Salyanın rəhbəri Tahir Kərimov barədə ilginc faktlar
Hakimiyyətə yaxınlığı ilə seçilən “Olaylar” qəzetində Salyanın icra başçısı Tahir Kərimov barədə ilginc faktlar yer alıb. Icra başçısına həsr olunmuş tənqidi materialdan bəzi hissələri təqdim edirik: “Ilham Əliyevin müvafiq sərəncamı ilə Salyan rayonuna icra hakimiyyəti başçısı təyin edilən gündən rayonu sözün əsl mənasında çapıb talayan Tahir Kərimov indi də onun bu əməllərini açıb ictimaiyyətə təqdim edən şəxsləri şərləyərək həbs etdirməklə məşğuldur.
Son günlərdə hüquq müdafiəçisi Emil Məmmədov ətrafında baş verənlər bunu bir daha sübut edir. Hüquq müdafiəçisi Emil Məmmədovun həbs olunması ilə əlaqədar rayon ictimaiyyətinin 350 nəfər nümayəndəsinin KIV-lərə ünvanladığı müraciətdən, eləcə də Emil Məmmədovun həyat yoldaşının mətbuata verdiyi müsahibədən məlum olur ki, hüquq müdafiəçisinin həbsi məhz rayon icra hakimiyyətinin başçısı Tahir Kərimovun sifarişi əsasında baş tutub. Onların Emil Məmmədovun həbsinin motivləri ilə bağlı gətirdikləri arqumentlər və faktlar da sübut edir ki, rayon ictimaiyyəti öz qənaətində haqlıdır. Rayonda tuğyan edən rüşvətxorluğa qarşı mübarizə aparan, bu barədə ölkə mətbuatına və aidiyyatı üzrə dövlət orqanlarına mütəmadi məlumat verən, rayon sakinlərinin pozulmuş hüquqlarının bərpası uğrunda çalışan hüquq müdafiəçisinin iki idarə müdirinin ərizəsi əsasında həbs olunması deyilənlərin həqiqət olduğuna inam yaradır…
Redaksiyaya daxil olan məlumatlardan aydın olur ki, Tahir Kərimov bütün bunlardan nəticə çıxarmaq, öz işinə məsuliyyətlə yanaşmaqdan daha çox cılız mübarizə vasitələrindən istifadə edərək xoşuna gəlməyən insanları cəzalandırmaqla məşğuldur. Belə ki, bir müddət əvvəl Tahir Kərimov Salyan rayon Xalac kənd musuqi məktəbinin direktorunu heç bir ciddi əsas olmadan işdən çıxarıb. Icra hakimiyyətinin başçısı direktordan işdən çıxmaq barədə ərizə yazmağı tələb edib. Maraqlıdır ki, Tahir Kərimov bu hərəkətinə öz aləmində haqq qazandıra da bilib. Icra başçısı guya bunu Xalac kəndində musiqinin lazımı səviyyədə tədris olunmaması ilə əlaqələndirib və musiqinin qayğısına qaldığını göstərmək istəyib. Lakin yerli əhali icra hakimiyyəti başçısının bu cür hərəkətlərinin arxasında hansı çirkin məqsədlərin dayandığını çox yaxşı bilir. Belə ki, icra hakimiyyətinin başçısı musuqi məktəbinin direktoruna rayonun mərkəzi küçələrindən birini təmir etmək tapşırığını verib. Məktəb direktorunun bunu etməyə maddi imkanı çatmayacağını bildirdikdə isə Tahir Kərimov ənənəvi cəza maşınını işə salaraq direktordan işdən çıxmaq barədə ərizə yazmağı tələb edib”.


