Fuad Qəhrəmanlı: «Müxalifət ən minimal halda prezident seçkilərində ikinci tura ümid edə bilər ki, bu zaman belə Ərdoğanın qələbəsi daha yüksək görünür»
Xəbər verdiyimiz kimi Türkiyədə olan nur təriqətinin nümayəndələri ölkədə keçiriləcək olan prezident seçkilərində səs verəcəkləri namizədin adını açıqlayıblar. Nur camaatı adlanan təriqətin bir qolu olan “Yeni Asyaçılar”, prezident seçkilərində Cümhuriyyət Xlaq Partiyasi (CHP) və Milliyətçi Xalq Partiyasından (MHP) namizəd olan Əkmələddin İhsanoğluna səs verəcəklərini açıqlayıblar.
Bununla bağlı Gülənə məxsus televiziya kanallarında birində yayımlanan proqrama qonaq gələn Yeni Asya qəzetinin baş direktoru Kazım Güləçyüz açıqlama verib. O, dövlətin bir başa dindarlaşdırılmasının əleyhinə olduqlarını söyləyib.
Açıqlaması zamanı Güləçyüz ölkə baş naziri Rəcəb Tayyib Ərdoğanın “nurçuluğ”u öz nəzarəti altına almağa çalışdığına işarə vurub.
Türkiyədə prezident seçkiləri öncəsi baş verənlər maraq doğurur. Çünki hazırda Türkiyənin müxalifət qüvvələri bir-birinin ardınca İhsanoğlunun namizədliyini dəstəkləyir. Ona görə də, Türkiyədə kfiayət qədər nüfuzu olan şəxslərin bu addımlarının ikinci tura səbəb olacağını düşünənlər az deyil.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı hesab edir ki, Türkiyənin siyasi qüvvələrinin mövqeyi hələ heç də cəmiyyətin mütəşəkkiliyini ifadə etmir. Son bələdiyyə seçkilərində Ərdoğanın cəmiyyətdəki nüfuzunu açıq formada ortaya qoyduğunu deyən F.Qəhrəmanlı bildirdi ki, o zaman Ərdoğanla Gülən arasında savaş pik həddinə çatmışdı: «O zaman «Nurçular» tam güclərini səfərbər etdiklər ki, müxalifətin üstünlüyü təmin olunsun. Bu zaman da müxalifətin bələdiyyə seçkilərində qalib gəlməsi üçün ittifaqı var idi. Sadəcə olaraq hazırda müxalifətin ittifaqı özünü daha qabarıq formada göstərməkdədir. Amma Ərdoğan seçkilərdə qalib gəlməyi bacardı. İndi anti-Ərdoğan koalisiyasının formalaşması o demək deyil bu ittifaq AKP-nin namizədinə qalib gələcək».
AKP-nin Türkiyə cəmiyyətində sosial bazasının kifayət qədər güclü olduğunu deyən F.Qəhrəmanlı bildirdi ki, hakim partiyanın iqtisadi rıçaqları əlində saxlaması, bələdiyyələrdəki üstünlüyü prezident seçkilərində də uğur vəd edir. «Müxalifət ən minimal halda prezident seçkilərində ikinci tura ümid edə bilər ki, bu zaman da Ərdoğanın qələbəsi daha yüksək görünür», deyə F.Qəhrəmanlı vurğuladı.
Xəyal


