nə üçün Xanlar Vəliyev bunları gizlədirdi?
Zakir Həsənov mənə qərəzli yanaşdı
Mən cinayətkar olsaydım çalışardım ki, Xanlar Vəliyevlə dostluq münasibəti yaradam və onun tərəfindən qanun pozuntularına göz yumum. Lakin indinin özündə mən həbsdə olarkən öz sözümü deyirəm və inanıram ki, bu “Vətən üçün lazımdır” və Hərbi Prokurorluq tərəfindən törədilən özbaşınalıqları kimsə deməlidir. Mən otaqda oturub vitse-admiral rütbəsində çatmamışam. Hər zaman çətinliklərlə rastlaşmışam. Buda bir sınaqdır. HDQ-də Milli Təhlükəsizlik Nazirliyinin əks kəşfiyyat şöbəsi var. Onlar da vəziyyətə nəzarət edirlər və hər bir qanun pozuntusu aşkar olunan zaman MTN Müdafiə Nazirliyinə yazılı məlumat verirlər və qanun pozuntusu olsa idi onlar məlumat verərdilər.
Müdafiə Naziri Zakir Həsənovla mənim hər zaman dost münasibətlərim olub. O, Dövlər Sərhəd Xidmətində çalışarkən tez-tez mənə müraciət edirdi, DSX-də gəmilərdə olan nöqsanları aradan götürmək üçün, təmir işləri görmək üçün köməklik edim. Daxili Qoşunların Komandanı olarkən biz tez-tez telefonla əlaqə saxlayırdıq. Bayramlarda təbrik edirdik və dövlət tədbirlərində birlikdə iştirak edirdik. Buna baxmayaraq onu vəzifəyə təyin edən gündən o mənə qarşı qərəzli yanaşdı və heç bir dəfədə olsun qəbul edib söhbət etmədi. Baş Qərargah rəisi Sadıqov mənə birinci gündən dedi ki, Müdafiə Haziri mənim öz vəzifəmdə qalmağımı istəmir. “Niyə?” sualıma o, cavab verdi ki, yuxarıdan belə məsləhət görülüb. “Kim məsləhət görüb?” sualıma o, cavab verə bilməyəcəyini söylədi. Buna baxmayaraq nazirin qəbuluna keçməyə çalışsam da qəbul otağında onun məşğul olduğunu dedilər. Belə olduqda mən raportla donanmadaki vəziyyəti və gələcək inkişaf haqqında təkliflərimi məruzə etdim və məxfi poçtla göndərdim. Lakin o məni yox, 2-ci dərəcəli kapitanları çağırıb onlardan HDQ-də olan vəziyyətlə maraqlanırdı. Onlar da mənə gəlib bunu məruzə edirdi. Biz bilirik ki, hər bir sahədə, yeni təyin olunmuş rəhbər ilk öncə əsas mütəxəsislərlə görüşərək, vəziyyətlə tanış olur. Zakir Həsənov təyin olunandan, dəfələrlə görüş təklifindən imtina edib, baxmayaraq ki, bu onun vəzifə borcu olub.
Mənə imkan verilmədi ki, yoxlamada kimi iştirak edim
Yeni tikilən HDQ-nin bazasına baxış zamanı fürsətdən istifadə etdim və xahiş etdim ki, qəbula gəlim və HDQ-i haqqında məruzə edim. Lakin o dedi ki, sizdə Xanlar Vəliyev yoxlama aparır, onu yola versəniz sizi qəbul edərəm. Bu da onu göstərir ki, bu planlaşdırılmış qanunsuz bir təxribatdır.
Yoxlama ciddi qanun pozuntuları ilə başladı və mənə imkan verilmədi ki, mən yoxlamada bir komandan kimi iştirak edim və yoxlamanın suallarına cavab verim. Yoxlama zamanı ciddi qanun pozuntularının sübutları və dəlillər var. Mən müdafiə məsələri üzrə Prezidentin köməkçisi Vahid Əliyevlə görüşüb HDQ-da baş verənləri və RHP terəfindən yoxlama zamanı buraxılan ciddi səhvləri ona bildirmək istədim. Bu xahişimə Vahid Əliyev etiraz edərək çox məşğul olduğunu söylədi. Vahid Əliyevə növbəti zənglərim nəticəsiz qaldı. Bundan sonra Baş Qərargah Rəisi Nəcməddin Sadıqovla görüşüb baş verənlərə qarşı tədbir görməyini xahiş etdim. O, söylədi, ki RHP Xanlar Vəliyev Müdafiə Hazirinə HDQ-də böyük yeyinti olduğunu bildirib və Müdafiə Haziri bunun təsdiqini almadan Ali Baş Komandana artıq məruzə edib. Beləliklə cinayət işi açmağa razılıq alınıb.
Məni Müdafiə Nazirinin əmri ilə məcburi 45 günlük məzuniyyətə göndərdilər və məzuniyyətdən qayıdan kimi işdən uzaqlaşdırdılar. İşdən uzaqlaşdırmanı yəni təqaüdə təqdimatı Müdafiə Naziri tərəfindən hazırlanmış ciddi qanun pozuntusudur. Cənab Prezidenti Strasburqda Avropa Parlamentində Nazirlər Komitəsində sədrliyi qəbul etmək münasibəti ilə çıxış edərək qeyd edirdi ki, bizim ölkədə insan hüquqlarına hörmətlə yanaşırlar və insan hüquqlarını qorumaq dövlət siyasətidir. Hüquqlarım pozulub və cənab Prezidentə müraciət göndərmişəm və xahiş etmişəm ki, hüquqlarımı bərpa etmək üçün mənə köməklik göstərsin.
Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi xidmətkeçmə haqqında qanunun 162-ci maddəsində göstərilir ki: Hər bir hərbçi ordu sıralarından buraxılarkən onunla komandiri, bilavasitə rəisi (admiral və generallarla Müdafiə Naziri) ordudan buraxılış haqqında ən azı iki fərdi söhbət aparmalıdır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri, vaxtı və digər suallar aydışlaşdırılır. İkinci söhbət buraxılma haqqında təqdimatın göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir. Aparılan söhbətlərin məzmunu “söhbət vərəqəsində” öz əksini tapır. Söhbət vərəqəsi buraxılan hərbi qulluqçunun və komandir tərəfindən imzalanır, şəxsi işə tikilir və saxlanılır.?
“Qüsur xidmətlərə görə” medal və “xidməti uğursuzluğa görə” təqaüd
Mənimlə heç bir söhbət aparılmayıb və heç bir “söhbət vərəqəsi” mövcud deyil! Təqdimat Müdafiə Naziri tərəfindən gizli şəkildə hazırlanıb və ciddi qanun pozuntusu ilə cənab Prezidentə təqdim olunub və bunun əsasında sərəncam hazırlanıb. Admirala heç bir şans verilməyib ki, öz sözünü desin.
Adi fəhlə Əmək Məcəlləsinə uyğun olaraq öncə işə götürən tərəfindən xəbərdar olur ki, hansı səbəblərə görə və nə vaxt işdən uzaqlaşdırılır. Əks tədqirdə o fəhlə məhkəməyə verib öz hüquqlarını qoruyur. Mən isə “Vətəni qorumaq” peşəsinə 40 il ömrümü həsr etmişəm, bütün çətin yollardan keçmişəm və vicdanla xidmət etmişəm. Buna sübut tərcümeyi halımdır və təltif olunduğum dövlət mükafatlarıdır. Təqaüdə çıxmağıma hələ dörd ilim var və qanunauyğun olaraq yeni Müdafiə Naziri məni bu vəzifədə uyğun görmürsə, bir pillə aşağı vəzifə təklif etməlidir. Ən maraqlısı odur ki, Müdafiə Naziri müavini Çingiz Məmmədov, Müdafiə Nazirinin əmrin elan etmək üçün HDQ-yə gəldi və birinci mənə Müdafiə Naziri adından “Qüsursuz xidmətlərə görə” birinci dərəcəli medalı təqdim etdi. Sonra isə Müdafiə Nazirinin əmrini ki, mən “xidməti uyğunsuzluğa görə” təqaüdə göndərilirəm. Bu heç bir məntiqə sığışmayan haldır. Bu halda ki, 2007-ci ildən HDQ-nin əsas yerləşdiyi yer indiki “Bayraq meydanı” və yeni bulvardır. Bu illər donanmanın söküntüsü zamanı çox böyük çətinliklərlə rastlaşıb, dəfələrlə hərbi hissəni bir yerdən ayrı yerə köçürülməsi, gəmilərin ayrı-ayrı yerlərə yerləşdirilməsi və bu yerlərin nizamnaməyə uyğun olaraq lazımi vəziyyətə gətirilməsi və digər problemlər. Bütün bu çətinliklərə baxmayaraq HDQ hər il öz döyüş tapşırıqlarını yerinə layiqincə yetirirdi.
Buna sübut 2013-cü ildə keçirilən tədbirlər. Fevral ayında Hərbi Hava Qüvvələrinə məxsus olan helikopter qəzaya uğrayır. HDQ-də axtarış aparır cəsədləri və helikopterin 90% hissələrini dənizin dibindən çıxarır. Mart ayında Müdafiə Nazirliyinin inspeksiyası tərəfindən və aprel ayı Resdpublika Hərbi Prokurorluğunun yoxlaması müsbət qiymət alır, qanun pozuntusu yoxdur, may ayı parada hazırlıq və Müdafiə Nazirliyi xidmətləri tərəfindən yoxlamadan müsbət qiymət, iyun ayı Silahlı Qüvvələrin 95-ci ilinə həsr olunmuş paradda şəxsi heyət və gəmilər iştirak edir. İyul ayı 40 gəmi ilə 3 günlük Xəzər dənizində irimiqyaslı təlimlər. Avqust ayında Rusiya Federasiyası Xəzər Donanmasının gəmilərin qəbulunun təşkili, Rusiya Federasiyası və Azərbaycan Respublikası Prezidentlərinin gəmilərlə ziyarətinin təşkili. Sentyabr ayı üç döyüş gəmisinin Həştərxan şəhərinə səfəri. Sentyabr 16-20-də HDQ, 4-cü ordu korpusu və HHQ birlikdə Xəzər Dənizində irimiqyaslı təlim uğurla keçdi.
Sentyabr ayının 11-i Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikası “Dəniz Təhlükəsizliyinin Strategiyası”nı imzalaması. Oktyabr ayı seçkilər və “Azərbaycan Respublikası Dəniz Təhlükəsizliyinin strategiyasından” gələn tapşırıqlara uyğun layihələrinin hazırlanması və Müdafiə Nazirinin təqdim edilməsi.
Bu keçən ilin tədbirləridir. Nəticədə yeni Müdafiə Naziri gələn kimi işdən azad edir?!
Uyğun deyilsən!
Hər bir hərbiçinin komandiri var və o öz sözünü ona çatdıra bilər.
Yəni Müdafiə Naziri imkan vermədi ölkəmizin admiralı öz sözünü desin. Mən üzümü tutub Ali Baş Komandana müraciət yazmışam və inanıram ki, bu haqqsızlıqları biləndən sonra o ədalətli qərar qəbul edəcək.
P.S Bu günlərdə AR Hərbi Prokurorluğu tərəfindən nəinki mənə və həbs olunmuş HDQ-nin zabitlərinə həm də müdafiəçim Adəm Məmmədova təyziq göstərirlər”.
Hərbi Prokurorluqdan açıqlama
Şahin Sultanovun Xanlar Vəliyev barədə səsləndirdiyi ittihamlara münasibət öyrənmək üçün Hərbi Prokurorluğun mətbuat xidmətilə əlaqə saxladıq. Mətbuat xidmətindən “Azadlıq”a göndərilən məlumatda deyilir ki, Respublika Hərbi Prokurorluğu tərəfindən HDQ-də aparılan kompleks yoxlamalar nəticəsində ciddi qanun pozuntuları aşkar edilib: “Həmin qanun pozuntuları ilə bağlı CM-nin müvafiq maddələrilə cinayət işi başlanmış və qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə yüksək rütbəli hərbi qulluçunun barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib. Aparılmış istintaqla həmçinin müəyyən olunub ki, vitse-admiral Şahin Sultanov Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsində xidmət etdiyi müddət ərzində vəzifə saxtakarlığına yol verməklə külli miqdarda dövlət əmlakını talayıb. Şahin Sultanovun qanunazidd əməlləri sübuta yetirildiyindən o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313 və 179.3.2. maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında Bakı Hərbi Məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda həmin cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir. Lakin, buna baxmayaraq son zamanlar bəzi KIV-lərdə Şahin Sultanov və onun müdafiəçisi istintaq olunan cinayət işi və istintaq orqanının fəaliyyəti ilə bağlı qeyri-obyektiv məlumatlar yayırlar. Respublika Hərbi Prokurorluğu bildirir ki, Şahin Sultanovun və HDQ-nin digər hərbi qulluqçuları barələrində başlanmış cinayət işləri üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılır, nə təqsirləndirilən şəxsələrə nə də ki, onların müdafiəçilərinə qarşı heç bir təzyiq göstərilmir. Şahin Sultanovun və müdafiəçisinin mətbuatda səsləndirdikləri həqiqəti əks etdirmir”.