Ölkə başçısının banklarla bağlı fikirlərinin pərdəarxası
Ölkə başçısı İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ən diqqətçəkən məqamlardan biri də ölkə başçısının banklarla bağlı fikirləridir. Ilham Əliyev çıxışı zamanı bildirib: “Banklar iqtisadiyyatın real sektoruna vəsait ayırır.
Bizdə də belə olmalıdır. Bizdə isə belə deyildir. Bu sahəyə çox ciddi fikir verilməlidir. Bu gün dövlət büdcəsində banklara güzəştli şərtlərlə nəzərdə tutulan 300 milyon manat kredit verilir ki, banklar bu vəsaiti sahibkarlara paylasınlar. Yəni, bu, bankların öz resursları deyil, dövlətdən verilən resurslardır. Banklar bunu paylayır, eyni zamanda, hələ pul da qazanırlar. Yəni, bu, Azərbaycan dövlətinin özəl banklara olan böyük bir imtiyazıdır, güzəştidir. Hansı ölkədə dövlət özəl banklara pul verir, özü də bu şərtlərlə?! Amma bizdə Mərkəzi Bank lazım gəldikdə özəl banklara kredit resursları verir ki, onlar pul qazansınlar. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə banklara hər il 300 milyon manat verilir ki, pul qazansınlar. Bəs onlar nə üçün iqtisadiyyatın real sektoruna kreditlər ayırmırlar? Nə üçün daha çox istehlak kreditləri verirlər? Pul qazanmaq üçün.
Mən etiraz etmirəm, ancaq dövlətin siyasəti vardır və dövlət özəl bankları dəstəkləyir. Qeyd etdiyim kimi, kreditlər verir, şərait yaradır ki, pul qazansınlar. Onlar da öz məsuliyyətini dərk etməlidirlər. Dövlət siyasətini, xüsusilə ölkəmizin inkişafı ilə bağlı olan siyasəti görərək kənarda durmaq nə dərəcədə mümkündür?! Əgər belədirsə dövlət o banklara niyə kömək göstərməlidir?! Ona görə burada çox ciddi islahatlar aparılmalıdır. Birinci növbədə, məsələ təhlil edilməlidir. Yəqin ki, bu təhlil vardır. Mənə məlumat verilməlidir ki, Azərbaycanın özəl bankları iqtisadiyyatın real sektoruna hansı həcmdə, nə qədər vəsait qoyur. Onların kredit portfelində iqtisadiyyatın real sektoruna ayrılan vəsait ya investisiya, ya kredit şəklində nə qədərdir və onlar digər sahələrə nə qədər kredit ayırırlar? Mən bunu bilməliyəm və ondan sonra öz qərarımı verəcəyəm. Yenə də deyirəm, mən Azərbaycanın özəl sektorunun inkişafına çox böyük dəstək verirəm. Əgər belə olmasaydı bu gün bu qədər inkişaf olmazdı. Ancaq, eyni zamanda, özəl sektor da öz məsuliyyətini dərk etməlidir və ümumi işimizə töhfə verməlidir”.
Əlbəttə, ilk baxışda ölkə başçısının bu fikirləri ilə Azərbaycandakı banklardan iqtisadiyyatın inkişafı üçün istifadə etməyi təşviq etdiyi görünür. Lakin məsələnin mahiyyəti başqadır. Azərbaycanda 40-dan artıq bank fəaliyyət göstərir. Bu bankların əhəmiyyətli hissəsi məmur-oliqarxlara, yerdə qalanı da hakimiyyətə yaxınlığı ilə seçilən şəxslərə məxsusdur. Bu banklarda kredit portfeli 15 -17 milyard civarındadır. Həmin vəasitin də təxminən 5 milyardı əhalinin əmanətidir, yerdə qalanı isə oliqarxlara məxsusdur. Beləliklə, aydın oldu ki, banklar da, ordakı pullar da Ilham Əliyevin komandasında və yan-yörəsində olan adamlarındır. Ölkə başçısı da onların kredit portfelini öyrənmək istəyir və investisiya kreditləri verməyi tələb edir. Bəs, Azərbaycanda investisiya kreditlərini kimlər ala bilər? Əlbəttə ki, elə həmin oliqarxların yaxınları. Məgər Azərbaycanda tikinti biznesi onların nəzarətində deyil? Amma Ilham Əliyevin də fikirlərindən görünür ki, oliqarxlar hətta yaxınlarına belə investisiya kreditləri ayırmaqda maraqlı deyillər. Bunun da səbəbi həmin oliqarx-məmurların istənilən vaxt hakimiyyətin hədəfinə gələcəyi qorxusudur. Bu halda əlbəttə ki, əvvəlcə onlara və yaxınlarına məxsus əmlaklar əllərindən alınacaq. Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və digər “vurulan” məmurların timsalında bunun şahidi olmuşuq. Ilham Əliyevin niyyəti isə bu üsulla onların banklardakı pullarını nəzarətə götürmək və öz istədiyi kimi yararlanmaqdır. Güman ki, yaxın vaxtlarda bundan duyuq düşən oliqarxlar banklardakı pullarının miqdarını azaltmaqla məşğul olacaqlar.