Yarımfinal cütlükləri: tarix nə göstərir?

Braziliyada keçirilən 20-ci dünya futbol çempionatının yarımfinalında Braziliya Almaniya ilə, Hollandiya Argentina ilə üz-üzə gələcək. Futbol icmalçısı Rasim Mövsümzadə “Media forum” saytına açıqlamasında tarixə nəzər salıb:

– Braziliya və Almaniya milli komandaları dünya çempionatlarında ən çox oyun keçirən komandalar olsalar da (müvafiq olaraq 102 və 104 oyun), özləri cəmi bir dəfə qarşılaşıblar. Bu, DÇ-2002-nin finalında olub və o vaxt braziliyalılar 2:0 hesabıyla qalib gələrək 5-ci dəfə dünya çempionu olublar.

Ümumiyyətlə, rəqiblər indiyə kimi 21 görüş keçiriblər ki, onlardan da üçü DÇ-2002-dən sonraya təsadüf edir. 2004-cü ildə Berlində 1:1 hesablı heç-heçə qeydə alınıb, 2005-ci ildə Nürnberqdə braziliyalılar, 2011-ci ildə Ştutqartda isə almanlar 3:2 hesabıyla qalib gəliblər.

Braziliya millisində cəza səbəbindən kapitan Tyaqo Silvanın, həmçinin zədələnən hücumçu Neymarın Almaniya ilə qarşılaşmada oynamayacaqlarını da xatırladaq.

Argentina və Hollandiya komandaları indiyə kimi dördü dünya çempionatlarında olmaqla 8 dəfə qarşılaşıblar. Bu oyunlarda hollandların aşkar üstünlüyü var: 4 qələbə, 3 heç-heçə və sadəcə 1 məğlubiyyət.

Hollandiya milli komandası argentinalılara DÇ-1974-ün ikinci qrup mərhələsində 4:0, DÇ-1998-in 1/4 finalında 2:1 hesabıyla qalib gəlib. Argentina isə yalnız DÇ-1978-in finalında, özü də əlavə vaxtda 3:1 hesabıyla qələbə qazanıb. Rəqiblərin DÇ-2006-nın qrup mərhələsində baş tutan son oyunu qolsuz bərabərliklə başa çatıb – 0:0.