Nəqliyyat Nazirliyinin mətbuat xidməti nazirin məzuniyyətdə olduğunu deyir
Ötən gün prezident İlham Əliyevin sədriliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirildi.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nəqliyyat naziri Ziya Məmmədov, gənclər və idman naziri Azad Rəhimov və Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin iclasa qatılmaması diqqət çəkib.
Qaynar.info-ya daxil olan məlumata görə, Əbülfəz Qarayev Xorvatiyada olduğu üçün iştirak edə bilməyib. Amma Ziya Məmmədovun, Azad Rəhimovun və Aydın Əliyevin iclasa qatılmamasının səbəbi bəlli deyil.
“Azadlıq” Ziya Məmmədovun müşavirədə iştirak etməməsinin səbəbi ilə bağlı Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovla əlaqə saxlayıb. Namiq Həsənov deyib ki, nazirin müçavirədə olmamasının səbəbi iyun ayının 25-dən 20 günlük məzuniyyət götürməsi ilə bağlıdır. “Ziya müəllim gələn həftə işə çıxacaq. Buna başqa rəng verilməsini doğru saymıram”,- deyə o bildirib.
Gənclər və İdman Nazirliyi ilə isə əlaqə saxlamaq mümrün olmayıb.


