Rəsmi dövlət qəzeti Avropanı «top»a tutdu
Azərbaycandakı real vəziyyətin dünya müstəvisinə çıxması və ölkə həqiqətlərinin açıq şəkildə ifadə olunması hakimiyyəti pərt vəziyyətə saldı. Həm AŞPA-nın sessiyasında, həm ATƏT PA-nın Bakı sessiyasında hakimiyyət çətin suallarla üzləşdi və növbəti dəfə dünyaya yalan sıramaq mümkün olmadı.
Həm ölkədəki anti-demokratik vəziyyət, həm siyasi məhbus məsələsi, həm də korrupsiya halları geniş müzakirə olundu və Azərbaycan hakimiyyətinə mesaj verildi ki, demokratiyanın alternativi yoxdur və Moldova, Gürcüstan, Ukraynadan sonra demokratiyanın növbəti dayanacağı Azərbaycan olacaq. Hakimiyyət isə bu tendensiyadan bərk narahat olub və əks hücuma start verib.
Son günlər hökumət qəzetlərində anti-Qərb kampaniyasının güclənməsi onu göstərir ki, Qərblə münasibətlər biz düşündüyümüzdən də pis həddədir.
Artıq 3 gündür ki, “Azərbaycan” qəzetində “Demokratik inkişafın Azərbaycan nümunəsi” başlıqlı silsilə məqalələr dərc olunur. Yazıya diqqət edəndə yalanı üzə çıxmış adamın əsəbi şəkildə “yaxşı eləmişəm” etirafını görmək olur.
Məqalənin girişi hər dəfə Ramiz Mehdiyevin sitatları ilə başlayır və Ilham Əliyevin çıxışları ilə davam etdirilir. Bir sözlə məqalənin hər cümləsində Ramiz Mehdiyevin nəfəsi hiss olunur.
Birinci yazıda “Amnesty International”, “Freedom House”, “Article-19″, ”Human Rights Watch”, “Norveç Insan Haqları evi” kimi təşkilatlar beynəlxalq hüququ iflic vəziyyətə salmaqda və qərəzli mövqe tutmaqda ittiham edilir. Daha sonra ATƏT PA-nın Bakı sessiyasında Ilham Əliyevi demokratiya imtahanına çəkənlər çirkin kampaniyada günahlandırılır və Azərbaycana qarşı savaş açıldığı bildirilir.
“Əslində, iqtisadi böhranın dərinləşdiyi, sosial problemlər səbəbindən kütləvi iğtişaşların baş verdiyi, aksiyaların son zərurət həddini aşan vasitələr – rezin güllələr, ”bibər qazı” ilə dağıdıldığı Ingiltərə, Yunanıstan, Ispaniya, Italiya, Almaniya və digər Avropa ölkələrindən fərqli olaraq, Azərbaycanda son illərdə qeyri-adi, “təxirəsalınmaz” müzakirəyə ehtiyac duyulan hansısa fövqəlhadisə baş vermir” – deyə məqalədə vurğulanır.
Artıq vəziyyət o həddə çatıb ki, hakimiyyət Avropanı sərbəst toplaşma azadlığına imkan verməməkdə qınayır. Yəqin, bu “arqument”lərə avropalılar gülür. Öz ölkəndə müxalifət partiyasının qərərgahını partladıb, partiyanın kiçik tədbirlər keçirməsinə imkan vermədiyin halda, Avropanı ittiham etmək arqumentlərin öldüyü reallıqdır.
Daha sonra Ramiz Mehdiyevin sitatlarından güc alan məqalədə yazılır “Avropa Şurasının Nazirlər Kobinetinə sədrlik edən ölkənin rəhbəri kimi AŞPA-da çıxış edən Prezident əslində, özündən müştəbeh deputatlara dərs keçdi. Onlara demokratiya və insan hüquqları, beynəlxalq hüququn qorunması və qəbul edilən qətnamələrin icra vəziyyəti ilə bağlı mövzularda boşboğazlıqla yox, real fəaliyyətlə iş görməyin gərəkliliyini başa saldı”.
Bütün dünya gördü ki, Ilham Əliyev AŞPA-da imtahan verdi və “2″ aldı. Məqalə müəllifi isə ”sinifdə qalan” prezidentin, dərs keçdiyini iddia edir. Yəqin ki, dünya bu günə qədər özünətəsəllinin bu formasını görməyib.
Məqalənin başqa bir hissəsində yazılır: “Bu gün Avropa böyük burulğanın içindədir. Qitə dövlətlərinin əksəriyyətində iqtisadi böhranla əlaqədar insanların sosial və mülki hüquqlarının təminatına qarşı yönəlmiş tədbirlər həyata keçirilir. Insanlar iş yerlərini itirir, dövlət qulluqçularının maaşları azaldılır, pensiya yaşı yüksəldilir. Bütün bunların fonunda Azərbaycanın analoqu olmayan dinamik iqtisadi inkişaf yolu keçməsi, görünür, Avropada bəzi dövlətləri, qüvvələri əməlli-başlı qayğılandırır”.
Hakimiyyət elə kritik vəziyyətə düşüb ki, Avropanı maaşların azlığında, sosial hüquqlara təminat verməməkdə ittiham edir. Əvvəla həmin ölkələrdə fəaliyyət göstərən bir telefon şirkətinin büdcəsi, Azərbaycanın büdcəsindən çoxdur. Digər tərəfdən Avropada kasıb vətəndaşa verilən sosial müavinətin 6 ayını vətəndaşdan rüşvət kimi geri almırlar. Maaş məsələsini qabartmaq isə özünüifşadır. 20 ildir analoqu olmayan hakimiyyət, müəllimin maaşını 150- 200 manatdan yuxarı qaldıra bilmir.
Məqalə müəllifi hər yerdən ümidi kəsiləndən sonra isə, Avropanı IŞID-in yaranmasında günahlandırır və bu prosesi Əfqanıstan, Iraq ssenarisinin davamı kimi qiymətləndirir.
Sonda isə bildirilir ki, Azərbaycan Avropa ilə əməkdaşlıqda maraqlıdır və bunu xarici siyasətin əsas prioritetlərindən biri kimi elan edib.
Görünür, balanslaşma siyasətinin əsas fəlsəfəsi paradokslardan ibarətdir. Avropanı bütün pisliklərdə ittiham edib, sonra Avropa ilə əməkdaşlığı prioritet hesab etmək “siyasi şedevr”di.
Bir sözlə, hakimiyyət Avropanın vurduğu “tərs şillə”nin ağrısını hələ də unutmayıb və siyasi məğlubiyyətin acısını Avropanı söyməklə xəfiflədir.
Akif


