YAP-ın qəzeti “Xilafət”i Vaşinqtonun keçmiş planı kimi təqdim etdi
Hakimiyyətin ABŞ əleyhinə təbliğatı davam edir. Əvvəlcə ABŞ-ı Azərbaycanın daxili işlərinə qarışmaqda, Ukraynada iğtişaşlar yaratmaqda, “Molotov kokteyli”nin istifadəsində ittiham etdilər. Daha sonra belə bir təbliğat aparıldı ki, bəzi şəxslərin Azərbaycana qarşı tənqidi münasibətləri, ABŞ-ın rəsmi mövqeyi deyil və Azərbaycanla ABŞ arasında isti münasibətlər mövcuddur. Proseslərin sonrakı mərhələsi isə göstərdi ki, demokratiya və insan haqları ABŞ siyasətində prioritetdir və heç bir əməkdaşlıq forması bunu ikinci plana keçirməyəcək.
Bundan sonra ABŞ-a qarşı növbəti kampaniya başladı və Ramiz Mehdiyev başda olmaqla hökumət təmsilçiləri ard-arda hücuma keçdilər.
Indiki mərhələdə isə hakimiyyət ABŞ-ı İŞİD-lə “vurmağa” başlayıb. Belə ki, YAP-ın rəsmi qəzeti olan “Yeni Azərbaycan” da “ABŞ-ın yaxın şərq planı: İŞİD təzyiq alətidirmi?” başlıqlı yazı dərc olunub.
İŞİD-lə bağlı bugünə qədər müxtəlif mülahizələr olub və müxtəlif ölkələrin adları çəkilib. YAP-ın mətbu orqanı isə İŞİD-i birbaşa ABŞ-a bağlayır və Vaşinqtonun ötən əsrdən başlayan siyasətinin davamı kimi qiymətləndirir: “Əslində, bu proses keçən əsrin ikinci yarısından başlayaraq Vaşinqtonun Yaxın Şərq siyasətinin bir fraqmenti kimi start götürüb. Iraqın işğalından sonra bu plan müəyyən transformasiyalara məruz qaldı. Dəqiq deyilsə, ABŞ bir qədər geri çəkildi. Lakin Misir və Suriya hadisələrinin yaratdığı geosiyasi mənzərə bu ideyanı Vaşinqton üçün yenidən aktuallaşdırıb” – deyə məqalədə bildirilir.
Daha sonra müxtəlif xarici ekspertlərdən sitatlar gətirilir və bu prosesin müsəlman ölkələri üçün ciddi təhdid olduğu vurğulanır. Sonda isə belə mənzərə yaradılır ki, İŞİD özünü müstəqil dövlət edə bilər və Dağlıq Qarabağ kimi münaqişə bölgələrindəki terrorçuların əlinə fürsət düşə bilər.
Bir sözlə, hakimiyyətin rəsmi təbliğatı onun üzərində qurulub ki, bütün vasitələrlə ABŞ-ın mənfi imici formalaşdırılsın. ABŞ-ın İŞİD vasitəsilə qaralanması isə, təsadüfi deyil.
Bu gün İŞİD-ə qarşı böyük nifrət var. Bu qruplaşmanın müqəddəs ziyarətgahları dağıtması ilə bağlı tez-tez yayılan xəbərlər isə, insanları daha da qəzəbləndirir. Ona görə də hakimiyyət İŞİD amilini fürsət kimi qiymətləndirir və ABŞ-ı bu təbliğatla ləkələməyə çalışır.
Bir sözlə, hakimiyyət ABŞ-ın demokratiya tələblərinə ittihamlarla cavab verir.
Görünür, hakimiyyət son dövrlərdə dünyanın artan təzyiqləri qarşısında, yalnız bu cür “müdafiə” olunmağı məqbul sayır.
Akif