12 iyul mənim üçün iki böyük insanın doğum günü kimi əlamətdardır. Azərbaycanın ilk fikir babası Mirzə Fətəli Axundov məhz həmin gün doğulub.
12 iyul həm də keçən yüz ilin böyük şairlərindən, eyni zamanda, həyatını haqsızlığa, zülmə qarşı mübarizəyə həsr edən Pablo Nerudanın doğum günüdür.
Hər ikisini ehtiramla anıram.
***
Axundovun Azərbaycan üçün dəyərini anlatmağa ehtiyac yoxdur. Bu gün ölkənin yenidən dərin qaranlığa gömülməsinə çalışıldığı, cəhalətin, mövhumatın yenidən ayaq açıb yeriməyə başladığı, gündəmi nurçu, vəhhabi söhbətlərinin zəbt etdiyi, azərbaycanlıların Suriyaya cənnət axtarışına, cihada yollandığı, Iraqda beyqəfil ortaya çıxan, Islam xilafətini bərpa etdiyini elan edən IŞID-in belə, sıralarının bu cür həmyerlilərimizdən xali olmadığı xəbərlərinin gəldiyi, ələmuçuranların, cinçıxaranların topluma dəyər, fenomen kimi sırındığı bir vaxtda Axundovun hələ də aktuallığını qoruması nə qədər ağrılı olsa da, onun varlığının dəyəri də bizim üçün bir o qədər qürurvericidir.
Məhz Axundovla başlayan maarifçi dalğanın sayəsində biz dini terror, ekstremizm küləklərinin əsdiyi, “Əl-Qaidə”lərin, IŞID-lərin at oynatdığı, tam bir şəriət hegemoniyasının hökm sürdüyü ərəb ölkələrinə çevrilmədik. Düzdür, Azərbaycanın onillərdir yanlış idarə edilməsi təsəlli tapacağımız bu yeganə uğuru da təhlükə altına alır, Azərbaycanda da bu cür qorxunc təmayülləri təşviq edir, amma hər bir halda, Axundov və onun maarifçi davamçılarının fədakarlığı, əzabkeşliyi elmsizliyin, bilgisizliyin, cəhalətin, mövhumatın yol açdığı qaranlığa, bataqlığa qarşı daim bir dirəniş örnəyi, dövrümüzdə də eyni mücadiləni verənlər üçün ilham mənbəyi olaraq qalacaq.
Əminəm ki, XXI əsrdə Azərbaycanın gəldiyi-gətirildiyi nöqtə indi Axundovun sümüklərini sızladır. O, məzarında rahat uyumur. Molla Ibrahimxəlil kimyagərlərin hələ də bu torpaqlarda meydan suladığını görür və odur ki, ruhu narahatdır.
Eyni zamanda, aydın insanların, maarifpərvərlərin 150 ildən çoxdur bu torpaqlarda cəhalətə qarşı başlatdığı mübarizənin davam etdiyindən də xəbərdardır və bu, Axundovun ruhunu şad edir.
Həmin mübarizənin məntiqi sonluğuna çatacağı, mövhumat, xürafat, bir sözlə, din qaranlıqlarının aydınlanacağı, cəhalət bataqlıqlarının quruyacağı, Azərbaycanın mədəni, modern, çağdaş dünyanın bir parçası olmağa qədəm qoyacağı gün isə Axundovun və Axundovçuluğun rahatlıq, dinclik tapacağı gün olacaq.
***
Və Pablo Neruda.
Onun şeirləri əzilənlərin səsidir.
Onun şeirləri talana, sümürgəyə, əmək istismarına, alın təri oğurluğuna qarşı dirənişin, mücadilənin parlaq ifadəsidir.
Neruda, yalnız şeirləri, kitabları ilə deyil, həm də həyatı, əməlləri, siyasi fəaliyyəti ilə bir qələm adamının Şərə qarşı, zülmə qarşı dayanmaq missiyası daşıdığını dünyaya bəyan etmiş gerçək şair, böyük vətəndaş, əsl insandır.
“Əksərən deyildiyi kimi, heç bir şeyi olmayan bir adamın zəncirlərindən başqa itirəcək şeyi yoxdur. Mən hər saniyəmdə həyatımı, şəxsiyyətimi, sahib olduğum hər şeyi, yəni, evimi və kitablarımı riskə atıram. Evim yandırıldı, işgəncə gördüm, bir neçə dəfə həbs edildim, sürgünə göndərildim, ev dustağı oldum, arxama minlərlə polis düşdü. Mən də ”sahib olduqlarımdan narahatam” dedim. Sahib olduğum hər şeyi xalqın mübarizəsi üçün sərf etdim; içində olduğum bu ev iyirmi ildir Kommunist Partiyasına aiddir; məhkəmə qərarıyla təhvil vermişəm. Gəlin görək məni günahlandıranlar da eyni şeyi edə bilərlərmi?” – bu, Nerudanın müsahibələrindən birindən çıxarışdır.
Siz belə bir ədəbiyyatçı dürüstlüyünü, vətəni və xalqı üçün Şərə qarşı belə bir dik, dönməz duruşu, fədakarlığı indi bizə xalq şairi, xalq yazıçısı kimi sırınanların hansı birində təsəvvür edə bilərsiniz?
***
Mənim üçün çox dəyərli olan iki ustadı 12 iyulda doğulmuşkən bir gün öncə, məhz bu gün anmağımın isə özəl səbəbi var.
Bu gündən sağlamlığımla bağlı gələn həftə sonunadək yazılarıma ara vermək məcburiyyətindəyəm.
Mütləq yenidən görüşəcəyik…