Bastiliyanın alınması və… taxıl bayramı

Dünən yenə çal-çağırdı. Azərbaycan telekanallarında şit-şit mahnıların biri bir qəpikdi. Bu sevinci, toy-bayramı tuta bilmədim. Sonradan yadıma düşdü ki, dünən Bastiliyanın alınması günüydü. Yəni Fransanın milli bayramıydı. Açığı, mənə bir qədər qəribə göründü. Bu iqtidar öz milli bayramlarımızı qoyub kənara, gündə bir girdirmə bayram keçirir. Bəs Fransanın milli bayramını keçirmək kimin ağlına gəlib? Düzü, biz tərəflərdə biri bu tip iş tutanda hamının qınaq obyektinə çevrilir və ona reaksiya eyni olur: “Səylərin qırılsın”!

YAP iqtidarı Fransanı həmişə ermənipərəstlikdə qınayıb, mətbuatında onların ünvanına ağzına gələni yazıb, yadınızda olarsa, hakim partiyanın deputatlarından biri lap uzağa gedərək bu ölkənin keçmiş prezidentini təhqir etmişdi: “Jak Şirak qudurub”. Elə beləcə də demişdi. Bu qudurğanlığı nədə gördüyünü xatırlamıram, ancaq deputatın bu cür danışması heç yaxşı iş deyildi, mandatı pulla alsa belə…

İndi bunlara nə düşüb ki, düşmən ölkənin (düşmənimin dostu mənim düşmənimdir – yeni atalar məsəli) milli bayramını belə təntənəylə qutlayırlar. Kanallardan biri Ağstafadan canlı yayımla konsert verirdi. Orda səhnənin lap başında “Taxıl bayramınız mübarək!” yazılmışdı. Üstəlik, konsert verilən parkın ətrafında, səhnənin lap yanında… traktorlar, kombaynlar düzülmüşdü. Əvvəlcə elə bildim konserti bu cansız texnika üçün verirlər (son çağlar adətdir axı, itə-pişiyə konsert verirlər), ancaq sağ olsun operatoru, kameranı fırlatdı və gördüm ki, Hizami Cəfərov da (deputat-professoru deyirəm) ordadır. O tək deyildi, qabaq sırada olduğundan gözümə birinci sataşmışdı, sonra gördüm ki, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri də bura yığışıb. Yenə fikrim qarışdı; Bastiliya, Fransa hara, taxıl bayramı hara… Hələ statistik məlumatlarda da hər il taxıl istehsalı sahəsində gerilədiyimizin şahidi oluruq. Bu boyda ərazisi, münbit torpağı olan ölkə taxıl tələbatını idxal hesabına ödəyir. Sənədlərdə min hektarlarla torpaq əkilsə də, milyonlarla manat silinsə də… əhalinin çörəyi üçün taxıl Qazaxıstandan, Ukraynadan alınır. Həsə dolaşıqlıq vardı, gərək ağstafalılardan soruşam.

Səhnədə də Mətanət İsgəndərli. Gülər Əhmədova, Elşad Abdullayev, Ramiz Mehdiyev, mandat, atvyorka və s. olaylardan yadınızda olar. Güman edirəm ki, unutmamısınız. Unudulası da deyil axı. O da yadınızda olar ki, bu müğənnini ABU-nun keçmiş rektoru, indi Fransada (yenə Fransa) mühacir həyatı yaşayan Elşad Abdullayev qardaşı, uzun illərdir itkin düşmüş Mahir Abdullayevə xəyanətdə ittiham etmişdi. Mətanətsə Ağstafada gur səslə (fonoqram öz yerində) oxuyurdu: “Xəyanətə yox deyək…”

Sonrasının necə olduğunu bilmədim, başım qarışdı. Bir saatdan sonra yenidən həmin kanalda konsertin davam etdiyini gördüm. Bu dəfə Ağadadaş Ağayev oxuyurdu:

…Ulu öndər balasıdır

Yenilməzlik qalasıdır

Qarabağı alasıdır…

Bu mahnı məni xeyli sevindirdi. Bilməyənlər üçün deyim ki, mahnıda söhbət dövlət başçısı İlham Əliyevdən gedirdi. İstədim qarabağlı dostlara zəng edəm, şad xəbəri çatdıram, ancaq sonra bu fikirdən daşındım. Axı mahnıda alacaq demir, “alasıdır” deyir. Boş yerə sevindirmək adamlarda pis ovqat yaradır, əllərini yerdən-göydən üzür… Bunun bir anlamı indi aparılan siyasətə tam uyğundur. Həmişə deyirlər ki, lazım gəlsə… Aha, deməli, şərt var. Hə vaxt lazım gəlsə, istək olsa, könlü istəsə Qarabağı alasıdır. Başqa anlamı da odur ki, neçəyə olsa alasıdır. Puluna minnət, Salman bəy demişkən. Bu artıq bazar söhbətidir. Çoxdandır xariclə bu dildə danışırlar, bazarlığa gedirlər; istər insan haqları, istərsə də demokratiya sahəsində. Avropa Məhkəməsinə də əlləri çatır artıq. Hər yerdə “kürü diplomatiyası” aparırlar. Görünür, qarabağlıları da sevindirəcəklər, ancaq lazım gəlsə, Qarabağı alası olsa… Bastiliyanın alındığı kimi…