Zahid Oruc: «Abbas Abbasov onun adıyla bağlı yaranan sualları, mövqeləri zamanında cavablandırmalıdır»
Mehman Əliyev: «Hakimiyyət Abbas Abbasovun öz fəaliyyətini qəbul etmir»
Baş nazirin keçmiş birinci müavini, “AzəRoss” Ağsaqqallar Şurasının sədri Abbas Abbasovun Rusiya Xalqları Assambleyasının toplantısında etdiyi çıxışdan sonra Azərbaycan hakimiyyətinin hədəfinə gələcəyi şübhə doğurmurdu. Elə bu barədə qəzetimizdə də məqalə dərc etmişdik. Qeyd edək ki, Abbas Abbasov toplantıda çıxışı zamanı SSRI-ni “doğma ölkə” adlandıraraq Sovet imperiyasının dağılmasına təəssüf etmişdi. “Biz bir dəfə doğma ölkəmizi dağıtmışıq. Çox təəssüf ki, SSRI adlı evimizi müxtəlif ”milli mənzillərə” böldük. Belə unikal bir ölkə bir də ələ düşməyəcək”, – deyə o, vurğulamışdı. Abbas Abbasov daha sonra bir qədər də irəli gedərək Rusiyada yaşayan azərbaycanlıları bu ölkəni qorumağa çağırmışdı: “Indi hamımızın məqsədi doğma Rusiyamızı qorumaq, onu inkişaf etdirməkdir”.
Hazırda hakimiyyətin nəzarətində olan KİV-lərdə A.Abbasova qarşı sərt təbliğat kampaniyası aparılır. «Abbas Abbasovun maskası cırıldı» və sair bu tipli başlıqlı yazılarda A.Abbasov xəyanatdə suçlanır.
A.Abbasovun hələ “Milyarderlər Ittifaqı” yarananda hakimiyyətin hədəfəinə tuş gəlmişdi. Onun Rusiyada yaşanayan azərbaycanlılarla bağlı fəal iş aparması, Rusiyanın hakim dairəsindən dəstəklənməsi rəsmi Bakını narahat edirdi. Hakimiyyət A.Abbasova olan dəstəyi Rusiyanın mesajı kimi dəyərləndirirdi. Hazırda baş verənlər də Kremlin A.Abbasova növbəti jesti kimi qiymətləndirilir.
Millət vəkili Zahid Oruc hesab edir ki, SSRİ ilə bağlı səslənən fikirlər müəyyən dərəcədə başa düşüləndir. SSRİ-nin tərkibinə daxil olan dövlətlərin təbə və köləliklə yanaşı müəyyən inkişaf yolu da keçdiyini deyən Z.Oruc vurğuladı ki, hazırda SSRİ-ni müstəqil dövlətlərə təhlükə kimi təqdim edəndə yaşlı nəsil bununla barışmır: «SSRİ Çörçülin dili ilə desək «xışla inkişafa başlayan dövlət atom silahı ilə dünyaya təhdid etmə səviyyəsinə gəlib çatmışdı». SSRİ ilə bağlı fikirlər təkcə Abbas Abbasovdan səslənmir. Bir çox yaşlı insanlar o dövrdə yaşamağı özlərinə ağır saymırlar. Amma ğbu fikirlərin hansı kontekstdə səslənməsinə diqqət yetirmək lazımdır. Ona görə düşünürəm ki, Abbas Abbasovun həmin ifadəsinə Rusiyanın bəlli maraqları kontekstində yanaşanlar var. Amma hamı gözəl bilir ki, SSRİ Avropa Birliyi kimi dövlətləri bərabərhüquqlu şəkildə tərkibində birləşdirən, vahid valyutaya sahib təşkilat deyil. Ona görə «biz SSRİ-ni istəyirik» bəyanatını səsləndirənlər keçmiş sovet ərazilərinin yenidən işğalının tərəfdarı kimi görünürlər».
Z.Oruc bu baxımdan düşünür ki, A.Abbasov məsələyə özü aydınlıq gətirməlidir: «Heydər Əliyevin siyasi komandasında mühüm postda çalışmış Abbas Abbasov onun adıyla bağlı yaranan sualları, mövqeləri zamanında cavablandırmalıdır. Əks halda müxtəlif cür mövqelər, reaksiyalar ortada qalır və ictimai rəyə təsir edir. Hamı bilir ki, onun daşıdığı ideyalara, siyasi kursa sədaqəti var».
«Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev isə bildirdi ki, A.Abbasov bundan əvvəl də Rusiya ilə bağlı müəyyən xoş fikirlər səsləndirmişdi: «Abbas Abbasov Azərbaycanın gələcəyinin Rusiya ilə bağlı olduğu fikrini bundan əvvəl də söyləyib. Ona görə də hesab edirəm ki, Abbas Abbasovun söylədikləri bu istiqamətdə olan növbəti açıqlamadır. Amma rəsmi qəzetlərin ona qarşı elan etdiyi kampaniyaya gəlincə isə bu onu göstərir ki, hakimiyyət Rusiya ilə bağlı fikir söyləməyi özələşdirilmiş məsələ sayırlar. Ona görə də hakimiyyət Abbas Abbasovun öz fəaliyyətini qəbul etmir.
Xəyal


