“Xarici havadar” tələsi

Qeyri-Hökumət Təşkilatlarına total hücum son günlərin əsas mövzularındandır. Hücum o qədər şiddətlənib ki, bir neçə QHT təmsilçisi “Həyəcan” qrupu yaratmaq zorunda qalıb. Bu qrupu “SOS” adlandırmaq daha düzgün olardı. Düzdür, bəziləri irad tutacaq ki, “SOS”da elə həyəcandır. Razıyam, ancaq SOS suyun boğaza çıxdığı, batmağın an məsələsi olan qısa zamandır, məncə. Ordan oyanası yoxdur.
“Həyəcan” qrupu ötən il, ya da heç olmasa bu ilin əvvəllərində yaradılmalıydı. Bəlkə, onda nəyisə xilas eləmək mümkün olardı. Indi durum çox ağırdır, üstəlik, yaydır, guya istirahət vaxtıdır, az-çox imkanı çatanlar “dağlara çəkilib”. Yəni harayın heç eşidilmədiyi çağlardır. Əslində, harayımız, demək olar, ilin bütün fəsillərində eşidilmir, ya da az eşidilir. Hər halda gecikib, çox gecikib…
Dünən QHT-lərlə bağlı başqa bir xəbər də qarşıma çıxdı. QHT-lərə Dövlət Dəstəyi Şurası 22 xarici qeyri-hökumət təşkilatının maliyyələşdirilməsi ilə bağlı qərar verib. Bunun arxasında dayananları sadalamağa gərək yox, əvvəldə yazmışam. Hakimiyyətin bu “xarici” siyasəti daxili QHT-ləri sıradan çıxarmağa hesablanıb. Bu yöndə də “uğurlu” iş aparılır. Müstəqil QHT-lərin sayı minimuma endirilib (müstəqil qəzetlər kimi), indi onlar da qurtulmaq üçün “Həyəcan” deyib haray salırlar. Bu öz yerində. Mənə maraqlı gəldi ki, hakimiyyətin qrant ayırdığı bu xarici QHT-lər hansılardır. Hansı xarici dövlətdəki QHT-nin avtoritarizmin hökmran olduğu ölkənin yardımına ehtiyacı var? Yayılan məlumatda 15 dövlətdən 42 layihə təklifi gəldiyi bildirilir, onlardan da 22-nə ekspertlər müsbət rəy verib. Şuranın saytında bütün bunları dəqiqləşdirmək istəsəm də, cəhdim uğursuz oldu. Saytın xəbərlər bölməsinə sonuncu xəbər 30 iyunda qoyulub. Istəyirdim öyrənəm ki, xarici dövlətlərin layihələrinin mövzusu nədir, Azərbaycan hökumətini cəlb edən hansı layihələrdir. Bu layihələrdən həmin dövlətlərin cəmiyyəti nə qazanacaq, hansı fayda əldə edəcək. Doğrudanmı belə layihələrin maliyyələşdirilməsinə ehtiyac var? QHT-lər faydalı işlə məşğuldularsa, bundan toplum qazanırsa, nədən bəs yerli vətəndaş cəmiyyəti institutları (müstəqillərdən söhbət gedir, “donqili” qurumlar söz konusu deyil) sıradan çıxarılır, onlara qarşı ağlasığmaz üsullarla mübarizə aparılır? Bu və başqa suallara Şuranın saytında cavab tapa bilmədim. Yuxarıda dedim axı, indi yaydır, istirahət vaxtıdır…
Yeri gəlmişkən, saytda 30 iyunda yerləşdirilmiş bir xəbər də var: “Şuranın dəstəyi ilə Çexiyada Qarabağa aid məlumat çadırı qurulub”. Deməli, Praqadakı Təhsil və Tolerantlığın Təşviqi Mərkəzi Azərbaycan hökumətindən qrant alıb ki, Qarabağla bağlı təşviqat, təbliğat aparacaq. Ancaq bunun üçün uzun müddət meriyadan icazə ala bilməyib. Saytda yerləşdirilən şəkildən görünür ki, alınan icazə də müvəqqətidir, hesabat üçün şəkil çəkdirib çadırı yığışdıracaqlar. Saxtakarlığı ora da apardılar. Qalan layihələr də belədirsə…
Yazını xəbərlərlə başladığım kimi, onunla da yekunlaşdırım. Bu xəbər jurnalistlərə “müjdədir”. Azərbaycan Jurnalistlərinin Həmkarlar Ittifaqı (JuHI) Avropa Komissiyasından 3 illiyinə layihə alıb. Deyəcəksiz ki, bizə nə? Düzdür, sizə, bizə dəxli yoxdur, ancaq Azərbaycan jurnalistlərinin adına alınıb axı. Üstəlik, tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov “Həmkarlar təşkilatlarının bacarıqlarının inkişaf etdirilməsi” layihəsinə ciddi dəstək verəcəklərini bildirib. Mətbuat Şurası bununla da yetərlənməyib, Ilham Əliyevin müxtəlif illərə ad verməsindən vəcdə gələrək növbəti ili “Azərbaycan jurnalistikasında həmkarlar hərəkatı ili” elan edib. Jurnalistikanın, həmkarlığın sıradan çıxarıldığı ölkədə olacaq bütün bunlar. Gülümsəyin, cənablar, gülümsəyin!
Görəsən Ədliyyə Nazirliyi bu qrantı qeydə alıb?