Braziliyanın bu kökə düşməsinin baiskarı nə futbolçulardı, nə də baş məşqçi Filipp Skolari. Komandanın urvatsız çıxış etməsinin günahkarı Braziliya Futbol Federasiyasıdı (BFF). Bu ölkə son 5 ildə dünya səviyyəli bir oyunçu yetişdirməyib. Bircə dənə Neymardı, o da həddindən artıq şişirdilib. Heç bir güclü komandanın lideri olmağa haqqı yoxdu. Qana, ABŞ, Rusiya, Iran bu kimi futbol üzrə üçüncü, dördüncü növ ölkələrin millilərinin lideri ola bilər. Nəinki Almaniya, Hollandiya, Italiya, hazırda eniş dövrünü yaşayan Ingiltərə yığmasında oynasa belə komandanın liderliyinə yüksəlməz, oyunçuları arxasınca daşımaq iqtidarında olmaz.
Braziliyanın almanlara (1:7), hollandlara (0:3) acı məğlubiyyəti, bundan başqa, istər qrupda, istərsə də 1/8, 1/4 final matçlarında baxımlı, məzmunlu oyun nümayiş etdirə bilməməsində BFF böyük məsuliyyət daşıyır. Korrupsiyaya qurşanan bu qurum hər şeyi alver predmetinə çevirib. Təsəvvür edin, Braziliya ilə orta hesabla 1500 futbolçu dünyaya ixrac edir. Dünya futbol bazarına son dörd ildə ən azı 6 min futbolçu buraxan Braziliya bu yarışa 23 oyunçu çıxarda bilmədi… Bəli, Braziliyanın heyətində Tiaqo Silva, David Luiz, Oskar, Ramires, Qustavo kimi oyunçular var. Ancaq onu da etiraf edək ki, bu heyət sambaçıların Dünya Çempionatına göndərdiyi ən zəifdi. Hətta 2006-cı ildə oyununu itirən Ronaldinyolu, Kakalı Braziliya daha güclü idi. Komandanın belə olmasına səbəb nədir? Ölkə millisinin başında duranların məsuliyyətsizliyi, səbəbsiz yerə özünə güvənc və korrupsiya.
BFF meydan amilinə güvənirdi. Həm də federasiya ölkədəki baş verən tüğyana görə rahat idi. Düşünürdü ki, FIFA ölkədə acların dünya çempionatının Braziliyada keçirilməsinə etiraz edirlər, bu səbəbdən sambaçıların yarımfinala qədər irəliləməsinə yardımçı olacaqlar. Əks halda çempionat yarımçıq qala bilər. Yarımfinaldan sonra isə Allah Kərimdi.
Hə, FIFA referiləri Braziliyaya qarşı simpatiya bəsləyirdilər. Məsələn, ilk açılış matçında – Xorvatiya ilə qarşılaşmada rəqibin qapısına 11 metrlik cərimə zərbəsinin təyin olunması və bu kimi amillər Pelenin həmvətənlərinə yardımçı oldu. Sonu nəylə bitdi? Yarımfinala qədər FIFA-ya ümid bəsləyən BFF ölkəsinin elə 1/2-də darmadağın olmasına şahidlik etdi.
1994-cü ildə Braziliyanı Dünya çempionu edən əfsanəvi futbolçu, hazırda deputat olan Romario da ölkəsinin almanlara biabırçı məğlubiyyətinin günahını BFF-də gördü. Dedi ki, baş məşqçi və futbolçularda günah yoxdu, məsuliyyəti korrupsiyaya bulaşmış futbol qurumun rəhbərliyi daşıyır.
20-ci Dünya Çempionatının qızıl medallarını hansı komandanın üzvləri qazansa, 1-2 aydan sonra həmin ölkənin azarkeşləri bunu unudacaqlar, tarix kimi yaddaşlarına həkk edib həzz alacaqlar. Ancaq Braziliyanın gözüyaşlı fanatları növbəti dünya çempionatına qədər qəhər içində yaşayacaqlar. Qarşıdakı dörd ilə Braziliya milli komandası o qədər güclü hazırlaşmalıdı ki, bu acı nəticələri unutdura bilsinlər. Ancaq indiki BFF rəhbərliyilə 21-ci Dünya Çemiponatına çıxmaq heç mümkün deyil. Çünki Latın Amerikası ölkələri getdikcə daha da güclənir. Argentina, Uruqvay, Çili, Kolumbiya komandalarına bu cür oyunla qalib gəlmək olmaz. Budəfəki yarış Braziliyada keçirilməsəydi, kim bilir, bəlkə də sambaçılar heç Dünya Çempionatına vəsiqə qazana bilməyəcəkdi. Meydan amili onları oyun keçirmədən finala daşıdı…
Ramin DEKO


