Partiya dünən tədbirin keçirilməsi üçün ayrılan mədəniyyət evi ilə müqavilə bağlayıb
“Artıq Səttar Bəhlulzadə adına mədəniyyət evinin rəhbərliyi ilə müqavilə bağlamışıq və yubiley tədbirlərimizə hazırlıqları davam etdiririk”. Bu sözləri “Azadlıq”a AXCP Ali Məclisinin sədri Həsən Kərimov deyib. Qeyd edək ki, AXCP partiyanın Ali Məclisinin və 25 illiyinin keçirilməsinə yer ayrılması üçün Bakı Şəhər Icra Hakimiyyətinə müraciət etmişdi. Meriya iyulun 9-da müraciətə cavab verib. Bəlli olub ki, Bakı Şəhər Icra Hakimiyyəti AXCP-yə tədbirlərini keçirmək üçün Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına mədəniyyət evini ayırıb.
Həsən Kərimov bildirib ki, artıq zala baxış keçirilib: “650 nəfərlik zaldır. Doğrudur, bizim tədbirimizə gələnlərin sayı bundan çox olacaq. Lakin yenə də biz razılışmaq məcburiyyətində qaldıq. Çünki hər bir halda yubileyimizi keçirmək niyyətindəyik”.
AXCP rəsmisi əlavə edib ki, yubiley tədbirlərinə hazırlıqlar yüksək səviyyədə gedir: “Rəyasət Heyətində Təşkilat Komitəsi yaradılıb, bundan başqa partiyanın üzvləri də ciddi iş aparırlar. Tədbirə siyasi partiyalar, diplomatik korpus, media, vətəndaş cəmiyyət institutunun nümayəndələri dəvət ediləcək. Artıq dəvətnamələr hazırdır. Hesab edirəm ki, tədbirimiz yüksək səviyyədə baş tutacaq”.