Britaniya ilə hakimiyyət arasında gərginlik pik həddə çatıb

Azərbaycan hakimiyyətinin Böyük Britaniyadan ard-arda zərbələr aldığı barədə məlumat vermişdik. Bildirmişdik ki, son günlər hakimiyyət ən ciddi zərbələri məhz bu ölkədən alıb. Ölkə başçısı Ilham Əliyevin Avropa Şurası Parlament Assambleyasının sessiyasında britaniyalı deputat Pol Flinn tərəfindən çətin vəziyyətə salınması, bu ölkənin nüfuzlu nəşrlərində Əliyevlər barədə işfaedici materiallara geniş yer verilməsi və hətta uzun müddətdir Britaniyada iş aparan fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Taleh Heydərovun hədəfə gəlməsi buna nümunə ola bilər. Iş o yerə çatıb ki, artıq Taleh Heydərov təsisçisi olduğu Avropa-Azərbaycan Təşkilatını Böyük Britaniyadan Fransaya köçürmək qərarına gəlib.

Münasibətlərin gərginləşməsini sübut edən daha bir fakt məlum olub. Böyük Britaniya kraliçasının oğlu, Yorq hersoqu, şahzadə Endryu BP şefi Robert Dadlini Azərbaycana görə saraya çağırıb. Bu barədə Britaniyanın nüfuzlu “The Daily Mail” qəzeti məlumat yayıb.

Endryu BP-nin icraçı direktoru ilə iyulun 8-də Bukinhem sarayında qapalı görüş keçirib.

Şahzadənin mətbuat katibi Endryunun Robert Dadli ilə Bukinhem sarayında ikilikdə görüşdüyünü təsdiqləyib, lakin görüşün detalları ilə bağlı heç bir məlumat verməyib.

Ehtimal olunur ki, bu görüş məhz Britaniya və Azərbaycan hakimiyyəti arasında münasibətlərin gərginləşməsi ilə bağlıdır. Bundan başqa Ilham Əliyevin Azərbaycanın Britaniyadakı səfirini dəyişməsi də bununla izah olunur.