Prokurora “dosta zəng” tövsiyəsi

Həbsdəki NIDA-çı Ilkin Rüstəmzadənin beyin tomoqrafiyasına ehtiyacı var; hakim isə hələlik buna icazə vermir

“NIDA” Vətəndaş Hərəkatı fəallarının şikayəti üzrə Bakı Apelyasiya Məhkəməsində proses davam edir. Hakim Həsən Əhmədovun sədrliyilə dünən bu iş üzrə növbəti məhkəmə iclası keçirilib.

Məhkəmə iclasında vəkil Elton Quliyev NIDA-çı fəallardan Ilkin Rüstəmzadənin səhhətilə bağlı vəsatət verib. Vəkil bildirib ki, Ilkinin səhhətində ciddi problemlər var. Müdafiəçi vəsatətində məhkəmədən Ilkinin özəl klinikalarda müayinəsi üçün razılıq verilməsini istəyib: “Hələ yanvar ayında təcridxana rəhbərliyinə Ilkinin müayinə və müalicəsi üçün məktub göndərmişdim. Lakin səmərə vermədi. Bu səbəbdən bir də müraciət elədik. Ilkin ayrı-ayrı xəstəliklərdən əziyyət çəkir. Onun müayinəsi üçün Penitensiar Xidmətin müalicə müəssisəsində lazım olan avadanlıq yoxdur. O, mütləq özəl klinikalardan birində müayinə olunmalıdır. Konkret olaraq, Ilkinlə bağlı beyin tomoqrafiyasına ehtiyac var. ”Həbs yerlərində saxlanılan şəxsin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunun 22.6-cı maddəsində göstərilir ki, şəxsin kənarda müayinəsi üçün cinayət təqibini həyata keçirən orqanın razılığı olmalıdır. Ilkinlə bağlı belə bir müayinəyə razılıq verilməsi məhkəmə prosesinin gedişinə mane olmur. Ona görə də xahiş edirəm ki, məsələyə qısqanclıqla yanaşmayasız və onun bu hüququnu təmin edəsiz”.
Təqsirləndirilən şəxslər və vəkillər də bu vəsatəti dəstəkləyiblər. Lakin prokuror vəsatətin əleyhinə çıxıb. Bildirib ki, Ilkin Rüstəmzadənin Penitensiar Xidmətin nəzdində olmayan klinikalarda müayinəsinə ehtiyac yoxdur. Lazım olarsa, kənardan mütəxəssis dəvət edilə bilər.

Bu da təqsirləndirilən şəxslər və onların vəkillərinin etirazına səbəb olub.

Elton Quliyev prokurorun və hakimlərin nəzərinə çatdırıb ki, bu, qanunun vətəndaşa verdiyi hüquqdur və təmin edilməlidir.
Ilkin Rüstəmzadənin də prokurora özünəməxsus etirazı olub: “Prokurora tövsiyə edirəm ki, ”dosta zəng” xidmətindən istifadə etsin. Bakı Ağır Cinayətlər Məhkəməsində bu işə çıxmış prokuror həmkarı ilə danışıb ondan soruşsun ki, qarşısında duranlar kimlərdir?”

Bütün etirazlara və söylənilən arqumentlərə baxmayaraq, məhkəmə vəsatətin baxılmamış saxlanılması barədə qərar verib. Hakim Həsən Əhmədov bildirib ki, araşdırma aparılacaq və zərurət yaranarsa, bu vəsatət təmin olunacaq.

Daha sonra Elton Quliyev hakimin diqqətinə çatdırıb ki, onlar ilkin baxış iclasının qərarından Ali Məhkəməyə kassasiya şikayəti vermək istəyirlər. Lakin qərarı hələ də ala bilməyiblər.

Qeyd edək ki, müdafiə tərəfi apellyasiya instansiyasında prosesin məhkəmə istintaqı aparılmaqla keçirilməsini istəmişdi. Lakin məhkəmə ilkin baxış iclasının qərarında bu vəsatəti təmin etməyərək, prosesin istintaq aparılmadan keçirilməsini müəyyənləşdirmişdi.
Hakim bildirib ki, qərarlar hazırdır və bütün vəkillərə təqdim olunub.
Məhkəmə prosesi iyulun 18-də davam etdiriləcək.

Aytən