Hüquq mühafizə orqanlarının açıqlamalarında “zəhirmar” payının bolluğunun gerçək səbəbləri
Milli Təhlükəsilik Nazirliyi həbs etdiyi jurnalist Rauf Mirqədirovun işini dolaşdırmaq və onun həbsinə görə özünü təmizə çıxarmaq üçün əlindən gələni edir. Bu hadisə ilə bağlı MTN və Baş Prokurorluğun yaydığı birgə bəyanat da bu çabaların göstəricisidir. Bəyanat çox dəhşətli bir ruhdadır və ona hesablanıb ki, oxuyan hər kəs qorxuya düşsün. Hətta jurnalistin işini araşdıran müstəntiq və gələcəkdə bu istintaqın son mərhələsinə viza alacaq hakim (böyük ehtimalla, Novruz Kərimov) da.
Mirqədirov Ceyms Bond rolunda
Bəyanat hökm edir ki: “2009-cu il fevralın 2-də Tbilisidə Rauf Mirqədirovun Laura Baqdasaryan və Araik Şirvanyan adlı şəxslərlə restoranda danışıqlar aparması və pul vəsaitini alaraq qəbz imzalaması məlum olub… Müəyyən edilib ki, Rauf Mirqədirov 2008-ci ildən başlayaraq yuxarıda adı çəkilən Baqdasaryan Laura Stepanovnanın rəhbərlik etdiyi “Region” Tədqiqat Mərkəzi ilə əməkdaşlığa başlayıb. Əməliyyat yolu ilə əldə edilmiş məlumatlara əsasən, Ermənistan xüsusi xidmət orqanlarının nəzarəti altında fəaliyyət göstərən həmin mərkəz Azərbaycanda qeyri-hökumət təşkilatları arasında, kütləvi informasiya vasitələri sahəsində dünyagörüşləri və siyasi baxışları onları cəlb edən vətəndaşları müxtəlif fondların maliyyə yardımı ilə üçüncü ölkələrin ərazisində təşkil olunan konfranslara dəvət edərək əlaqələr yaratmağa çalışır. Əslində isə məqsəd kəşfiyyat-pozuculuq fəaliyyətinə cəlb etmək, maddi maraq zəminində ölkəmizdəki ictimai-siyasi, hərbi sahədəki vəziyyət, iqtisadi layihələr, Dağlıq Qarabağ problemi ilə bağlı yürüdülən siyasətdə baş verə biləcək dəyişikliklər barədə məlumatlar toplamaqdır… “Region” Tədqiqat Mərkəzi tərəfindən jurnalist fəaliyyəti pərdəsi altında 2002-ci ildən başlayaraq, Leyla Yunusovanın təsisçisi və direktoru olduğu, hüquqi qeydiyyatı olmayan “Sülh və Demokratiya İnstitutu” adlı qurumla əlaqələr yaradılıb beynəlxalq donor təşkilatlardan alınan qrant vəsaitləri hesabına maddi maraq zəminində xarici kəşfiyyata şəxslərin casus kimi ələ alınmaları üçün Rauf Mirqədirovun Ermənistana səfərləri təşkil edilib, Azərbaycanın bir sıra digər vətəndaşlarının məxfi əməkdaşlığa cəlb edilmələrinə ciddi səylər göstərilib… Rauf Mirqədirov 2008-ci ildə ”Fridrix Nauman Fondu”nun təşkilatçılığı ilə Türkiyədə Gürcüstanın və Ermənistanın nümayəndələrinin də iştirak etdikləri konfransda olan zaman Ermənistanın sabiq mili təhlükəsizlik naziri David Şahnazaryan onunla qapalı görüş keçirib. Həmin görüşdən sonra Rauf Mirqədirov öz internet yazışmalarında Laura Baqdasaryana Dağlıq Qarabağ probleminin həlli perspektivləri ilə bağlı David Şahnazaryanın fikirləri ilə razılaşdığını bildirib, Azərbaycana qarşı istifadə məqsədilə ictimai-siyasi, sənaye, energetika, hərbi-texniki təchizat sahələrində mövcud vəziyyət barədə məlumatlar toplayaraq dövlət və hərbi sirri təşkil edən hərbi hissələrin, aerodrom və sair strateji əhəmiyyətli dövlət obyektlərinin yerlərinin dəqiqliklə təsvir olunduğu sxemi fotoşəkillər əlavə olunmaqla ötürüb. O cümlədən R.Mirqədirov Azərbaycan hakimiyyətinin guya ABŞ-a İrana hazırlanan hərbi müdaxilədə öz ərazilərindən istifadə etməsinə icazə verməsi, ABŞ tərəfindən Bakıda gizli hərbi obyektlərinin tikiləcəyi, Zığ şosesinin betondan hazırlanmaqla yol tikintisinin gələcəkdə İrana hərbi zərbələr endirilməsi zamanı hərbi təyyarələrin uçuş-enmə zolağı kimi istifadə olunması məqsədilə maliyyələşdirilməsi, qeyd olunan ərazilərin və digər hərbi obyektlərin fotoşəkilləri və sxemləri ilə birgə məlumatları ötürüb. Həmin məlumatlar Ermənistan xüsusi xidmət orqanları tərəfindən Azərbaycan ilə İran arasında mövcud münasibətlərə ziyan vurulması və düşmənçilik münasibətlərinin yaradılması üçün istifadə edilib. Rauf Mirqədirov Laura Baqdasaryanın tapşırıqları əsasında 2008-2013-cü illərdə dəfələrlə Gürcüstanın “Sadaxlo” sərhəd-buraxılış məntəqəsini keçməklə Ermənistana səfərlər etmiş, orada Laura Baqdasaryan, David Şahnazaryan və erməni milliyyətindən olan digər şəxslərlə görüşlər keçirib…”.
Bu açıqlama ittiham üzrə məhkəmə hökmünün mətninin bəri başdan hazırlanması anlamına gəlir. Bu o deməkdir ki, həmkarımızı ağır cəza ilə cəzalandırmasalar, MTN bu işdən əl çəkəsi deyil, çünki ortalıqda bu idarənin keçirdiyi və motivi bəlli olmayan əməliyyat faktı var.
Seyranla Stepanın nağılı
Amma Rauf Mirqədirovun müdafiə tərəfi də öz arqumentlərini geçikdirmədi. Mirqədirovun tərəfindən yayılan bəyanata keçməmişdən əvvəl MTN-in yaydığı bəyanatın uzun illərin və ya hətta ayların əməliyyat prosesinin nəticəsində deyil, tələm-tələsik hazırladığını sübut edən bir faktı diqqətinizə çatdıraq. Bəyanatda adı çəkilən Laura Baqdasaryan dərhal reaksiya verib ki, onun atasının adı orada yazıldığının əksinə olaraq Stepan deyil, Seyrandır. Yalnız tələsik hazırlanan bir bəyanat Seyranı Stepanla qarışdıra bilər.
Əfsanəvi Samvel və onun MTN-lə əlaqələri
Mirqədirovun vəkillərinin yaydığı cavab açıqlamasında MTN-in bəyanatının etibarlılığını şübhə altına salan bir neçə mühüm arqumentlər sadalanır.
1. Baş Prokurorluğun sübut kimi qələmə verdiyi diskləri «Samvel» adlı şəxsin verməsi, müdafiə tərəfinin o versiyasını təsdiq edir ki, bu, Ermənistan xüsusi xidmətlərinin məqsədyönlü əməliyyatı olub və Dağlıq Qarabaq, Azərbaycan – Ermənistan mövzusunda ölkəmizin maraqlarını layiqincə təsvir və təmsil edən Mirqədirovun jurnalist və politoloq fəaliyyətinin qarşısının alınmasına yönəlib.
2. Sözügedən məlumata görə, Ermənistan xüsusi xidmətləri əvvəl Mirqədirovu ələ alıblar, sonra isə Azərbaycan hüquq mühafizə orqanlarına məlumat göndərməklə qiymətli «məxfi əməkdaşı» sıradan çıxarıblar. Bu, Mirqədirovu komprometasiya (gözdən salma) əməliyyatı deyilsə, belə çıxır ki, Ermənistan xüsusi xidmətləri ölkəmizin müvafiq qurumları ilə sıx əməkdaşlıqdadırlar.
3. Rauf Mirqədirovun Tbilisidə Laura Baqdasaryan və adını xatırlamadağı (prokurorluğun isə Araik Şirvanyan kimi təqdim etdiyi) şəxslə görüşünə gəlincə, belə 5 il yarım bundan əvvəl bir görüş olub və Mirqədirov həmin görüşdə Ermənistan deyil, Qərbi Avropa institutlarından birinin Cənubi Qafqaz üzrə layihəsində iştiraka ilkin razılıq verib, bu barədə müqavilə imzalayıb. Prokurorluğun məntiqi ilə götürsək, bu nəticəyə gələrik ki, beynəlxalq qrant layihələri ilə bağlı hər hansı danışıqların aparılması yolverilməzdir və casusluq kimi qiymətləndirilə bilər.
4. Məlumatda göstərilib ki, Laura Baqdasaryanın rəhbərlik etdiyi “Region” Tədqiqat Mərkəzi 2008-ci ildən (!) başlayaraq çoxsaylı Azərbaycan vətəndaşlarını kəşfiyyat-pozuculuq fəaliyyətinə cəlb etmək məqsədi güdüb. Xüsusi xidmət orqanlarının ən mühüm vəzifələrindən biri düşmən dövlətlərin Azərbaycan ərazisindəki dağıdıcılıq fəaliyyətinin qarşısını almaq olduğu halda, bunu bilən müvafiq yerli orqanlar hansı səbəbdən indiyə kimi heç bir tədbir görməyib, insanları məlumatlandırmayıb?
5. ”Fridrix Nauman” Fondunun 2008-ci ildə Türkiyədə təşkil etdiyi konfransla bağlı da faktları təhrif edən məlumat müəlliflərinin onlarla şəxslə yanaşı David Şahnazaryanın konfransda iştirak etməsini Rauf Mirqədirovun qanunsuz fəaliyyəti kimi təqdim etməsi gülüncdür. Rauf Mirqədirovun Dağlıq Qarabağ probleminin həlli perspektivləri ilə bağlı David Şahnazaryanın məhz hansı fikirləri ilə razılaşdığını bildirməyən prokurorluq unudur ki, Şahnazaryan hələ 20 il bundan əvvəl Ağdam, Qubadlı, Zəngilan, Kəlbəcər və s., yəni Dağlıq Qarabağ ərazisinə daxil olmayan rayonların azad edilməsi tərəfdarı olub.
6. O ki qaldı dövlət və hərbi sirr təşkil edən hərbi hissələrin, aerodrom və sair strateji əhəmiyyətli dövlət obyektlərinin yerlərinin təsvir olunduğu sxem, fotoşəkillərə, bu da həqiqətdən tamamilə uzaq bir iddiadır! R.Mirqədirovun sərəncamında nə hərbi peyklər, nə də AVAKS sistemi olub. Qalan iddialar ilə bağlı R.Mirqədirovun məqalələrini oxumaq kifayətdir. O hər bir səfəri ilə bağlı geniş məqalələr yazaraq, təəssuratlarını oxucularla bölüşüb.
7. Beləliklə, adıçəkilən məlumatı hərfi başa düşsək, Mirqədirova münasibətdə Ermənistan və Azərbaycan hüquq mühafizə orqanlarının mövqeyi üst-üstə düşür. Əslində isə Mirqədirovun həbsi və xüsusilə ağır cinayətdə təqsirləndirilməsi, onun region mediasından bu yolla uzaqlaşdırılması Ermənistan xüsusi xidmətlərinin uğurlu əməliyyatı kimi qiymətləndirilməlidir. Ermənistanın hansı dövlətin strateji müttəfiqi olmasını nəzərə alsaq, bu, Mirqədirovun həqiqətən də sanballı politoloq olduğunu göstərir.
Tarix təkrardan ibarətdir
Bu faktlara və bəyanat atışmalarına konkret qiymət vermədən davam edək. MTN-in bu və ya digər hadisə haqqında oxşar bəyanatlar verməsi halları olubmu, olubsa, bu bəyanatlarda səsləndirilən faktlar sonradan, məhkəmə istintaqı və ya ilkin istintaq zamanı təsdiqini tapıbmı? Həm də, xüsusi olaraq, onu qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyi polis sahə müvəkilli məntəqəsi deyil və ciddi sayılmayacaq, əsası olmayacaq, arqumentasiya baxımından, ən azı, gülüş doğurmayacaq açıqlamalar verməlidir. Məsələn, bu günlərdə Gürcüstanda müsadirə edilmiş 3 ton heroinlə bağlı MTN hələ öz sözünü deməyib və ola bilər ki, tam aşkarlığı ilə ortalıqda olan bu cinayət hadisəsi ilə bağlı əlavə əməliyyat məlumatları və arqumentlər toplamaqdadır. Buna görə də bir qədər “qədim” hadisələrə baş çəkək.
Dövləti çevirəsi olmayan nazirlərin işi
2005-ci ilin sentyabr ayında Azərbaycan üçün xarakterik olmayan bir hadisə baş verdi. Bu hadisə ilə bağlı AZƏRBAYCAN RESPUBLİKASI BAŞ PROKURORLUĞU, MİLLİ TƏHLÜKƏSİZLİK VƏ DAXİLİ İŞLƏR NAZİRLİKLƏRİNİN birgə müəllifləyi ilə qan donduran bir açıqlama yayıldı. “Azərbaycan Respublikasında hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, kütləvi iğtişaşa hazırlıq” və bu müdhiş cinayətlərə sanki yedək kimi əlavə edilmiş “mənimsəmə və ya israf etmə maddələri” ilə başlanmış cinayət işi üzrə aparılan istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirlərinin nəticəsi elan edildi.
Bu bəyanatda Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İşlər İdarəsinin sabiq müdiri Akif Muradverdiyev, «Azərkimya» Dövlət Şirkətinin sabiq prezidenti Fikrət Sadıqov, Rəsul Quliyev, sabiq səhiyyə naziri Əli İnsanov, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev, sabiq maliyyə naziri Fikrət Yusifov və hakimiyyətin zorla ələ keçirilməsində maraqlı olan digər şəxslər haqqında dəhşətli ittihamlar qeyd edilmişdi. Hətta bu ittiham üzrə aparılan istintaqın gedişində də həmin dəhşətli bəyanatın bəzi epizodlarını təsdiq edəcək ifadələr əldə edilmişdi. Guya Fərhad Əliyev indiki hakimiyyətin sonuna az qaldığını, özünün və Əli İnsanovun heç nədən qorxmadığını, bu baxımdan mövcud iqtidara qarşı fəaliyyətin gücləndirilməsinin vacibliyi barədə söhbətlər aparıblar, dövlət çevrilişi- filan planlayıblar. O zamanlar Xızı rayonundakı bir kənd bələdiyyəsinin sədri və bu gün də deyəsən haralardasa biznesini sürdürən Nəcəfqulu Quliyev adlı adam da bu söhbətləri öz qulağı ilə eşitdiyini təsdiq etmişdi. Amma MTN-in və digər mötəbər hüquq mühafizə orqanlarının birgə imzaladıqları bu açıqlama sonradan yalnız bir istiqamət üzrə – korrupsiya məsələləri üzrə davam etdirildi, məlum oldu ki, heç bir dövlət çevrilişi-zad söhbəti olmayıb. Korrupsiya isə elə bir məsələdir ki, Azərbaycan hakimiyyətinin yaratdığı indiki gerçəklik şəraitində məktəb direktorundan prezidentə qədər hər kəsi ittiham etmək üçün istənilən qədər fakt tapmaq mümkündür. Əslində heç bu faktları xüsusi olaraq, axtarmağa da ehtiyac yoxdur, çünki onların hamısı ortalıqdadır. Hüquq mühafizə orqanlarının sözü gedən bəyanatı isə həm cəmiyyətin bu hadisə ilə maraqlanmasının qarşısının alınması, həm də həbsə atılanların özlərinin sakitləşdirilməsi üçün yaradılan profilaktik qorxudan başqa bir şey deyildi. Bu “əməliyyat” üzrə həbs edilənlər cəzalandırıldı, bəziləri cəzalarını çəkib qurtarıblar, bəziləri əfv ediliblər, bəziləri isə hələ də içəridədir. Amma onlardan heç biri bu bəyanatda göstərildiyi kimi, dövlət çevrilişi söhbətlərinə görə cəzalandırılmayıb, çünki elə bir söhbət, olmamışdı.
Ermənilərə çörək daşıyan azərbaycanlının milyonları hara getdi
Nazirlərin işindən əvvəl isə yenə də MTN və Baş Prokurorluğun, hətta deyəsən DİN-in də adının olduğu başqa daha qorxulu bir bəyanat verilmişdi. Bu bəyanatda söhbət ondan gedirdi ki, Azərbaycanın cəbhə təmas xəttində ermənilərlə işbirliyi quran gizli hərbi-təsərrüfat- diversant-kamanevçi-zinovyevçi-trotskiçi-…. bir qrup aşkar edilib. Bu hadisə ilə bağlı MTN-in Hərbi Əks Kəşfiyyat İdarəsinin və Hərbi Prokurorluğun yaratdığı birgə qrup istintaq aparırdı. Bəyanatı oxuyanda adamın tükləri biz-biz dururdu. Belə çıxırdı ki, burada adları çəkilən adamlar getdilər gedər-gəlməzə və bunu haqq edərək. Söhbət Güləbirdli Vaqif kimi tanınan keçmiş hərbçi Vaqif Cabbarov haqqında səsləndirilən cinayət seriyasından gedirdi. Vaxtı ilə Laçındakı Güləbird batalyonunun komandiri olmuş həmin şəxs daha sonra Füzuli rayonunun Böyük Bəhmənli kəndində məskunlaşmışdı. Sayıq çekistlərimiz iddia edirdilər ki, hələ döyüş əməliyyatları gedən zamanlarda ermənilərlə əlaqə quran V.Cabbarov Azərbaycanın Laçındakı Silahlı Qüvvələri, onların tutduqları mövqelər və digər məsələlər barədə düşmənə məlumat verib (Bu hissədə həmin köhnə bəyanat Rauf Mirqədirov haqqında yazılan təzə bəyanata çox bənzəyir). Laçının işğalından sonra da ermənilərlə əlaqələrini kəsməyib, hər gün rayondan 150-200 çörək alaraq ermənilərə verirmiş. Həmçinin onlara Azərbaycan ordusu barədə də məlumatlar ötürürmüş. Bildirildiyinə görə, V.Cabbarovla birlikdə onun oğlanları Cəlal, Aqil, Cabbar Cabbarovlar, V. Cabbarovun kürəkəni Şakir və onun oğlanları Amillə Anar da həbs olunublar. Şakir Beyləqanda “Sedmoy” adlanan ərazidə yerləşən “N” saylı hərbi hissənin maddi-texniki təminat xidmətinin rəisi işləyirmiş. V.Cabbarovun oğlanlarından biri Almaniyada yaşayıb və orada bizneslə məşğul imiş. O da Almaniyada həbs olunaraq Azərbaycana gətirilib. Məlumata görə, V.Cabbarovun həyətindəki ot tayasının altından külli miqdarda silah-sursat tapılıb. Ondan 2700 xırda, 1500 iri buynuzlu mal-qara, 1 ədəd “KamAZ” (qoşqulu), 2 ədəd hərbi maşın – “Ural”, “UAZ”, 1 ədəd “QAZ 53”, 1 ədəd “LADA 07”, 1 ədəd “Niva”, bir ədəd xarici markalı maşınlar, müxtəlif növ silahlar müsadirə olunub. V.Cabbarovun oğlu Cəlal Cabbarovun Füzulinin Alıxanlı kəndinin yaxınlığında yerləşən qoyunçuluq yataqları, ailənin Bakıdakı maşın təmiri sexləri və avtomobil hissələri satan mağazaları da əllərindən alınıb. Məlumata görə, V.Cabbarov həbsindən bir ay əvvəl Laçında toyda olub. Hətta o da bildirilir ki, V.Cabbarovun Azərbaycanın işğal olunmuş ərazilərində həşiş və narkotik bitki plantasiyaları da olub. Bütün bu məlumatlar MTN, DİN və Baş Prokurorluğun birgə bəyanatlarında yazılmışdı. Ölkə bir-birinə qarışmışdı. Amma nəticə bilirsiniz, nə oldu? Güləbirdli Vaqif hansısa mənasız bir epizoda görə bir il iş aldı və bu söhbət öldü. Söhbət həm də ona görə öldü ki, Vaqif Cabbarova məxsus, müsadirə olunan mal və mülkün sonrakı taleyi barədə heç kimdə heç bir xəbər olmadı. Maşınlar, qoyun sürürləri, mağazalar- filan. Narkotika plantasiyaları isə boş şey idi. Ermənilərə gündə 150-200 çorək verilməsi söhbəti də avara söhbət idi və bunlar həbs edilənlərə qarşı ictimai nifrətin tüğyan etməsi üçün zəruri “ədviyyat” olaraq bəyanata əlavə edilmişdi. Ot tayasının altındakı silahları da otla birlikdə inəklər yedi. Amma inəklərin yeyə bilmədiyi mal və mülk siyahısı naməlum hüquqi və fiziki ünvanlara rəsmiləşdirildi.
Şahnazaryan belə demişdir!
Bu qəbildən olan daha bir bəyanat isə jurnalist Rauf Mirqədirovun haqqında elan edilib. Onun mülkləri yoxdur. İş siyasi işdir. Buna görə də verilən bəyanatda “pobolşe zəhrimara” olmalıdır ki, sonradan bəyanatı verənlərin qətiyyəti hansısa məhkəmə qarşısında dağılıb getməsin, ictimai xof da necə lazımdırsa, eləcə də qalsın. Bizim hüquq mühafizə orqanlarının bu qəbildən olan istənilən açqlamasını götürüb bu aspektdən təhlil eləmək olar…
Yeri gəlmişkən, Mirqədirovla bağlı bu təzə bəyanatda bildirilir ki, o, Dağlıq Qarabağla ilgili məsələlərdə Ermənistanın sabiq milli təhlükəsizlik naziri David Şahnazaryanla həmrəy imiş. Həmin David Şahnazaryan isə israrla iddia edirdi ki, işğal olunmuş rayonlar Azərbaycana qaytarılmalıdır.
Belə-belə işlər…
Azad Akifoğlu