Demokratiya tələblərini Avropaya investisiya yatırmaqla neytrallaşdırmaq cəhdi
Bir neçə gün öncə məlumat yayıldı ki, Azərbaycanın xarici ölkələrdəki səfirləri Bakıya çağırılıb və Ilham Əliyev səfirləri bir yerə yığıb geniş müzakirə keçirəcək. Son günlər hakimiyyətə qarşı beynəlxalq təzyiqlərin artması, Bakıda və Strasburqda Ilham Əliyevin çətin suallarla sınağa çəkilməsi, hakimiyyətin etirazlarına baxmayaraq ATƏT-in Bakı sessiyasında 3 qətnamənin qəbul edilməsi və digər bu kimi məqamlardan sonra səfirlərin ölkəyə çağırılması maraq doğururdu. Həqiqətən də iyulun 7-də Xarici Işlər Nazirliyində Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin 5-ci müşavirəsi keçirildi və Ilham Əliyev geniş nitq söylədi.
Ölkə başçısı iqtisadi inkişafdan, ölkəmizin ərazi bütövlüyündən, güclü ordumuzdan, daxili və xarici siyasətin uğurlarından, Azərbaycanın dünyada etibarlı portnyor olmasından geniş danışdı və həmişə eşitdiyimiz “həqiqət”ləri bir daha diqqətimizə çatdırdı.
Təbii ki, xarici ölkələrdəki səfirlər bu “YAP nağılı”nı eşitmək üçün ölkəyə çağırılmamışdı və onlar da prezidentin sözünün “mustafa”sını eşitmək istəyirdilər.
Ilham Əliyev də çıxışının sonunda bu toplantının əsl məqsədini bildirdi və həm də yaranmış çətin vəziyyəti etiraf etmiş oldu.
“Bir daha demək istəyirəm ki, bu gün xaricdə investisiyalara çox böyük ehtiyac vardır. Siz də yaxşı bilirsiniz ki, bəzi Avropa ölkələrinin böhrandan çıxmaq üçün əsas siyasət istiqamətləri investisiyaları çoxaltmaqdır. Amma nəyin hesabına? Əgər daxili resurs yoxdursa, nəyin hesabına investisiyaları yönəltmək mümkündür? Ancaq xarici investisiyaların hesabına. Xarici investorların əksəriyyəti, – hər halda bizim təcrübəmiz onu göstərir, – Qərb ölkələridir. Orada indi böhran yaşanır. Ona görə investisiya imkanları olan ölkələrə indi çox böyük maraq vardır. Azərbaycan da o ölkələrdəndir. Ona görə hesab edirəm ki, bizim iqtisadi diplomatiyamız da çox fəal olmalıdır. Ilk növbədə Azərbaycan investisiyalarını xarici ölkələrə yönəltmək lazımdır. Əslində bu, siyasətimizin tərkib hissəsidir. Ona görə də xarici bazarlara investisiyalarımızı çıxarmaq çox önəmlidir”- deyə Ilham Əliyev bildirib.
Bu fikirlər ilk baxışdan qulağa xoş gəlir və bunu müsbət addım kimi qiymətləndirmək olar. Ancaq “qazan”ın içinə nəzər salanda, nələrin “biş”diyini aydın görmək olur.
Belə ki, Ilham Əliyev ilk dəfə olaraq Qərbin kəskin və ardıcıl təzyiqləri ilə üzləşdi. Ilk dəfə olaraq müxtəlif ölkələrin deputatları Azərbaycandakı real vəziyyəti açıq ifadə etdilər və Ilham Əliyevi islahatlara səslədilər. Yəni artıq elə bir situasiya yetişib ki, dünyanı yalanlarla aldatmaq mümkün deyil.
Belə bir məqamda Ilham Əliyev çıxış yolunu Qərb ölkələrinə investisiya yatırmaqda görür. Bu hakimiyyət üçün pul müqəddəs dəyər olduğundan, bu dəfə Qərbi böyük pullarla ram etmək istəyirlər.
Ona görə də Ilham Əliyev səfirlərə başa salmaq istəyir ki, maliyyə böhranı ilə üzləşmiş Avropa ölkələrinə böyük pullar təklif etməklə bazarlığa getmək olar. Təbii ki, bu ölkələrin hamısı ilə müsbət nəticə əldə etmək mümkün olmayacaq. Ancaq müəyyən sayda ölkələrə cazibəli təkliflər edib, təzyiqləri zərərsizləşdirmək mümükündür.
Digər tərəfdən, hakimiyyətin pul problemi yoxdur və avtoritar mahiyyətini qoruyub saxlamaq üçün istənilən qədər xərcləməyə hazırdır.
Nəticə onu göstərir ki, beynəlxalq təzyiqlərdən, yalanların ifşasından sonra hakimiyyət yenə də ümidini itirməyib və son şansı da dəyərləndirmək istəyir.
Yəni Əliyevin nəzərdə tutduğu iqtisadi diplomatiya dövlətin güclənməsinə yox, hakimiyyətə qarşı təzyiqlərin azaldılmasınıa xidmət edir.
Bir sözlə, səfirləri Bakıya çağırdılar ki, fəaliyyət göstərdikləri ölkələrə “nəmər” aparsınlar.
Bunu demokratiyadan qaçışın son mərhələsi də adlandırmaq olar.
Ilham