Problemlərin həlli əvəzinə, inkişaf nağılları
Azərbaycanın ən problemli sahələrindən biri də səhiyyə sahəsidir. Bu sahədəki real vəziyyətin ağırlığı heç kimə sirr deyil və ölkə vətəndaşları bu çətinliyi hər gün öz həyatlarında hiss edirlər. Buna baxmayaraq hökumət təmsilçiləri səhiyyənin inkişafından, bu sahəyə yatırılan investisiyanın həcmindən həvəslə danışırlar.
Səhiyyə Naziri Oqtay Şirəliyev bildirib ki, ötən əsrin əvvəllərində Azərbaycanda 300-dən bir az artıq həkim çalışırdısa, indi bu rəqəm 32 mini keçib və səhiyyə sahəsində imkanlar ildən-ilə artır. “Bu gün insanlar Azərbaycan səhiyyəsini ABŞ, Ingiltərə səhiyyəsi ilə müqayisə edirlər və onlarla eyni səviyyədə olmasını istəyirlər. Əlbəttə ki, biz də bunu istəyirik və bunun üçün çalışırıq. Inşallah, bizim səhiyyəmiz onlardan da yüksək səviyyədə olacaq. Azərbaycanda vaxtilə hansısa ciddi problemi olan ağır xəstənin rayonlarda müalicəsindən söhbət gedə bilməzdi. Həmin şəxslər mütləq paytaxta gətirilirdi. Ancaq indi xəstələr yalnız ciddi zərurət yaranan hallarda Bakıya gətirilir” – deyə Oqtay Şirəliyev bildirib.
Səhiyyəmiz ABŞ-a hansı “marşrut”la gedir?
Oqtay müəllimin fikirləri qulağa xoş gəlir və elə təsəvvür yaranır ki, səhiyyəmiz dünyaya səs salıb. Nazir daha da uzağa gedərək iddia edir ki, səhiyyəmiz ABŞ səhiyyəsini də ötəcək.
Bu məqamda sual yaranır. Cənab nazir, 10 ildir Bakıda icbari tibbi sığorta haqqında qanunun tətbiqinə nail olmadığınız halda, ABŞ səhiyyəsinə hansı “marşrut”la gedəcəksiniz?.
Qeyd edək ki, “Icbari tibbi sığorta haqqında qanun”un qəbul olunması, bu sahədəki korrupsiyanın qarşısının alınması deməkdir. Ancaq, Azərbaycanda adi analiz verilməsindən, cərrahiyyə əməliyyatlarına qədər bütün proseslərə görə “haqq” alındığı üçün, məmurlar bu qanunun qəbulunda maraqlı deyillər. Yəni, ABŞ səhiyyəsinə çatmaq üçün, əvvəlcə ABŞ-dakılar kimi düşünmək lazımdır.
Daha sonra nazir qürurla bildirir ki, həkimlərin sayı 300-dən 32000-ə qalxıb. Və bu göstəricini səhiyyənin inkişafı kimi qiymətləndirir. Real vəziyyət isə onu göstərir ki, həkimin sayının artması, səhiyyənin inkişafına xidmət etmir. Həkimə 150-200 manat əmək haqqı verib, sonra səhiyyəni ABŞ səviyyəsinə qaldırmağı düşünmək, sadəcə maraqlı lətifə ola bilər.
Bu gün Azərbaycanda özəl klinikalar ilə, dövlət klinikaları arasında ciddi qiymət fərqi yoxdur. Məsələn, adi doğuş qiyməti dövlət klinikalarında 600-800 manata başa gəlir, özəl klinikalarda da eyni məbləğ qarşılığında həmin xidməti göstərirlər. Üstəlik “lüks” otağın qiyməti 100 manatdır və müjdə verən həkimlərə də “şirinlik” paylamalısan.
Yaxşı olar ki, Oqtay Şirəliyev əvvəlcə özəl xəstəxanalarla, dövlət xəstəxanaları arasında fərq yaratmağa nail olsun, sonra ABŞ səhiyyəsi ilə rəqabətə girər.
Nazir daha sonra bildirir ki, Bakıya yalnız zərurət yarandığı halda xəstə gətirilir. Nazir demək istəyir ki, rayonlarda da əhalinin tibbi təminatı yüksək vəziyyətdədir.
Əslində, bu məsələdə Oqtay Şirəliyev haqlıdır. Həqiqətən də rayonlardan Bakıya az xəstə gətirilir. Çünki, həmin xəstələr Irana, Türkiyəyə, Israilə, Almaniyaya üz tuturlar. Ona görə ki, Azərbaycanda ürək xəstəsinə böyrək diaqnozunun qoyulması ehtimalı var.
Xatırlayırsınızsa, bir müddət əvvəl Azərbaycanın bütün əraziləri üzrə pulsuz müayinələr aparıldı və məlum oldu ki, ölkədə o qədər də xəstə yoxdur. Ancaq rəsmi məlumatda bildirilirdi ki, 2013-cü ildə Azərbaycandan Irana müalicə olunmaq üçün 1 miloyn insan gedib.
Görünür, hökumətimiz üçün səhiyyənin inkişafı, bahalı diaqnostika mərkəzlərinin tikilməsindən ibarətdir.
Əli Əhmədov səhiyyənin düşmənini tapıb
Səhiyyədəki vəziyyətlə bağlı Baş nazirin müavini Əli Əhmədov da münasibət bildirib: “Ölkədə 500-dən artıq müasir tibb müəssisələri yaradılıb. Indiki mərhələ isə islahatın yeni pilləsinə qalxmaqdan ibarətdir. Bu islahatların tərkib hissəsindən biri də son vaxtlar bizi çox narahat edən amil olan vətəndaşlarımızın müalicə üçün daha çox xarici ölkələrə üz tutmasıdır. Məqsədimiz ondan ibarətdir ki, bu cür gedişləri minimuma endirək. Bundan başqa, Azərbaycana başqa ölkələrdən gələn, peşəkarlıq səviyyəsi o qədər də aydın olmayan həkimlərin fəaliyyəti nəzarətə götürülməlidir. Çünki bu cür həkimlərin fəaliyyəti nəticəsində bir sıra fəsadlar ortaya çıxıb. Aparacağımız islahatlar nəticəsində bunu da aradan qaldıracağıq. Bizim məqsədimiz azərbaycanlı həkimin etibarını artırmaqdır”.
Əli Əhmədov Oqtay Şirəliyev kimi xarici səhiyyəni ötməkdən danışmasa da, günahı xaricilərin belinə yükləməyə çalışıb. Əli müəllim deyir ki, vətəndaşların müalicə üçün xarici ölkələrə getməsindən narahatdırlar. Cənab Əhmədovun narahatlığı başa düşüləndir. Çünki, vətəndaşların xaricə müalicəyə getməsi, milyonlarla vəsaitin əldən çıxmasıdır. Hökumətin əlacı olsa xaricə müalicəyə gedənlərlə bağlı cinayət məcəlləsinə maddə əlavə edər.
Ancaq təcrübə onu göstərir ki, səhiyyənin inkişafından danışanlar özləri də, xaricdə müalicə olunurlar. Son dövrlər hansısa jurnalistin, yazıçının, aktyorun və digər sferadan olan adamların müalicəsinə dövlət tərəfindən yardım edildiyi ilə bağlı xəbərlər yayılır. Və məlum olur ki, bu adamlar müalicə üçün xarici ölkələrə göndərilib. Hökumətdə yüksək vəzifə tutan şəxslər də bir qayda olaraq ölkə xaricində müalicə olunurlar.
Əgər Azərbaycanda səhiyyə inkişaf edibsə, niyə bu adamlar ölkə səhiyyəsinə etibar etmir? Əli Əhmədov xaricdən gələn həkimlərin qeyri-peşəkarlığı nəticəsində fəsadların ortaya çıxdığını bildirir. Əvvəla xaricdən gələn həkilmərin təbliğatını aparan hakimiyyətin nəzarətində olan televiziyalar, həmin həkimlərin çalışdığı müəssisələr isə məmurlara məxsus klinikalardı. Eyni zamanda onun da şahidi olmuşuq ki, xaricdən gələn peşəkar və savadlı həkimlər ölkədən uzaqlaşdırılır. Çünki, onlar xəstələrə qoyulmuş saxta diaqnozları ifşa edir və bununla da kimlərinsə “bazar”ına girirlər.
Bütün bəlaların başında səhiyyədəki korrupsiya durur. Bunu isə xaricdən gələn həkimlər yox, həkimin etibarına xələl gətirmiş hakimiyyət edir. Bir sözlə, Azərbaycanda səhiyyənin özünü sağaltmaq lazımdır.
Akif


