Maksim Musayevdən YAP rəhbərlərinə ağır ittihamlar

“YAP-ı bu adamlar indiki tənəzzül vəziyyətinə gətirib çıxarıb”

“İlham Əliyevin yürütdüyü xarici siyasət bəzən hətta Heydər Əliyevin gördüyü işlərdən də üstün təsir bağışlayır…”

Hakim Yeni Azərbaycan Partiyasındakı (YAP) sakitliyi öz gurultulu bəyanat və açıqlamaları ilə ara-sıra pozan Maksim Musayev partiya rəhbərliyindəki şəxslərin ünvanına yenidən ittihamlar səsləndirib.

Milli Məclisin və YAP Siyasi Şurasının keçmiş üzvü, Xızı rayonunun sabiq icra başçısı olan Maksim Musayev virtualaz.org saytına müsahibəsində bildirib ki, o, heç vaxt YAP-ın özünə qarşı çıxmayıb, amma partiyanın rəhbərliyində yer alan şəxsləri, daha konkret desək, Əli Əhmədovu, Eldar İbrahimovu və Siyavuş Novruzovu tənqid edib və bundan sonra da tənqid edəcək.

“Çünki ölkənin ən böyük siyasi təşkilatı olan YAP-ı məhz bu adamlar – Əli Əhmədov, Eldar İbrahimov və Siyavuş Novruzov indiki tənəzzül vəziyyətinə gətirib çıxarıb. Partiyadaxili diskussiyalar, siyasi dialoq mühiti məhz bu adamların səyləri ilə praktiki olaraq məhv edilib. Halbuki YAP-ın yarandığı illərdə rəhmətlik Heydər Əliyev siyasi plüralizmin və partiyadaxili demokratiyanın çox böyük rol oynadığını dəfələrlə və dönə-dönə vurğulayırdı. Deyirdi ki, bunlar olmasa, səmərəli fəaliyyət göstərmək mümkün olmayacaq. Adını çəkdiyim adamlar indi cavab versinlər görək, onlar o böyük liderimizin bu tövsiyə, nəsihət və vəsiyyətinin ziddinə gedərək partiya daxilindəki demokratik təsisatları, demokratik mühiti niyə məhv etdilər” – deyə uzun illər mərhum prezident Heydər Əliyevlə işləyən, onu yaxşı tanıyan və YAP-ın banisinin partiyanın qarşısında hansı vəzifələri qoyduğunu, təşkilatı nələrdən qorumaq istədiyini yaxşı bildiyini deyən M.Musayev sual edir.

Bir vaxtlar YAP-ın yaradılmasında fəal iştirak edən partiya veteranı bildirir ki, o, bu gün özünü bəzən hətta heç YAP üzvü də adlandırmaq istəmir: “Mən Heydər Əliyev Partiyasının üzvüyəm və ömrümün sonuna qədər də belə qalacağam”.

M.Musayev öz partiyadaşlarının ünvanına ağır ittihamlar da səsləndirdi: “Biz bu partiyanı yaradanda Əli Əhmədovla Siyavuş Novruzov harada idilər? O zaman müxalifət düşərgəsinə sığınan Əli Əhmədov bizi, ilk YAP-çıları yeri gəldi-gəlmədi söyür, hər şeyə görə günahlandırırdı. İllər sonra mən Etibar Məmmədovdan soruşdum ki, AMİP Əli Əhmədovu öz sıralarından niyə xaric etdi. Etibar Məmmədov da dedi ki, Əli Əhmədov öz vəzifəsinin öhdəsindən sadəcə olaraq gələ bilmirdi, ona görə çıxardıq. YAP Əli Əhmədovun üzv olduğu artıq üçüncü partiyadır. O, AMİP üzvü olana qədər də kommunist idi. Mən bunu qətiyyən istisna etmirəm ki, əgər nəsə bir hadisə baş versə, Əhmədov o dəqiqə YAP-ı da tərk edib başqa bir partiyaya keçəcək. Qısası, Əli Əhmədov kimi adamlardan ötrü heç bir prinsip mövcud deyil. Buna görə də Əhmədov və onun kimilər mənim partiyanın həyatında iştirak etməyimi istəmirlər. Gözəl bilirlər ki, susmayıb onların iç üzünü açacam. Əli Əhmədov mənim yerlim olsa da bekara adamdır”.

YAP-ın veteranı partiyanın indiki rəhbərləri barədəki sərt tənqidi fikirlərini belə davam etdirdi: “Bizim YAP-ın yaradılması uğrunda necə mübarizə apardığımızı partiyanın bütün ağsaqqalları yaxşı bilirlər. Rəhmətlik partiyadaşlarım və məsləkdaşlarım Murtuz Ələsgərov, Sirus Təbrizli, Rəfael Allahverdiyev ölkəmizin həmin ağır günlərində sadəcə olaraq inanılmaz mətanət və dəyanət göstərdilər. Rəhmətlik Heydər Əliyev öz əzəməti və dəyanəti ilə bizə nümunə göstərir, ilham verirdi. O, bizə böyük hörmətlə yanaşır, bizi həmişə diqqətlə dinləyir, dəstəkləyib müdafiə edir, bizimlə məsləhətləşirdi. Bəs Siyavuş Novruzov onda harada idi? Təmizini deyim ki, Siyavuş Novruzov o vaxtlar bizimlə sadəcə salamlaşmağı da özünə böyük şərəf bilirdi. İndiki YAP bizim o vaxt yaratdığımız YAP-dan onunla fərqlənir ki, biz Əli Əhmədov, Siyavuş Novruzov kimiləri o zaman hətta qapıdan içəri buraxmırdıq”.

M.Musayevin sözlərinə görə, onu daha çox narahat edən məsələ başqadır: “Məni hiddətləndirən odur ki, partiya funksionerləri burnunun ucundan uzağı görə bilməməsi ilə prezidentin Azərbaycanın dünyadakı mövqelərini gücləndirmək üçün göstərdiyi titanik səylərə mane olurlar. İlham Əliyev çox müdrik xarici siyasət yürüdür. O, Azərbaycanı dəfələrlə müxtəlif təhlükələrdən xilas edib. Hətta bunu da çəkinmədən demək istəyirəm ki, İlham Əliyevin yürütdüyü xarici siyasət bəzən hətta Heydər Əliyevin beynəlxalq aləmdə gördüyü işlərdən də üstün və uğurlu təsir bağışlayır. Amma təəssüf ki, bunu daxili siyasət barədə deyə bilmərəm. Ölkədə korrupsiya və məmur özbaşınalığı problemi hələ də həll olunmayıb. Məncə, prezidentimiz bütün bu məsələlərdə daha qətiyyətli, kadrlar seçərkən isə daha diqqətli olmalıdır”.