Eyyub Hüseynov: «Nə qədər ki, qida təhlükəsizliyi haqqında qanun qəbul edilməyib, sertifikat verən orqan bir əldə cəmləşib, belə problemlər olacaq»
Iqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və Istehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti dondurma sexində qanun pozuntusu aşkarlayıb. Xidmət tərəfindən Bakı şəhəri, Binəqədi rayonunda yerləşən fiziki şəxs Məmmədov Arif Firudin oğluna məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı markalanmasında düzgün olmayan məlumatlar verilməklə, istehlakçıların çaşdırılmasına səbəb olan dondurmaların istehsal edildiyi müəyyən olunub.
Belə ki, yoxlama zamanı “Gskimo QOST”, “Plombir”, “Pətiqorskoe”, “Plombir SSSR” və “Maqnat Gskimo” adlı dondurmaların markalanmasında məhsulun qida və enerci dəyəri barədə düzgün olmayan məlumatların verildiyi müəyyən edilib.
Diqqəti çəkən məqam ondan ibarətdir ki, bir müddət öncə Standartlaşdırma idarəsi də başqa markalı dondurmaları “qara siyahı”ya salmışdı. Yəni, müxtəlif qurumlar, müxtəlif markalı dondurmaların keyfiyyətsiz olduğunu qabardaraq ictimaiyyətdə çaşqınlıq yaradılrlar.
Bəzi ekspertlər hesab edir ki, yay mövsümü dondurmaya böyük tələbat olduğu üçün, bu sahəni monopoliyaya almış məmurlar arasında bazar davası gedir. Belə ki, hərə öz məhsulunun alıcısını artırmaq üçün, digər məhsulun zərərli olduğunu qabardır.
Başqa bir məqam ondan ibarətdir ki, bu dondurmaların yararsız olması haqqında məlumat veriləndən sonra bu məhsullar nəinki satışdan yığışdırılır, əksinə daha da artır.
Belə çıxır ki, ya yayılan məlumatlar yalandır, ya da hökumət bu şəbəkə ilə bacara bilmir.
Azad Istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, Azərbaycanda qida sahəsində ciddi problemlər var və bunun səbəblərindən biri də məmurların biznes fəaliyyəti ilə məşğul olmasıdır: “Bir tərəfdən müəyyən marka dondurmaların zərərli olmasından söhbət gedir, digər tərəfdən bu məhsullar yüksək səviyyədə reklam olunur. Bu cür anormal hallar çoxdur, eyni zamanda zərərli dondurmalar da var. Dövlət məmurlarının bazara təsiri, monopalizm və qida təhlükəsizliyi ilə bağlı məsələlər həllini tapmalıdır. Başlıca problem ondan ibarətdir ki, ölkədə qida təhlükəsizliyi haqqında qanun yoxdur. Nə qədər ki, müstəqil ekspertiza yoxdur, nə qədər ki, məmur qanunsuz biznes fəaliyyəti ilə məşğul olur, nə qədər ki, sertifikat verən orqanlar bir əldə cəmləşib bu problemlər olacaqdır. Bizim təşkilat Amerika inkişaf agentliyinin dəstəyi ilə araşdırma apardı və məlum oldu ki, cəmi 1 marka dondurma istehsalında qida təhlükəsizliyinə nəzarət edilib. Ona görə də istehlakçılar diqqətli olmalıdılar”.
Akif


