“Azərbaycandakı rejim Qərbə təhlükə törədir”

Avropa Birliyinin strateqi Əliyev hökumətini “avtoritar rejim” adlandırdı

Karl Bild: “Azərbaycan xüsusi hadisədir. Burada hökumət neft və avtoritar idarəetmə üzərində bərqərar olub”

İsveçin Xarici işlər naziri Karl Bild Vaşinqtonda Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramının iştirakçısı olan dövlətlər haqda çıxış edərkən Azərbaycan hökumətinə qarşı ciddi bəyanatlar səsləndirib. O, Azərbaycanda avtoritar rejimin hökm sürməsi səbəbindən bu ölkənin Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramında iştirakının səmimiliyinə ciddi şübhələri olduğunu bildirib.

“Azərbaycan xüsusi hadisədir. Bu ölkədə hökumət neft və avtoritar idarəetmə üzərində bərqərar olub və bizə problemlər yaradır”, – deyə cənab Bild ötən həftə Vaşinqtonda çıxış edərkən deyib.

Atlantik Şuranın iclasında çıxış edən isveçli nazir qeyd edib ki, “Şərq Tərəfdaşlığı” proqramı 2008-ci ildə qəbul olunduğu vaxtla müqayisədə indi daha çox problemlə üzləşir.

“Eyni zamanda, üç ölkə – Gürcüstan, Moldova və Ukrayna bu istiqamətdə fəal şəkildə irəliləyir. Ermənistan Gömrük Ittifaqına qoşulmaq qərarı verdi. Əslində, Yerevanın xüsusi bir seçimi də olmayıb. Moskvaya çağırıb, seçim qarşısında qoyublar. Onları məcbur ediblər”, – deyə Karl Bild qeyd edib.

İsveçin xarici siyasət idarəsinin rəhbəri deyir ki, Belarusla bağlı vəziyyət qeyri-müəyyəndir: “Bu ölkə enerji baxımından Rusiyadan asılıdır, amma belarusların bütövlükdə Rusiyanın siyasətinə münasibəti kəskin mənfidir. Hazırda Rusiya Qərb dəyərlərinə ciddi təhlükə olaraq qalmaqda davam edir və bu ölkənin Ukraynaya qarşı işğalçılığı istisna olunmur. Amma bunun davam etməsi hazırkı Rusiyanın sonu ola bilər”.

Qeyd edək ki, Karl Bild dünyada təkcə Isveçin xarici işlər naziri deyil, həm də Avropa Ittifaqının xarici siyasətinin əsas strateqlərindən biri hesab olunur. O, bu gün təşkilatın xarici siyasət kursunun həyata keçirilməsində çox mühüm rol oynayan azsaylı şəxslərdən biridir. Ukrayna hadisələrinin qaynar vaxtlarında tez-tez onun Avropa Ittifaqının mövqeyini ifadə edən mühüm bəyanatlarının şahidi olmuşuq. Bu mənada, onun Azərbaycan hakimiyyətini diktatura rejimi adlandırması ölkəmizlə bağlı çox ciddi mətləblərdən xəbər verir.